13 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gülnar İsayeva: “Uğur yolu” dəyərləndirilməli olan unikal fürsətlərdən biridir” UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin Xarici ölkələrin vergi inzibatçılığının araşdırılması şöbəsinin rəisi Gülnar İsayeva müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”la bölüşüb.

G.İsayeva Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupu - Maliyyə fakültəsində bakalavr və həmin universitetin Biznesin idarəedilməsi (MBA) fakültəsində magistr təhsili alıb. Müsahibimiz 9 ildir ki, vergi orqanlarında çalışır.

“Müvəffəqiyyətli işçi karyera planlarının müsabiqə hesabına reallaşdırılmasına əlavə fürsət kimi baxa bilər”

Gülnar İsayeva “Uğur yolu”nu insanın bilik və bacarıqlarının, zamanla yiyələndiyi təcrübənin sınaqdan keçirilməsinə imkan verən, müxtəlif təlimlərə, fərdi inkişaf proqramlarına cəlb olunma və İqtisadiyyat Nazirliyinin rəhbərləri ilə mentorluq proqramında iştirak etmək şansı yaradan bir fürsət kimi dəyərləndirir. Müsahibimizin fikrincə, illərlə qazandığımız bilikləri zaman-zaman sınamaqdan çəkinməməli, uğursuzluqlara yenilməməli və bacarıqlarımızın müxtəlif üsullarla (test üsulu, ekspertin mülahizəsi və s.) qiymətləndirilməsinə açıq olmalıyıq: “Amerikalı alim Piter Ferdinand Drukerin də qeyd etdiyi kimi, bilik daim təkmilləşdirilməli, sınaqdan keçirilməli və artırılmalıdır. Əks təqdirdə, o, yox olur. Bu baxımdan, bilik və bacarıqlarının daim təkmilləşdirilməsini istəyən, onları sınamağa hazır olan hər bir gənc üçün “Uğur yolu” dəyərləndirilməli olan unikal fürsətlərdən biridir”.

"Amerikalı alim Piter Ferdinand Drukerin də qeyd etdiyi kimi, bilik daim
təkmilləşdirilməli, sınaqdan keçirilməli və artırılmalıdır. Əks təqdirdə, o, yox olur".

Qalib əlavə edir ki, karyeranın inkişafına ilk növbədə müəyyən şəxşi keyfiyyətlər təsir edir. Müsabiqə isə həmin şəxsi keyfiyyətlərin üzə çıxarılmasına şərait yaradır: “Bu baxımdan, ümumi karyera məqsədləri və planları olan müvəffəqiyyətli işçi dəqiq məqsədlərinin, karyera inkişafı üçün hazırladığı planlarının müsabiqənin yaratdığı imkanlar hesabına reallaşdırılmasına əlavə fürsət kimi baxa bilər. Çünki o, artıq hansı alətlərlə, hansı ardıcıllıqla öz bilik, bacarıq və şəxşi keyfiyyətlərini artıracağını, gücləndirəcəyini bilir. Müsabiqənin inkişaf proqramına daxil olan müxtəlif təlimlər, kouçinq sessiyaları, idarəçi rəhbərlərlə mentorluq proqramı karyeranın qeyd edilən istiqamətlər üzrə inkişafına təkan verməkdə böyük rol oynayacaq. Digər tərəfdən, müsabiqənin gedişatı zamanı iştirakçılarla aparılan açıq müzakirələrdə bilik və bacarıqların mübadiləsi onların artırılmasına təkan verməklə yanaşı, bilik və bacarıqların bir neçə səriştə (strateji düşünməyə, nəticəyə yönəlməyə, məsələyə makro baxmağa, fikirləri aydın ifadə etməyə və qrup işlərində komanda yoldaşlarını inandırmağa və s.) üzrə nümayiş etdirilməsinə, əskik cəhətləri və inkişaf etdirilməli yönləri görməyə imkan verir”.

“Məntiqi düşüncəyə, riyazi biliklərə sahib olmaq kifayət etmirdi”

“Uğur yolu”nun fərdi testlər və komanda daxilində biznes tapşırıqların həlli əsasında təşkil olunduğunu söyləyən iştirakçının sözlərinə görə, müsabiqənin testlər hissəsində müəyyən səviyyədə məntiqi düşüncə, riyazi biliklər tələb olunsa da, digər mərhələlərdə yalnız bu biliklərə sahib olmaq kifayət etmirdi: “Əsasən də komandada işləmək və fərdi tapşırıqları yerinə yetirmək bir neçə səriştənin vəhdət şəklində nümayişini zəruri edir. Bu baxımdan, müsabiqədə iştirak etmək istəyən namizədin fikirlərini səlis ifadə etmə, analitik düşünmə, məlumatları sistemli təhlil etmə və verilən tapşırıqlarda böyük mənzərəni görmə qabiliyyətinə malik olması çox vacibdir”.

