5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nuriyyə Novruzova: “Şəffaflığı təmin etmək üçün peşəkar mühasib və maliyyə menecerlərinə ehtiyac var” MÜSAHİBƏ

Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM) Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən fəaliyyət göstərən peşəkar mühasib təşkilatı kimi tanınır. Bu yaxınlarda 15 yaşını qeyd edən Assosiasiyanın rəhbəri Nuriyyə Novruzova indiyədək görülən işlər, əldə olunan uğurlar, eləcə də gələcək planlar barədə “vergiler.az”ın suallarını cavablandırıb:

- Nuriyyə xanım, rəhbərlik etdiyiniz qurum bu illər ərzində nələrə nail olub?

- Azərbaycanın Professional Maliyyə Menecerləri Assosiasiyası təsis edildiyi 2007-ci ildən etibarən beynəlxalq standartlara uyğun peşəkar mühasib və maliyyəçilərin hazırlanması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi istiqamətində beynəlxalq akkreditasiyalara malik peşəkar qurum kimi fəaliyyət göstərir və 2019-cu ildən Maliyyə Nazirliyinin akkreditasiyasına əsasən peşəkar mühasib təşkilatıdır.
"Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2018-ci il 4 may tarixli Qanunun tətbiqi ilə bağlı peşəkar mühasib təşkilatı kimi APFM tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bu gün baş mühasiblərin peşəkar mühasib təşkilatına üzv olması qanunvericiliyin tələbidir və bu səbəbdən üzvlərimizin sayı artmaqdadır. Hazırda təşkilatın, - peşəkar mühasib üzvlər də daxil olmaqla, - 1000-ə yaxın fərdi, 20 korporativ üzvü var. APFM Böyük Britaniyanın Sertifikatlı Maliyyə Menecerləri İnstitutunun Azərbaycanda rəsmi nümayəndəsi kimi fəaliyyət göstərir, beynəlxalq kvalifikasiyalar üzrə təlimlər və imtahanlar təşkil edir. 2007-ci ildən bəri bu təlimlərdə 2000-ə yaxın mütəxəssis iştirak edib, imtahanlarda uğur qazanmış dinləyicilər maliyyə menecmenti, daxili audit, HR-menecment, beynəlxalq mühasibat uçotu və MHBS üzrə beynəlxalq diplomlar əldə ediblər. Qanunvericiliyin tələbinə əsasən, baş mühasiblərin peşəkar mühasib sertifikatının (PMS) əldə etməsinin zəruriliyi apardığımız maarifləndirici tədbirlərin əhəmiyyətini daha da ön plana çəkir və hazırda APFM-də PMS imtahanlarına hazırlıq üzrə təlimlər yüksək səviyyədə peşəkar mütəxəssislər tərəfindən aparılır.

2013-cü ildən başlayaraq Assosiasiyanın təsis etdiyi “Finansist” jurnalı vətəndaşların iqtisadi biliklərinin artmasında mühüm rol oynayır. Bu günlərdə Auditorlar Palatası ilə imzaladığımız niyyət protokolunun əsas məqsədi mühasiblər və auditorlar üçün beynəlxalq standartların tələbinə müvafiq olaraq davamlı inkişafı təmin etmək üçün yeni CPD proqramlarının işlənib hazırlanması və təkmilləşdirilməsi, yeniliklərin tətbiqi, birgə təlimlərin və beynəlxalq sertifikatlaşdırmanın həyata keçirilməsidir. Yeni proqram kimi, mühasiblər və auditorlar üçün etika standartlarının tədrisi proqramı da hazırlıq prosesindədir.

Bu gün baş mühasiblərin peşəkar mühasib təşkilatına üzv olması qanunvericiliyin
tələbidir və bu səbəbdən üzvlərimizin sayı artmaqdadır. Hazırda təşkilatın, -
peşəkar mühasib üzvlər də daxil olmaqla, - 1000-ə yaxın fərdi, 20 korporativ üzvü var.

- APFM həm də Avropanın Mühasiblər və Auditorlar Federasiyası (EFAA) ilə əməkdaşlıq edir. Bu əməkdaşlığın əhəmiyyəti nədir?

