7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Engin Özer: “Avropa Birliyinin Azərbaycan qazına böyük tələbatı var” MÜSAHİBƏ

Türkdilli dövlətlər, xüsusilə Azərbaycanla Türkiyə arasındakı iqtisadi əlaqələr yeni müstəviyə qədəm qoyaraq bu sahə üzrə əməkdaşlığın getdikcə genişlənməsinə imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması, Zəngəzur dəhlizinin açılması, enerji təminatı və s. istiqamətlərdə atılan addımlar bu əlaqələrin inkişafına təkan verməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə iqtisadi nüfuzunu da əhəmiyyətli dərəcədə artıracaq. Türkiyəli analitik Engin Özer bu və digər məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Bu ilin avqust ayının 18-də Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş” imzalanıb. Bu razılaşmanın region üçün əhəmiyyəti nədən ibarətdir?

- Bakı-Tbilisi-Qars beynəlxalq marşrutu hazırda Azərbaycanla Türkiyə arasında dəmir yolu nəqliyyatı vasitəsilə əlaqənin qurulmasını təmin edən yeganə vasitədir. Bu layihə çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması Türkiyə üzərindən Avropaya gedən malların, eyni zamanda Türkiyədən Azərbaycana daşımaları sürətləndirir ki, bu da sonda qiymətə təsir edir. Eyni zamanda, Zəngəzur dəhlizi Gürcüstana alternativ yol deyil. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhsuldar çalışır, problem yoxdur. Amma, Azərbaycan bütün loqistik xətlərini yalnız Bakı-Tbilisi-Qars dəmir yoluna da bağlaya bilməz. Yük daşımalarında dayanıqlığın və təhlükəsizliyin təmin olunması üçün ikinci bir beynəlxalq yolun açılması çox vacibdir. Bu baxımdan, yaxın gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlaması böyük önəm kəsb edir.

- Dünyada logistika ilə bağlı problemlərin olduğu hazırkı şəraitdə Bakı-Tbilisi-Qars marşrutunun beynəlxalq daşıma sistemindəki rolunu necə qiymətləndirmək olar?

- Hazırkı şəraitdə dünya konteyner yük daşımalarının, əsasən də Çindən gələn malların daşınma xərcləri artıb. Məsələn, pandemiyaya qədər il ərzində İtaliyadan limanlara gedən konteynerlərin qiyməti 3.500 ABŞ dolları idisə, pandemiyadan sonra bu rəqəm 9.000 dolları keçdi. Buna görə də Çin hökuməti və digər ölkələr alternativ yollar düşünmək məcburiyyətindədirlər. Dolayısı ilə yaxın zamanlarda Avropaya gedən yüklərin yeganə açıq yol olan, “orta xətt” dediyimiz Azərbaycan üzərindən keçib Gürcüstanla Türkiyəni birləşdirən dəmir yolu xətti ilə ünvana çatdırılması əsas məsələ olacaq.

Yük daşımalarında dayanıqlığın və təhlükəsizliyin təmin
olunması üçün ikinci bir beynəlxalq yolun açılması çox vacibdir.

Ukraynada gedən məlum proseslərin fonunda hazırkı dövrdə Avropadan malların daşınmasına görə optimal yol Bakı-Tbilisi-Qars xəttidir. Bunu da xüsusi vurğulamaq lazımdır ki, bu dəmir yolu xətti Türkiyəni Orta Asiya ilə birləşdirir. Doğrudur, hazırda bu istiqamətdə quru yol fəaliyyət göstərsə də, bunu Bakı-Tbilisi-Qars dəmir yolu ilə əvəz etməyə başlamaq lazımdır. Bu yolun fəaliyyət göstərməsi Azərbaycanı beynəlxalq yükdaşımanın mərkəzinə çevirir. Lakin Azərbaycan tərəfi həm Türkiyə ilə, həm də Rusiya ilə birlikdə bu yolun təhlükəsizliyinə zəmin yaradacaq addımlar atmalıdır. Azərbaycan tərəfi bu istiqamətdə apardığı danışıqlarda hər zaman öz peşəkarlığını göstərib, bütün ətraf ölkələrlə müttəfiqliyini daimi qoruyub saxlayır. Bu çətin dönəmlərdə də Azərbaycan tərəfi tranzit xətlərinin təhlükəsizliyi məsələsində önəmli addımlar atır.

- Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat-kommunikasiya xəritəsində hansı strateji dəyişikliklərə səbəb ola bilər?

- Bu dəhlizin fəaliyyətə başlaması Türkiyənin Orta Asiya ölkələri ilə ticarətinin artmasına səbəb olacaq. Türkiyə ilə Azərbaycan arasında dəmir yolu və quru yolu bağlantısının genişləndirilməsi iki ölkənin iqtisadi əlaqələrini daha da inkişaf etdirəcək. Bu mənada, Zəngəzur dəhlizinin işə başlaması ilə Azərbaycanın Cənubi Qafqazda oynamaqda olduğu tranzit hab rolu bir qədər də güclənəcək. Əslində, bu dəhliz Azərbaycan hökumətinin beynəlxalq arenada təhlükəsizliyinə təsir edə biləcək bir layihədir. Bu layihənin tezliklə açılması vacibdir. Gürcüstandan keçən daşıma yollarından hazırda problemsiz istifadə etməyimiz gələcəkdə hər hansı problemlərin olmayacağına təminat vermir. Digər tərəfdən, bu layihəyə Çin hökuməti də dəstək verəcək.

Ukraynada gedən məlum proseslərin fonunda hazırkı dövrdə Avropadan
malların daşınmasına görə optimal yol Bakı-Tbilisi-Qars xəttidir.