G.İsayeva hesab edir ki, müsabiqənin test mərhələsində hər bir sualın həllinə fərqli aralıqda zamanın təyin edilməsi hesabına zamanla yarışma həyəcanının yaşanması və suallara keçidin kamera müşahidəsi əsasında olması, fərdi biznes tapşırıqlarında isə fərqli düşüncəli insanlarla ünsiyyətdə olaraq bir-birindən maraqlı fikirlər dinləmək müsabiqənin maraqlı məqamlarından idi. “Uğur yolu”nun final mərhələsinin sonuncu günündə iqtisadiyyat naziri və digər rəhbər şəxslərin qarşısında fərdi qaydada çıxış etmək, qısa zamanda hazırlanmış təqdimatın hissələrinə məntiqi ardıcıllıqla keçid etmək və ən əsası, auditoriyaya fikirləri səlis şəkildə çatdırmaq başqa bir təcrübə, məsuliyyət və həyəcan idi: “Müsabiqənin yekun nəticəsi bir iştirakçının bilik və bacarıqlar üzrə digərindən zəif və ya güclü olduğunu göstərə bilirsə, bərabər nəticələr yaratmırsa, demək, artıq rəqabət mövcuddur. Yəni yolun sonunda səni digərlərindən fərqləndirən bir qiymətləndirmə meyarı (qalib, finalçı, yarımfinalçı) varsa, onda sən o yola girdiyin andan rəqabətin içindəsən. Hətta belə bir məqamı qeyd edərdim ki, yarımfinala keçid mərhələsində təşkil edilən komandadaxili biznes tapşırıqlarında kimlərin finala keçəcəyini, hətta özünün başqalarına münasibətdə hansı tapşırıqda zəif və ya güclü olduğunu təxmin etmək mümkün idi. Ancaq final mərhələsində komanda üzvlərinin güclü olması bu proqnozları təxmin etməyi çətinləşdirir və müsabiqədə güclü rəqabətin olduğunu göstərirdi. Digər tərəfdən, statistik rəqəmlərə (1476 iştirakçı, 250 yarımfinalçı, 47 finalçı, 16 qalib) nəzər salmaqla da güclü rəqabətin mövcudluğundan danışmaq olar”.

"Əsasən də komandada işləmək və fərdi tapşırıqları yerinə yetirmək bir neçə
səriştənin vəhdət şəklində nümayişini zəruri edir. Bu baxımdan, müsabiqədə
iştirak etmək istəyən namizədin fikirlərini səlis ifadə etmə, analitik
düşünmə, məlumatları sistemli təhlil etmə və verilən tapşırıqlarda
böyük mənzərəni görmə qabiliyyətinə malik olması çox vacibdir".

“Qalib gəlmək istəyənlər optimist olmalıdırlar”

G.İsayeva hesab edir ki, “Uğur yolu”nda qalib gəlmək istəyən namizədlər müsbət enerjili, optimist olmalı, öz enerjilərini digərləri ilə paylaşaraq onları ilhamlandırma potensialına malik olmalıdırlar: “Çünki insanın əhvalı onun işinin səmərəliliyinə, uğur qazanmaqda israrlı və daha çox enerji sərf etməyə hazır olmasına birbaşa təsir edir. Pozitiv insan əvvəlcədən artıq qalib vəziyyətdədir və psixoloji olaraq öndədir. Digər tərəfdən, namizədlərin bilik və bacarıqlarını göstərməyə çəkinməməsini, yüksək daxili motivasiyaya sahib olmasını, müsabiqənin sonunda qalibiyyəti hədəf almasını, buna daxilən inanmasını istərdim. Bunlardan əlavə, bu tipli yarışlarda tapşırıqların sonunda ümumi nəticəyə gəlmək üçün başqaları ilə əməkdaşlıq etməyi, öz ideyalarını bölüşməklə təşəbbüskarlığa meyilli olmağı, qrup işlərində qrup üzvlərinin fikrini dinləmək və dəstəkləməklə komandanın son nəticəyə gələ bilməsinə kömək etməyi, danışıqlar aparmağı bacarmağı, başqalarının mövqelərini aydınlaşdırmağa, onların maraqlarını başa düşməyə, ortaq nöqtələri tapmağa meyilli olmağı tövsiyə edərdim”.

Ümumən müsabiqənin keçirilmə formatından razı qalan G.İsayeva bir istəyini də dilə gətirdi: “Müsabiqənin final mərhələsində təsadüfi püşkatma üsulu ilə yaradılan qruplar təqdimat hazırlayırlar. Bu mərhələdə özündən savayı qrup üzvlərinin də rəhbər heyətin qarşısında yaxşı çıxış etmələrini gözləmək insanı əlavə stresə saldığından, bu cür təqdimatın fərdi qaydada hazırlanaraq təqdim edilməsini arzulayardım. Düzdür, nəticə etibarilə fərdi qaydada qiymətləndirilmə olsa da, final günündə əlavə stresi azaltmaq baxımından fərdi çıxışın olması, fərdi məsuliyyətin daşınması, məncə, daha arzuolunandır”.

İlhamə İSABALAYEVA

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?