4 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Veçeslav İonitse: “Moldova Azərbaycana etibarlı tərəfdaş kimi arxalanır” MÜSAHİBƏ

Bu yaxınlarda Bakıda Azərbaycan Respublikası və Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib. Görüşdə Moldova ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sektorda əlaqələrin dinamik inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair geniş müzakirələr aparılıb.  İqtisadçı ekspert, Moldova parlamentinin keçmiş deputatı Veçeslav İonitse “vergiler.az”ın Moldova-Azərbaycan münasibətlərinə dair suallarını cavablandırıb:

- Azərbaycan-Moldova iqtisadi əlaqələrinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? İnvestisiya layihələrinin birgə həyata keçirilməsi sahəsində hansı imkanlar var?

- Azərbaycan Moldova ilə həmişə dost ölkə olub. Əvvəllər Moldova daha çox Rusiya, Belarus, Qazaxıstan və Avropa İttifaqına diqqət yetirirdi. İndi Azərbaycan Moldova üçün xüsusi əhəmiyyət kəsb edir.
Hələ 2000-ci illərdə Moldova enerji təhlükəsizliyinə nail olmaq istəyirdi, sonra biz liman terminalının tikintisi kimi böyük layihəyə başladıq. Bununla belə, bəzi çətinliklərimiz oldu və bilirsinizmi bizə ilk yardım edən kim idi? Azərbaycan. Moldova Azərbaycanın timsalında özünün enerji təhlükəsizliyinin təmin olunmasını və enerji şaxələndirilməsini görür. Bu, həm neft, həm də qaz sahəsinə aiddir.
Biz neft məhsulları baxımından bazar yaratmışıq və az-çox rəqabət var, qazla bağlı isə çox böyük çətinliklər yaşayırıq. Elektrik enerjisi baxımından da 100 faiz asılıyıq, çünki bu sahədə də qaza böyük tələbatımız var.

- Moldovanın Baş naziri Nataliya Qavrilitsanın Azərbaycana səfəri ölkələr arasında əməkdaşlığın inkişafına necə təsir edəcək?

- Əvvəlcə Moldova Baş nazirinin müavini, sonra isə Baş nazirin Azərbaycana səfəri Kişinyovun Bakı ilə əməkdaşlığı genişləndirmək məqsədini bir daha sübut edir. Azərbaycan da Moldova ilə əlaqələrə böyük əhəmiyyət verir və ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün potensial mövcuddur. Bundan əlavə, ölkələrimiz arasında investisiya, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Moldova çalışır ki, Azərbaycanın enerji resurslarından istifadə etmək, eyni zamanda, məhsullarımızı Bakıya ixrac etmək yolları tapsın, beləliklə, ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir. Bu halda təkcə Moldova deyil, həm də Azərbaycan udacaq, çünki onun yeni bazarı olacaq. Beləliklə, inanıram ki, Baş nazirin Bakıya səfəri bizim enerji problemimizin həlli istiqamətində mühüm siqnal olacaq. Əhəmiyyətli sistem dəyişiklikləri, eləcə də milli və regional düşüncədə real dəyişikliklər etmək üçün Moldova faktiki olaraq dövlət və özəl sektorlar arasında rəqəmsal körpülər qurur. Biz hər zaman azərbaycanlı investorları qarşılamağa və bu yolu birgə addımlamağa hazırıq.

Moldova Azərbaycanın timsalında özünün enerji təhlükəsizliyinin təmin
olunmasını və enerji şaxələndirilməsini görür. Bu, həm neft, həm də qaz sahəsinə aiddir.

- Səfər zamanı Moldovanın Azərbaycanla enerji əməkdaşlığının gücləndirilməsində maraqlı olduğu bildirilib. Azərbaycan təbii qazının Moldovaya nəqli imkanlarını necə qiymətləndirirsiniz?

- Mən həqiqətən ümid edirəm ki, bu əməkdaşlıq həyata keçiriləcək, bunun sayəsində Azərbaycan Şərqi Avropanın iqtisadiyyatına inteqrasiya olunacaq. Bundan əvvəl Moldova Azərbaycandan qaz idxalında maraqlı olduğunu bildirib. Oktyabrın 1-dən "Qazprom" Moldovaya verdiyi qazın həcmini 30% - sutkada 8 milyondan 5,7 milyon kubmetrə qədər azaldıb. Moldova LNG layihələrini təkbaşına yaratmayacaq, lakin bu, Rumıniya və Azərbaycanla əməkdaşlıq sayəsində mümkündür.

Azərbaycanın həm ənənəvi enerji resursları, həm də alternativ enerji üçün böyük potensialı var. Azərbaycan enerji təchizatının şaxələndirilməsi baxımından Moldovanın əsas tərəfdaşıdır. Hazırda Moldova 2 aylıq tədarükünü təmin etmək məqsədilə qaz anbarlarını doldurmaq üçün tərəfdaşlar axtarır.

Moldova enerji resurslarının alınması üçün müqavilələr bağlamaq, enerji və kənd təsərrüfatı sektorlarında birgə layihələr həyata keçirmək istəyir. Bizim prioritetimiz enerji sektorunun davamlılığını artırmaq və Moldovada ərzaq təhlükəsizliyini təmin etməkdir.

Moldova da uzunmüddətli tərəfdaşlar axtarır və bu mənada Azərbaycana etibarlı tərəfdaş kimi arxalanır, bu gün Azərbaycan qazına böyük tələbat var. Biz Avropa İttifaqının Azərbaycan qazına olan marağını diqqətlə izləyirik.

Moldova çalışır ki, Azərbaycanın enerji resurslarından istifadə etmək, eyni
zamanda, məhsullarımızı Bakıya ixrac etmək yolları tapsın, beləliklə,
ikitərəfli əməkdaşlıq əlaqələri genişlənir. Bu halda təkcə Moldova deyil,
həm də Azərbaycan udacaq, çünki onun yeni bazarı olacaq.

- Hər iki ölkə ticarətin həcmini artırmaq üçün hansı tədbirləri görür?

- Əgər biz enerji layihələrini həyata keçirə bilsək, bu, iqtisadi əlaqələrin inkişafına ciddi təkan verəcək. Eyni zamanda, bizim kənd təsərrüfatı və əczaçılıq məhsulları ixracımız üstünlük təşkil edir ki, bu da Azərbaycan üçün maraqlı ola bilər. Bundan əlavə, Moldovada şərab sənayesi yüksək səviyyədə inkişaf edib. Azərbaycanda müxtəlif sahələrdə 30-a yaxın Moldova şirkəti fəaliyyət göstərir. Ticarət və investisiya əlaqələri Azərbaycan-Moldova əməkdaşlığının əsas istiqamətlərindən biridir. Biz ikitərəfli ticarətin artmasına hərtərəfli kömək etmək niyyətindəyik.

Digər mühüm sahə investisiya layihələrinin birgə həyata keçirilməsidir. Son zamanlar yeni sahələri əhatə edən aqrar sahədə yaxşı əməkdaşlığımız var. Moldova mütəxəssisləri azərbaycanlı həmkarlarına üzümçülüyün və şərabçılığın inkişafında uğurla kömək edirlər. Biz Moldovaya mineral gübrələrin tədarükünü artırmaqda maraqlıyıq. Və təbii ki, Moldova və Azərbaycan xalqları arasında ənənəvi sıx və dostluq əlaqələri kontekstində mədəniyyət, turizm və humanitar sahələrdə əlaqələrimizi daha da dərinləşdirməyə ümid edirik.

Moldova da uzunmüddətli tərəfdaşlar axtarır və bu mənada Azərbaycana
etibarlı tərəfdaş kimi arxalanır, bu gün Azərbaycan qazına böyük tələbat
var. Biz Avropa İttifaqının Azərbaycan qazına olan marağını diqqətlə izləyirik.

- Baş nazir Nataliya Qavrilitsa qeyd edib ki, Moldova kənd təsərrüfatı sektorunu inkişaf etdirmək üçün investorlar axtarır. Ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq hansı istiqamətdə inkişaf edə bilər?

- Buraya ilk növbədə su təchizatı daxildir, bizdə bu sahəyə qoyulan investisiyaların həcmi ən azı 500 milyon dollardır. Bundan əlavə, biz heyvandarlıq və bağçılıq sahəsini yaxşılaşdırmaq niyyətindəyik. Moldova taxıl məhsullarının böyük ixracatçısıdır. Moldova Azərbaycanla nəqliyyat əməliyyatlarını artırıb. Logistikadakı fasilələrlə bağlı mövcud problemlərlə üzləşən iş adamları bundan çox faydalana bilərlər. Daha öncə qeyd etdiyim kimi, Azərbaycan və Moldova dost və tərəfdaşdırlar. Əminəm ki, biz növbəti illərdə əməkdaşlığımızı intensivləşdirməyə çalışacağıq, çünki bu cür yaxşı siyasi əlaqələrlə yanaşı, digər sahələrdə də imkanları mütləq araşdırmalıyıq.

- İqlim dəyişikliyi fonunda Azərbaycanla Moldova arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanlarını necə görürsünüz?

- Bu kontekstdə mən iki sahəyə diqqət yetirərdim. Birincisi, özəl və dövlət sektorunun enerjiyə qənaətinə investisiyalar, ikinci istiqamət isə külək enerjisi istehsalıdır.

- Bu yaxınlarda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İGB) işə salınması mərasimi keçirilib və bu interkonnektor vasitəsilə Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Bu interkonnektorun imkanlarını necə qiymətləndirirsiniz?

- Ölkəmiz tranzitini itirdiyi üçün biz əvvəlcə buna mənfi baxırdıq. Amma bu gün bu, Moldova üçün ən yaxşı həlldir, çünki bizim enerji şaxələndirməmiz Bolqarıstan və Rumıniyadan keçə bilər ki, bu da Azərbaycanla əməkdaşlıq imkanlarının başqa bir yoludur.

Tamilla MƏMMƏDOVA

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması