12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bağdad Amreyev: “Türkdilli ölkələrin tranzit potensialının inkişafında Azərbaycanın xüsusi yeri var” MÜSAHİBƏ

Sentyabrın 16-da Şuşada Qarabağın bərpası və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib. Tədbir Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Türk Dövlətləri Təşkilatı, Türk Ticarət və Sənaye Palatasının dəstəyi ilə ərsəyə gəlib. Forumun məqsədi türkdilli dövlətlər arasında iqtisadi, biznes və investisiya əlaqələrini dərinləşdirmək, sahibkarlar arasında dialoqu təşviq etmək və Qarabağın iqtisadi və investisiya potensialını xarici investorlara təqdim etmək olub. Türk Dövlətləri Təşkilatının fəaliyyəti və gələcək planları, üzv ölkələr arasında əməkdaşlıq, Azərbaycanın tranzit potensialı və digər məsələlər barədə qurumun Baş katibi Bağdad Amreyev suallarımızı cavablandırır:

- Cənab Baş katib, gələn ay - oktyabrın 3-də Naxçıvan Sazişinin imzalanmasından 13 il keçir. Təşkilatın fəaliyyətində ötən dövrü və türk ölkələri arasında əməkdaşlığın inkişafındakı rolunu necə xarakterizə edərdiniz?

- Qeyd etdiyiniz müqaviləyə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Bu Şuranın adı keçən il İstanbul Sammitində Türk Dövlətləri Təşkilatına çevrildi. Bu gün TDT beynəlxalq səviyyədə yüksək nüfuza malik təşkilatdır. Artıq bir çox ölkələr sıramıza daxil olmaq və ya təşkilatda müşahidəçi statusu almaq istəyir.
İnteqrasiya baxımından təşkilatımız bu müddət ərzində böyük işlər görüb. Biz ciddi hüquqi bazaya malik ticarət-iqtisadi əməkdaşlıq qura bildik, ümumi inteqrasiyamız üçün güclü iqtisadi ilkin şərt formalaşdırmağa başlamışıq. Siyasi əməkdaşlığımız daim inkişafdadır. Xarici işlər nazirlərinin və təhlükəsizlik məsələləri ilə məşğul olan digər strukturların nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq görüşlər keçirilir. Deyə bilərik ki, siyasi baxımdan təşkilatımız sıx əlaqələndirilmiş mexanizm kimi fəaliyyət göstərir.
Mədəni və humanitar əməkdaşlığımız da sürətlə inkişaf edir. Bu, bizim birliyimizin əsasını təşkil edir. Gənclər, idman kimi digər sahələrdə də xeyli irəliləyişlər əldə olunub. Diasporlarımızla fəal işləyirik - söhbət xaricdə yaşayan türk dövlətlərinin 20 milyona yaxın vətəndaşından gedir. Demək olar ki, bütün sahələrdə fəal iş aparılır. Bu baxımdan, belə tədbirlər mühüm əhəmiyyət kəsb edir, ona görə də qarşıdan gələn Səmərqənd sammitinə böyük ümidlərlə hazırlaşırıq.

- Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat və tranzit potensialının inkişafı ilə bağlı hansı planlar var və bu kontekstdə Azərbaycanın iqtisadi və tranzit potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində, demək olar, tam ürəyində yerləşir. Bu baxımdan, ölkənin nəqliyyat dəhlizləri sahəsində əhəmiyyəti günbəgün artır. Ətrafımızda gedən prosesləri nəzərə alsaq, Azərbaycan alternativsiz varianta çevrilir. Ona görə də bu gün biz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzərində fəal işləyirik. Bu, çoxformatlı bir şəbəkədir.
Koronavirus pandemiyası zamanı biz Azərbaycan ərazisindən yüklərin daşınmasını sadələşdirmək üçün həll variantını sınaqdan keçirmişik. Bu potensialı qoruyub saxlamalı və artırmalıyıq. Bu gün kombinə edilmiş daşımalara dair sazişin hazırlanmasını yekunlaşdırırıq. Bu, çox vacibdir. Müqavilə bütün növ yüklərin daşınmasını və təbii ki, Azərbaycan üzərindən nəqlini nəzərdə tutur. Çünki, əvvəla, Azərbaycan Türk Dövlətləri Təşkilatının yaradıcılarından biridir, ikincisi isə alternativsiz bir məkandır. Transxəzər dəhlizinin inkişafında ikitərəfli, üçtərəfli və çoxtərəfli formatda fəal işləyirik.
Bir ay əvvəl Bakıda üç ölkənin - Türkiyə, Azərbaycan və Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərinin görüşünü keçirdik, sonra Daşkənddə Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, nəqliyyat və iqtisadiyyat nazirlərinin üçtərəfli görüşü gerçəkləşdi. Biz müxtəlif formatlarda işləyirik və bütün bunlar tranzit potensialımızın artırılmasına yönəlib. Bu kontekstdə, əlbəttə ki, Azərbaycanın xüsusi yeri var.

- Türk Dövlətləri Təşkilatının qısa və ortamüddətli perspektivdə fəaliyyət planları barədə məlumat verməyinizi istərdik. Hazırda təşkilata üzv ölkələr arasında hansı iqtisadi əməkdaşlıq məsələləri və layihələr müzakirə olunur?

- Artıq gömrük işinin sadələşdirilməsi ilə bağlı sazişi başa çatdırmışıq və güzəştli ticarət sazişinin yekunlaşdırılması üzərində işləyirik. Biz həm gömrük xidmətlərinin göstərilməsi, həm də malların daşınması üçün sadələşdirilmiş sistem olmadan ticarəti genişləndirə bilməyəcəyik. Ona görə də yaxın illərdə nəqliyyat məsələləri ən yüksək prioritetimizə çevriləcək. Biz, həmçinin, azad ticarət rejiminin yaradılması üzərində işləri başa çatdırırıq. Layihələrimizdən biri də müştərək Türk İnvestisiya Fondudur. Bu layihənin icrası ölkələrimiz arasında daha geniş iqtisadi-ticarət əlaqələrinin qurulması, birgə müəssisələrin yaradılması üçün mühüm maliyyə aləti rolunu oynayacaqdır.
Hüquqi aspektlərlə yanaşı, bu gün biz müxtəlif istiqamətlərdə fəaliyyətləri yaxından əlaqələndiririk. Ən son layihə ölkələrimiz arasında enerji xartiyasının yaradılmasıdır. Söhbət enerjinin birgə istehsalı, nəqli, satışı və istehlakından gedir. Bu sahədə görüləsi xeyli işlərimiz var...

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?