- Biz 2016-cı ildən Avropanın Mühasiblər və Auditorlar Federasiyasının üzvüyük. Avropanın 320 minədək mühasib və auditorunu cəmləşdirən bu nüfuzlu təşkilata üzv olmaq bizə beynəlxalq təcrübənin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün əlverişli imkanlar açır. APFM Mühasiblərin və Auditorların Avrasiya Forumunun Azərbaycanda rəsmi nümayəndəsidir və bu günədək 7 beynəlxalq forumun keçirilməsinə nail olmuşuq. Hər iki ildən bir təşkil olunan sonuncu forum ötən il Naxçıvan şəhərində keçirilib, növbəti tədbirin isə gələn ilin oktyabr ayında Bakıda gerçəkləşdirilməsi planlaşdırılır. Bu forumlar müxtəlif ölkələrin nümayəndələri ilə silsilə görüşlər, təcrübə mübadiləsi və nəhayət, beynəlxalq aləmdə iqtisadiyyat, maliyyə, mühasibat uçotu və auditi sahəsində baş verən yeniliklərlə tanışlıq baxımından yüksək qiymətləndirilir.

- Sizcə, bu gün Azərbaycanın maliyyə menecmentində hansı təcrübələrə ehtiyac duyulur?

- Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) tələblərinə uyğun tətbiq olunan CPD-Davamlı Peşəkar İnkişaf proqramları bu sahə üzrə mütəxəssislərin şəxsi bacarıq və biliklərinin artırılmasına yönəlmiş vahid yanaşmadır. Xarici ölkələrdə bu proqramlar qanunvericilik səviyyəsində tənzimlənir və müvafiq peşəkar mühasib və audit təşkilatları tərəfindən üzvləri üçün tətbiq olunur. Düşünürəm ki, belə bir təcrübənin qanunvericilik çərçivəsində Azərbaycanda da tətbiq olunması mühasiblərimizin iş yerindəki performansı və gələcək karyera perspektivlərini artırmaq üçün bacarıq və səriştələrinin daha da təkmilləşdirilməsi, mövcud biliklərinin yenilənməsi baxımından çox vacibdir.

- Azərbaycanda fəaliyyət göstərən mühasiblər və maliyyə menecerləri üçün aktual məsələlər hansılardır?

- İqtisadiyyatın rəqəmsallaşdırılması yolu ilə maliyyə idarəçiliyi prosesinin təkmilləşdirilməsi günümüzün əsas vəzifələrindən biridir. Bu vəzifələrin həlli və gələcəyə inteqrasiya üçün, eləcə də müəssisənin maliyyə resurslarının düzgün və səmərəli istifadəsini və idarə olunmasını, hesabatlarda şəffaflığı təmin etmək üçün peşəkar mühasiblərə və maliyyə menecerlərinə böyük ehtiyac var. Mühasiblər və maliyyə menecerləri üçün beynəlxalq sertifikatların, peşəkar mühasib sertifikatının əldə olunması və peşəkar mühasib təşkilatlarına üzv olması vacibdir. Qanunvericiliyin tələbinə uyğun olaraq mühasiblərin peşəkarlıq səviyyəsinin artırılması mühüm vəzifə kimi qoyulub.

- Ötən 15 ilə nəzər saldıqda maliyyə menecerlərinin hazırlıq səviyyəsində nələrin dəyişdiyini müşahidə edirsiniz?

- İlk vaxtlar peşəkar maliyyəçilərin hazırlığına başlayanda Azərbaycanda bu sahədə mütəxəssis çox az idi və biz xarici ölkələrdən mütəxəssisləri dəvət edirdik. Müəyyən müddət təcrübə topladıqdan sonra öz təlimçilərimizi hazırlamağa qərar verdik. Təlimlərdə bilik və bacarığı ilə seçilən və imtahanlarda yüksək nəticələr göstərib beynəlxalq sertifikatlar əldə edən namizədlər sonradan təlimçi kimi fəaliyyətə başladılar. Artıq böyük təcrübəyə malik həmin şəxslər indi beynəlxalq standartlara keçidi təmin etmək üçün təlimlər keçirir və mühasibləri PMS imtahanlarına hazırlayır. Bu gün APFM mükəmməl təşkilati struktura və təcrübəli mütəxəssislər bazasına malikdir. Ekspertlərimiz, həmçinin, beynəlxalq ekspert qruplarında təmsil olunur.

