11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yavor Kuyumciyev: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir” MÜSAHİBƏ

Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. Təkcə layihədə iştirak edən tərəflər üçün deyil, həm də bütövlükdə Avropa üçün xüsusi hadisə kimi dəyərləndirilən IGB-nin istismara verilməsi ilə bağlı “vergiler.az”ın suallarını Bolqarıstanın keçmiş energetika nazirinin müavini Yavor Kuyumciyev cavablandırıb.

- IGB vasitəsilə Azərbaycan qazı Bolqarıstana çatdırılacaq. Bolqarıstanın enerji təhlükəsizliyi üçün IGB-nin əhəmiyyətini və bütövlükdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?

- Balkanların, o cümlədən Bolqarıstanın enerji təhlükəsizliyi üçün IGB-nin işə salınması böyük əhəmiyyət kəsb edir. Bu interkonnektor vasitəsilə, həmçinin, Yunanıstanın Aleksandrupolis şəhərində təbii qaz terminalının fəaliyyəti təmin ediləcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olsa da, Avropaya buradan ötürülən təbii qaz istehlakın 2%-dən də azdır. Bu, əsasən, ildə cəmi 10 milyard kubmetr ötürmə qabiliyyətinə malik olan Trans-Adriatik Qaz Boru Kəmərinin infrastrukturu ilə bağlıdır. Bu payı artırmağın yeganə yolu isə yeni boru kəmərlərinə investisiya qoymaqdır.

- Hazırda “Şahdəniz” qazı Türkiyə və Avropaya “mavi yanacaq” nəqlinin əsas mənbəyidir. Bu kontekstdə “Abşeron”, “Ümid-Babək”, “Qarabağ”, “Şəfəq-Asiman” yataqlarının potensialını necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, bu, gələcək üçün əla fürsətdir. Zənnimcə, böyük sərmayələr tələb olunan bu cür layihələr barədə düşünməyin vaxtıdır.

- İqlim dəyişikliyi fonunda Azərbaycanla Avropa arasında bərpa olunan enerji sahəsində nə kimi əməkdaşlıq imkanları görünür?

- Bərpa olunan enerji mənbələri, atom elektrik stansiyaları ilə birlikdə, gələcək üçün yeganə həll yoludur. Avropa şirkətləri bərpa olunan enerji mənbələrinin yaradılması və istismarı sahəsində nou-hau və təcrübəyə malikdir və Azərbaycanın bu cür enerji mənbələrini inkişaf etdirmək üçün böyük potensialı var. Eyni zamanda, yaxın illərdə Avropa İttifaqı sənayesinə böyük sərmayələr qoyulacaq ki, bu da Azərbaycan şirkətlərinin bu bazara daxil olması üçün fürsətə çevrilə bilər.

- Sizcə, Azərbaycanla Bolqarıstan arasında qeyri-neft-qaz sektorunda əməkdaşlığın hansı sahələrində inkişaf potensialı mövcuddur?

- Bolqarıstan bərpa olunan enerji sahəsində əməkdaşlıqdan əlavə, kənd təsərrüfatı, informasiya texnologiyaları, meşə təsərrüfatı, tikinti, maşınqayırma və digər sahələrdə yaxşı potensiala malikdir. Gəlir vergisi cəmi 10% olan Bolqarıstan Azərbaycan şirkətləri üçün geniş və açıq Avropa bazarına açılan qapıya çevrilə bilər. Bizim ölkədə investisiyalara münbit zəmin var və hökumət tərəfindən dəstəklənir.

- Cənub Qaz Dəhlizi Avropa enerji sistemlərinin inkişafına nə kimi töhfə verə bilər?

- Cənub Qaz Dəhlizi çox vacibdir, lakin yeni boru kəmərlərinin əlavə edilməsi və mövcud boru kəmərlərinin gücünün artırılması yolu ilə onu inkişaf etdirmək və genişləndirmək lazımdır. Ümid edirəm ki, növbəti toplantımız məhz bu məsələyə həsr olunacaq. Bununla belə, biz Azərbaycanla əlaqələrimizi və son bir neçə ildə aldığımız dəstəyi yüksək qiymətləndiririk.

- Azərbaycan və Bolqarıstan arasında ticarət və investisiya əməkdaşlığının inkişafı üçün daha nələr etmək olar? Bolqarıstan investorlarını cəlb edə biləcək sahələr hansılardır?

- Bolqarıstanın bərpa olunan enerji mənbələri - günəş və su sahəsində böyük potensialı və investisiya imkanları var. Tikinti şirkətlərimiz dəmir yolları, avtomobil yolları, stadionlar və s. kimi iri və mürəkkəb obyektlərin inşasında kifayət qədər təcrübəyə malikdirlər. Biz, həmçinin, informasiya texnologiyaları, proqramlaşdırma və yeni məhsulların hazırlanması sahəsində əməkdaşlıq yollarını müzakirə edə bilərik.

Tamilla MƏMMƏDOVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?