- Azərbaycan, Özbəkistan və Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin ilk üçtərəfli görüşündə imzalanmış Daşkənd Bəyannaməsi regionun iqtisadiyyatına hansı dividentləri gətirəcək?

- Türkdilli dövlətlər arasında ticarət anlaşmalarının olması bu ölkələrin daha çox sənaye malları istehsal etməsinə səbəb olacaq. Artıq Türkiyənin bu bölgədə daha çox investisiyalar yatırdığını müşahidə edirik. Xüsusilə Özbəkistan son dövrlərdə qapalı iqtisadiyyatını daha da liberallaşdırır, açıq edir. Təbii ki, bu tip anlaşmalar türkdilli ölkələrdə, xüsusilə Orta Asiyada iqtisadiyyatın inkişafına ciddi təsir göstərəcək. Amma hər nə qədər sərbəst ticarət anlaşması, gömrük sistemində asanlaşdırma olsa da, məsələ yenə də nəqliyyatdan asılı olur. Buna görə də Zəngəzur dəhlizinin yaradılması məsələsi yenidən gündəmə gəlir. Azərbaycan və Türkmənistan, eləcə də Qazaxıstan arasında dəmir yolu yük daşımalarının artırılması Orta Asiyada iqtisadi inkişafı daha da sürətləndirə bilər. Bundan başqa, Qırğızıstana yatırılacaq investisiya dolayısı ilə Qırğızıstan-Tacikistan münaqişəsinin səngiməsinə də səbəb ola bilir. Çünki bu bölgələrdə iqtisadi inkişafla bağlı çox ciddi problemlər var. Hesab edirəm, Türkiyə bu boşluğu kifayət qədər doldura bilir. Bu tip anlaşmalar, sərbəst ticarətə dair razılaşmalar beynəlxalq iqtisadiyyatın inkişafını stimullaşdıra bilir.

- Azərbaycan bir sıra sahələr üzrə məhsulların əksəriyyətini Türkiyədən idxal edir. Bu baxımdan, türk lirəsinin ABŞ dollarına nisbətən ucuzlaşması iki ölkə arasındakı iqtisadi əlaqələrə necə təsir edir?

- Türk lirəsinin ucuzlaşması Azərbaycana gələn türk mallarının qiymətinin aşağı düşməsinə səbəb olur və bu, ölkənizdə inflyasiyanın azalmasına da təsir edə bilər. Ucuz malların alınması Azərbaycan iqtisadiyyatına, sözsüz ki, müsbət təsir göstərir. Türk lirəsinin dəyərinin ucuzlaşması dolayı yolla manata təsir göstərəcək proses deyil, çünki Azərbaycana daşınan mallar birbaşa bizim ölkədə istehsal olunur və təbii ki, Azərbaycanda istehsal olunan mallarla rəqabətə girmir. Digər tərəfdən, neftin qiymətlərindəki artım manatı daha da möhkəmləndirir. Məlumdur ki, Avropa Birliyində Azərbaycan qazına çox böyük tələbat var və bu manatın dəyərinin sabit saxlanılması üçün mühüm bir xarici təsirdir.

Türkiyə ilə Azərbaycan arasında dəmir yolu və quru yolu bağlantısının
genişləndirilməsi iki ölkənin iqtisadi əlaqələrini daha da inkişaf etdirəcək.

- Bu gün Azərbaycan və Türkiyənin birgə əməkdaşlığı regionun enerji təhlükəsizliyinin təmin edilməsində nə kimi rol oynaya bilir?

- Azərbaycan Avropa iqtisadiyyatı üçün ciddi, davamlı qaz istehsal edən ölkədir. Ödəmə məsələsində də heç bir çətinlik yaranmır. Bu baxımdan, enerji sahəsindəki iş birliyi həm Azərbaycanın, həm də Türkiyənin xeyrinədir. Hazırkı dövrdə Avropa Birliyinin qazla təminatında Türkiyə transfer rolu oynayır, Azərbaycan isə bu xəttin başlanğıc nöqtəsidir. Zəngəzur dəhlizinin açılması, həmçinin, yeni alternativ qaz boru xəttinin yaradılmasına da imkan verə bilər. Əgər təminatlı bir dəhliz əldə olunarsa, verilən sözlərə əməl edilərsə, oradan çəkilən alternativ boru xətti Naxçıvan vasitəsilə Türkiyəyə bağlana bilər. Bu, bölgənin, eləcə də Avropa ölkələrinin enerji təhlükəsizliyi baxımından çox vacib məsələdir.

- Azərbaycan Avropanın enerji bazarında tarazlığın qorunmasına hansı töhfələri verir?

- Bu gün Rusiyanın dünyada baş verən proseslər fonunda Avropaya gedən qazı kəsmək təhdidlərini nəzərə alaraq, deyə bilərik ki, Avropa Birliyi enerji təminatı üçün Azərbaycanı daha təhlükəsiz ölkə sayır. Hazırda Avropa Birliyi bazarı üçün nə İran, nə də digər dövlətlər Azərbaycan qədər etibarlı qaz ixracatçısı deyil. Əgər qaz tədarükündə təhlükəsizlik indeksi müəyyən edilərsə, Avropa Birliyi üçün bu siyahının başında, sözsüz ki, Azərbaycan dayanar. Bu baxımdan, Azərbaycanın Zəngəzurla bərabər yeni bir boru xəttinin də çəkilməsi layihəsini həyata keçirməsi müzakirə mövzusu ola bilər. Avropa Birliyi qarşıdakı dönəmdə Rusiyadan gələn qazdan tamamilə imtina etməkdə qərarlıdır. Hesab edirəm ki, Azərbaycan bu önəmli fürsəti dəyərləndirməklə yaxın dövrlərdə Avropa Birliyinin ən mühüm tərəfdaşlarından birinə çevriləcək.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?