Mühasiblər və maliyyə menecerləri üçün beynəlxalq sertifikatların, peşəkar mühasib
sertifikatının əldə olunması və peşəkar mühasib təşkilatlarına üzv olması vacibdir.

- Bəs sahibkarlarla münasibətləriniz necədir? Peşəkar mühasiblərə ehtiyacı olan biznes nümayəndələri ilə əməkdaşlıq hansı formada qurulub?

- İctimai əhəmiyyətli qurumlarla, şirkətlərlə əməkdaşlığımız hər zaman mövcuddur. Onların mühasibləri üçün təlimlər təşkil olunur, Assosiasiyaya üzv olduqdan sonra isə həmin şəxslər mütəmadi olaraq il ərzində ödənişsiz əsaslarla treninqlərdə, təlimlərdə iştirak edirlər. Bütün sahibkarlıq subyektləri təşkilatımıza korporativ üzv ola və üzvlük proqramından faydalana bilərlər. Şirkətin əməkdaşları “Finansist” jurnalında müxtəlif səpkili məqalələr çap etdirir, öz fikirlərini həmkarları ilə bölüşürlər. Qeyd edim ki, jurnalımızda qanunvericilik, vergilər, beynəlxalq təcrübə, maliyyə menecmenti, HR menecmenti, risklərin idarə olunması, peşəkar müsahibələr və s. maraqlı rubrikalar aparılır ki, bu da respublikamızda təcrübəli mütəxəssislərin beynəlxalq səviyyədə hazırlanması istiqamətində aparılan maarifləndirmə işlərinin uğurla davam etdirilməsinə böyük bir töhfədir. Bundan başqa, şirkətlər və onların əməkdaşları Assosiasiya tərəfindən təşkil olunan beynəlxalq tədbirlərdə iştirak etmək imkanları əldə edirlər.

- APFM-nin təşkil etdiyi kurslarda dinləyicilər daha çox nəyi öyrənmək istəyirlər?

- Mühasiblər, ilk növbədə, MHBS və vergi qanunvericiliyi ilə bağlı treninq və təlimlərə maraq göstərir, PMS imtahanlarına hazırlıq təlimlərində iştirak etməyə üstünlük verirlər. Lakin son müşahidələrimiz göstərir ki, peşəkar mühasiblər təkcə PMS sertifikatı ilə kifayətlənmir, maliyyə menecmenti, idarəetmə, daxili audit və etika kimi sahələr üzrə biliklərini artırmaq istəyirlər.

- Bu gün maliyyə menecerlərindən daha çox nə tələb olunur?

- Mən bu suala cavab olaraq möhtərəm Prezident İlham Əliyevin fikirlərini səsləndirmək istərdim: “Bizim bütün maliyyə sistemimiz şəffaf olmalıdır. Bütün biznes strukturları şəffaf olmalıdır. Biznes strukturları başa düşməlidirlər ki, əgər onlar dünya iqtisadiyyatına inteqrasiya etmək istəyirlərsə, öz biznesini böyütmək və xarici bazarlara çıxmaq istəyirlərsə, - mən görürəm ki, bu var, - onlar mütləq və mütləq dünya praktikasını tətbiq etməlidirlər. Onlar beynəlxalq auditə məruz qalmalıdırlar, bütün mühasibat sistemini müasir səviyyəyə qaldırmalıdırlar. Bütün pul əməliyyatları şəffaf olmalıdır. Belə olmasa, onları dünya biznes məkanında heç kim qəbul etməyəcəkdir”.

Deməli, bu gün maliyyə resurslarından düzgün istifadə edə bilən, şəffaflığın qorunmasını, müəssisədə optimallaşmanın həll olunmasını, xərclərə nəzarəti təmin etməyi bacara bilən, müasir biliklərə malik, savadlı, peşəkar maliyyəçilər tələb olunur. Bu prosesdə APFM ailəsi, - peşəkarları birləşdirən məkan olaraq, - hər zaman mütəxəssislərimizə dəstək olmağa hazırdır.

Fərqanə ALLAHVERDİQIZI

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması