Mirzə Ələkbər Babayev: “Özünüzü sınamaqdan çəkinməyin” UĞUR YOLU
Artıq ikinci ildir ki, İqtisadiyyat Nazirliyi öz əməkdaşlarının potensialından səmərəli istifadə etmək, onların hərtərəfli inkişafı, peşə bacarıqlarının artırılması, yeni nəsil idarəçilərin hazırlanması və yüksək potensiallı əməkdaşlardan rəhbər vəzifələr üçün ehtiyat kadrlar bazasının formalaşdırılması məqsədilə “Uğur yolu” karyera inkişafı proqramını həyata keçirir.
Müsabiqə iştirakçıları seçim mərhələlərində qabiliyyət, sosial intellekt, idarəçilik potensialı testlərindən keçir, onlayn və əyani formada komanda daxilində biznes tapşırıqlarının həlli ilə bağlı müvafiq səriştələr üzrə qiymətləndirilir və təqdimatlarla çıxış edirlər.
Bu il nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların müsabiqənin finalında iştirak edən 47 əməkdaşından 16 nəfəri "Uğur yolu" karyera inkişafı proqramının qalibi olub. Həmin qaliblərdən biri - İqtisadiyyat Nazirliyinin Mərkəzi Avropa ölkələri üzrə Ticarət Nümayəndəsi Aparatının baş məsləhətçisi Mirzə Ələkbər Babayev müsabiqə ilə bağlı təəssüratlarını “vergiler.az”ın əməkdaşı ilə bölüşüb.
M.Ə.Babayev Bakı Dövlət Unversitetində Beynəlxalq münasibətlər ixtisası (ingilis dilində) üzrə bakalavr təhsili alıb. BDU-nu qırmızı diplomla bitirdikdən sonra “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Bristol Universitetində Strateji idarəetmə ixtisası üzrə magistr dərəcəsinə yiyələnib. O, akademik təhsilini yüksək nəticə ilə yekunlaşdırdıqdan sonra pandemiya dövründə yaranmış onlayn təhsil fürsətindən istifadə edərək, Harvard Universitetinin İdarəetmə ixtisası üzrə peşəkar təhsil proqramını fəxri dərəcə ilə bitirib.
- Müsabiqədə qalib gəlmək üçün hansı bilik və bacarıqlara sahib olmaq lazım idi?
- Müsabiqədə hər kəs iştirak edə bilər, ancaq qalib gəlmək üçün, məncə, hərtərəfli biliyə malik olmaq lazımdır. Yəqin Siz də təsdiq edərsiniz ki, bu gün İqtisadiyyat Nazirliyi kadr potensialı ən güclü olan dövlət qurumlarından biridir. “Uğur yolu” müsabiqəsində isə bu qurumun özünə ən çox güvənən, əsasən, gənc əməkdaşları iştirak edir. Bu səbəbdən, təbii ki, müsabiqədə, xüsusilə final mərhələsində rəqabət çox güclü idi. Bir neçə mərhələdən ibarət olan müsabiqədə iştirakçılar erudisiya, idarəetmə potensialı, sosial intellekt, riyazi biliklər, məntiq və s. kimi müxtəlif istiqamətlər üzrə sınaqlardan keçiblər. Builki müsabiqənin yarımfinal və final mərhələləri komanda işindən ibarət idi. Ona görə də belə müsabiqələrdə qalib gəlmək üçün, fərdi nəticə göstərə bilməkdən başqa, komandada işləmə bacarığının və ünsiyyət qabiliyyətinin də yüksək səviyyədə olması zəruridir.
- Sizcə, gənclər üçün “Uğur yolu” müsabiqəsinin əhəmiyyəti nədən ibarətdir?
- Fikrimcə, gənc və ya orta yaşlı olub-olmamasından asılı olmayaraq, hər kəs həyatının istənilən mərhələsində “komfort” zonadan çıxaraq öz qabiliyyət və bacarıqlarını sınaqdan keçirməlidir. “Uğur yolu” müsabiqəsi bunun üçün əla fürsət yaradır, insanın peşəkarlığının artırılmasında mühüm rol oynayır. Bu müsabiqə vasitəsilə nazirliyin rəhbər vəzifəli şəxsləri iştirakçıların bilik və bacarıqlarına yaxından bələd olurlar ki, bu da hər bir dövlət qulluqçusunun karyerasında irəli addımlaya bilməsi üçün mühüm faktorlardan biridir. Eyni zamanda, inanıram ki, qaliblər üçün təşkil olunacaq kouçinq proqramları onların idarəçilik sahəsində bilik və bacarıqlarının artırılmasına xeyli yardım edəcək.
Fikrimcə, gənc və ya orta yaşlı olub-olmamasından asılı olmayaraq, hər kəs
həyatının istənilən mərhələsində “komfort” zonadan çıxaraq öz qabiliyyət və
bacarıqlarını sınaqdan keçirməlidir. “Uğur yolu” müsabiqəsi bunun üçün əla
fürsət yaradır, insanın peşəkarlığının artırılmasında mühüm rol oynayır.
- Təbii ki, müsabiqədə iştirakçıların sayı azaldıqca rəqabət daha da güclənir və belə bir şəraitdə mübarizə aparmaq çətinləşir. Bu baxımdan, Sizcə, müsabiqənin final mərhələsi ən çətin sınaq sayıla bilərmi?
- Müsabiqənin ən məsuliyyətli mərhələsi final mərhələsinin ikinci günü idi. Çünki qısa müddət ərzində təqdimat hazırlamalı və cənab nazir Mikayıl Cabbarovun rəhbərlik etdiyi, nazir müavini və digər rəhbər şəxslərin iştirak etdiyi komissiyanın qarşısında səhnədə təqdimatla çıxış etməli idik. Məncə, ən çətin mərhələ qabiliyyət imtahanı idi. Saniyələr ərzində riyazi və məntiqi suallara cavab vermək çox çətin idi. Deyə bilərəm ki, bu müsabiqədə istər riyazi, istərsə də idarəetmə, strateji düşünmə bacarıqlarımı daha da “itiləmiş” oldum.
- Müsabiqənin məzmunu, keçirilmə formatı ilə bağlı hər hansı dəyişikliklərin edilməsini istərdinizmi?
- Bu kimi məsələlərdə rəy və ya təklif vermək asan, amma təşkilatçılıq çox çətindir. Müsabiqəni yüksək səviyyədə keçirə bildiklərinə görə təşkilatçıları alqışlamaq lazımdır. Ümumilikdə götürsək, müsabiqənin məzmunu, formatı və təşkilati məsələlər çox yaxşı idi.
- Hazırda işlə əlaqədar Avropada yaşamağınız müsabiqədə iştirakınız üçün bir çətinlik yaratmadı ki?
- Final mərhələsindən başqa, bütün mərhələlərin onlayn formatda keçirilməsi mənim işimi xeyli asanlaşdırdı. Bu səbəbdən, müsabiqədə iştirak mənim üçün heç bir çətinlik yaratmadı. Yalnız sonda - final mərhələsinə qatılmaq üçün bir neçə günlük Bakıya gəldim.
- Bir qalib olaraq, “Uğur yolu”nun gələcək iştirakçılarına nələri tövsiyə edərdiniz?
- İnamlı və qətiyyətli olun, özünüzü sınamaqdan çəkinməyin. Unutmayın ki, müsabiqədə iştirak etməyin özü belə, hər kəs üçün böyük təcrübədir.
İlhamə İSABALAYEVA