15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Faiq Rəcəbəliyev: “Rəhbər şəxslərin müsabiqədə iştirakı rəqabəti daha da artırır” UĞUR YOLU

Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.

Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər. Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin Keyfiyyətə təminat şöbəsinin baş dövlət vergi müffətişi Faiq Rəcəbəliyev “vergiler.az”a müsahibə verib.

F.Rəcəbəliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Hazırda həmin universitetdə Biznes və data analitikası ixtisası üzrə magistr təhsili alır.

- Sizcə, “Uğur yolu” müsabiqəsi iştirakçılara daha çox nələri öyrətdi?

- Davamlı iş həyatı, o cümlədən digər qayğılar səbəbindən bəzən özümüzün bilik və bacarıqlarımızın inkişaf etdirilməsində çətinlik çəkirik. Fikrimcə, bu müsabiqə gənclər üçün mövcud intellektual səviyyəsinin, bilik və bacarıqlarının dəyərləndirilməsi, zəif cəhətlərinin aşkarlanması baxımından bir vasitə və ya fürsət oldu. Məhz bu müsabiqə əlavə biliklərin öyrənilməsi, həmçinin mövcud biliklərimizin düzgün formada və istiqamətdə, nəticəyönümlü istifadə edilməsinin öyrədilməsi baxımından mühüm rol oynayır. Bəlkə də uzun müddətdir ki, haqqında yeni məlumat almadığım, illərlə maraqlanmadığım sahələr var idi ki, məhz müsabiqə sayəsində həmin biliklərimi təkrarlamaqla inkişaf etdirmiş oldum. “Uğur yolu” müsabiqəsi mənə özümdə inkişaf etdirilməli olan sahələri aşkarlamaqda yardımçı oldu. Mənim üçün motivasiyaedici rol oynayan bu müsabiqədə iştirak etməklə bunu da özüm üçün aydınlaşdırdım ki, çətin vəziyyətlərdə çoxşaxəli çıxış yolları tapmaq, qarşıma qoyulan məsələləri daha operativ həll edə bilmək kimi müsbət keyfiyyətlərim var.

Məhz bu müsabiqə əlavə biliklərin öyrənilməsi, həmçinin mövcud
biliklərimizin düzgün formada və istiqamətdə, nəticəyönümlü istifadə
edilməsinin öyrədilməsi baxımından mühüm rol oynayır.

- Qaliblər üçün keçiriləcək tədbirlər onların özünüinkişafında nə kimi rol oynayacaq?

- Bildiyimiz kimi, “Uğur yolu” müsabiqəsinin qalibləri özünüinkişaf xarakterli tədbirlərə, o cümlədən peşəkarlıq səviyyəsinin artırılması üçün karyera inkişafı proqramına cəlb edilirlər. Bu tədbirlər sırasına iqtisadiyyat naziri ilə görüşdə iştirak etmək, nazirliyin rəhbər vəzifəli şəxsləri ilə təmaslar, təlim və inkişaf proqramlarına qatılmaq, fərdi kouçinq, nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramı, daha yüksək vəzifələr üçün kadr ehtiyatına düşmək imkanı daxildir. Qeyd olunan tədbirlərin hər birinin ayrılıqda karyeramızın inkişafında, bilik və bacarıqlarımızın artırılmasında nə qədər mühüm rol oynadığı, həmçinin yeni imkanlar yaradacağı hamı üçün aşkardır. Müsabiqənin qalibi kimi, əminəm ki, cəlb olunacağımız hər bir özünüinkişaf proqramı, o cümlədən nazirliyin rəhbər vəzifəli şəxsləri ilə mentorluq proqramı bilik və bacarıqlarımızın artırılmasında misilsiz rol oynayacaq.

- “Uğur yolu”nda qarşılaşdığınız hansı halı müsabiqənin maraqlı cəhəti kimi qiymətləndirirsiniz?

- “Uğur yolu”nun üstün və maraqlı cəhətlərindən biri odur ki, müsabiqə zamanı qarşımıza çıxacaq sualları və məsələləri əvvəlcədən dəqiq təxmin etmək mümkün olmur. Amma bunlar iştirakçıları qorxutmamalıdır. Fikrimcə, ana biliklərin mövcudluğu, məntiq xarakterli məsələləri həlletmə, o cümlədən operativ və düzgün qərarvermə bacarığının inkişaf etdirilməsi namizədin daha uğurlu nəticələr əldə edəcəyinə zəmanət verir.

Müsabiqə iştirakçıları arasında yüksək rəqabət var idi. Müvafiq qeydiyyatdan keçmiş hər bir namizəd bu addımı ilə artıq özünəəminliyini sübüt etmiş olur. Bundan başqa, müsabiqədə İqtisadiyyat Nazirliyinin tabeliyində olan müxtəlif qurumların rəhbər şəxslərinin də iştirak etməsi rəqabətlilik səviyyəsini daha da artırırdı. Məsələn, final mərhələsində mənimlə eyni masada 2 müxtəlif qurumun direktor və şöbə rəisi vəzifəsində çalışan, kifayət qədər bilikli, təcrübəli əməkdaşları var idi. Yarışmada diqqətimi ən çox cəlb edən məqamlardan biri də əksər iştirakçıların komandada sağlam, amma güclü rəqabət aparması oldu.

“Uğur yolu”nun üstün və maraqlı cəhətlərindən biri odur ki, müsabiqə zamanı
qarşımıza çıxacaq sualları və məsələləri əvvəlcədən dəqiq təxmin etmək mümkün olmur.

- Qaliblərin əksəriyyəti hesab edir ki, İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri qarşısında təqdimatla çıxış etmək müsabiqənin ən gərgin mərhələsi idi. Həmin anı necə xatırlayırsınız?

- Əlbəttə, iki gün keçirilən final mərhələsinin son günü ən gərgin mərhələ oldu. Finalçılar ilk gündə təsadüfi seçim qaydasında komanda daxilində biznes tapşırıqların həllində iştirak edərək müvafiq səriştələr üzrə ekspertlər tərəfindən qiymətləndirildi. Bu mərhələ çətin, eyni zamanda çox maraqlı keçdi. Final mərhələsinin 2-ci günündə əvvəlcədən ayrılmış 3 saat ərzində təqdim olunmuş mövzu üzrə araşdırmalar aparmaq və təqdimat formasında, iqtisadiyyat naziri də daxil olmaqla, nazirliyin rəhbər vəzifəli şəxslərinin qarşısında fərdi qaydada çıxış etmək kimi gərgin, məsuliyyətli və həyəcanlı bir tapşırıqla üzbəüz qaldıq. Əvvəlcədən ayrılan vaxt məhdudiyyətini və dinləyici auditoriyasını, o cümlədən həyəcan və məsuliyyəti nəzərə alsaq, ilk öncə bunun öhdəsindən gələ bilməyəcəyimizi düşünürdüm. Komanda olaraq araşdırma istiqamətlərinin bölüşdürülməsi və birgə fəaiyyətimiz bu tapşırığın da öhdəsindən layiqincə gəlməyimizə yardımçı oldu. Yarışmada qalib gəlib-gəlməyəcəyimdən asılı olmayaraq, İqtisadiyyat Nazirliyinin rəhbərliyi qarşısında hər hansı mövzu üzrə yeni təkliflərlə çıxış etmək həqiqətən də böyük bir təcrübə oldu.

- Sizcə, “Uğur yolu”nun gələcək iştirakçıları qalib olmaq üçün nələrə diqqət etməlidirlər?

- İştirakçılar komandada işləmək bacarıqlarını inkişaf etdirməli, komanda üzvləri ilə düzgün fikir mübadiləsi apara bilməlidirlər. Digər tövsiyəm qarşıya qoyulmuş hər hansı məsələyə daha geniş aspektdən baxmaq və eyni yönümlü həll yoluna cəhd etməməkdir.

Sonda müsabiqənin təşkil edilməsində və keçirilməsində iştirakı olan hər kəsə dərin təşəkkürümü bildirirəm.

İlhamə İSABALAYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?