15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sayed Şakila Şah: “Azərbaycan enerji resursları ilə zəngindir və bu sahədə böyük oyunçuya çevrilir” MÜSAHİBƏ

Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (CAREC) və Azərbaycanın İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu keçirilib. 2016-cı ildən ənənəvi olaraq tematik mövzular üzrə keçirilən forumun budəfəki mövzusu “İnklüziv və davamlı iqtisadiyyatlar üçün artım dinamikalarının yenidən kalibrlənməsi” olub. Forum öz işini inkişaf modelləri və strategiyaların nəzərdən keçirilməsi, CAREC Beyin Mərkəzləri Şəbəkəsinin (CTTN) regional araşdırma hesabatı, dayanıqlı inkişaf məqsədləri, iqlim dəyişikliyi və “yaşıl enerji”, geosiyasi qeyri-müəyyənliklər, COVID-19 pandemiyasının artım və inklüzivliyə təsiri, regional rifah üçün alyansların qurulması üzrə sessiyalar və panel iclaslarla davam etdirib. Sonra CAREC və İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Mövzu ilə əlaqədar “vergiler.az”ın suallarını CAREC-in direktoru Sayed Şakila Şah cavablandırır:

- CAREC ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında imzalanmış Anlaşma Memorandumu özündə nəyi ehtiva edir?

- Bildiyiniz kimi, CAREC Proqramı əməkdaşlıq vasitəsilə davamlı inkişafı təşviq etmək üçün birgə çalışan 11 ölkənin tərəfdaşlığıdır. 2001-ci ildə fəaliyyətə başlayan CAREC regionda iqtisadi artımı sürətləndirmək və yoxsulluğu azaltmaq üçün praktiki, nəticəyönümlü regional layihələri və siyasət təşəbbüslərini fəal şəkildə təşviq edir. CAREC-ə üzv dövlətlər Əfqanıstan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Çin Xalq Respublikası, Tacikistan, Türkmənistan və Özbəkistandır. AİB CAREC Katibliyinə ev sahibliyi edir.
Azərbaycan coğrafi mövqeyinə, o cümlədən Avropa ilə Asiyanı birləşdirən dəhlizin yerləşməsinə görə CAREC regionunda çox mühüm ölkədir. CAREC regionda iqtisadiyyatın inkişafına çalışır. Azərbaycan inkişaf proqramımız çərçivəsində vacib tərəfdaşdır. Birincisi, bu sahədə əməkdaşlıq CAREC proqramına aid olan sahələr və mövzular üzrə etmək istədiyimiz bəzi birgə tədqiqatlara gətirib çıxaracaq. İkincisi, biz hər hansı araşdırma aparırıqsa, ESRI-dən Azərbaycan hökuməti ilə ünsiyyət platforması kimi istifadə edəcəyik, çünki tədqiqatın yalnız hökumətə işlək şəkildə təqdim edildiyi təqdirdə faydalı olacağına inanırıq.

- Sizcə, dünyada gedən iqtisadi prosesləri nəzərə alsaq, Azərbaycanla CAREC arasında əməkdaşlığın hansı sahələri əsas sayıla bilər?

- Hesab edirəm ki, pandemiyadan sonra bərpa ilə bağlı həyata keçirilən bəzi iş proqramları artıq mümkün əməkdaşlıq sahələrinə əlavə edilib. Bu, çox vacib məsələdir, çünki COVID-19 pandemiyası regionun, o cümlədən Azərbaycanın və digər ölkələrin iqtisadiyyatına ciddi ziyan vurdu və bəzi pozuntular hələ də qalmaqdadır. Ona görə də biz pandemiyanın vurduğu zərərin öhdəsindən gəlmək üçün Azərbaycan hökumətinin, sonra isə digər üzv ölkələrin hansı siyasəti həyata keçirəcəyini izləyəcəyik.

Azərbaycan coğrafi mövqeyinə, o cümlədən Avropa ilə Asiyanı birləşdirən dəhlizin yerləşməsinə görə CAREC regionunda çox mühüm ölkədir. CAREC regionda iqtisadiyyatın inkişafına çalışır. Azərbaycan inkişaf proqramımız çərçivəsində vacib tərəfdaşdır.

Beləliklə, bizim tez bir zamanda müəyyən etdiyimiz və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin də qeyd etdiyi çox vacib bir sahə Azərbaycan ərazisindən keçən Orta Dəhlizin istifadəyə verilməsidir. Beləliklə, biz trafikin əhəmiyyətli dərəcədə artdığını görürük və düşünürəm ki, Azərbaycan hökuməti pandemiyadan əvvəl yeni infrastruktur inkişaf etdirdiyi üçün üstünlüyə malikdir və Orta Dəhlizin inkişafında böyük uğurlara nail olub. Mövcud nəqliyyat və logistika marşrutlarının pozulması fonunda Orta Dəhliz vacib rol oynayır. Biz Azərbaycandan keçən və Asiyanı bir çox qlobal marşrutlarla birləşdirən bu dəhlizin tam şəkildə fəaliyyət göstərməsi istiqamətində əzmlə çalışacağıq.

Əməkdaşlıq üçün növbəti mühüm sahə enerjidir, çünki Azərbaycan enerji resursları ilə zəngindir və artıq bu sahədə böyük oyunçuya çevrilir. Bizə təqdim olunmuş hesabatdan göründüyü kimi, Azərbaycanın qaz ixracı il ərzində 30 faiz artıb. Beləliklə, Azərbaycan enerji sektorunda daha çox iqtisadi resurslara malik olduğundan bütün region üçün rıçaq ola bilər. Bu yolla Bakı yeni enerji təchizatı zəncirlərinə şaxələndirilə bilər ki, bu da bizim işləyəcəyimiz başqa bir sahə olacaq.

- Dünyadakı geosiyasi vəziyyəti nəzərə alaraq, bir çox ölkələr Avropa ilə Asiya arasında yüklərin çatdırılması üçün alternativ yollar axtarır. Bu kontekstdə Azərbaycanın tranzit potensialını necə qiymətləndirirsiniz?

- Azərbaycanın Xəzəri ölkə daxilində dəmir yolu və avtomobil yolları ilə birləşdirən multimodal nəqliyyat dəhlizləri sayəsində böyük tranzit potensialı var ki, bu da dünyanın ən böyük iqtisadiyyatlarını birləşdirməyə imkan verir. Bu marşrutun bir tərəfində Avropa, digərində isə Çindir. Gələcəkdə ticarətin böyük hissəsi bu multimodal nəqliyyat dəhlizləri vasitəsilə həyata keçiriləcək və hesab edirəm ki, Azərbaycan onların mərkəzinə çevriləcək.

Mövcud nəqliyyat və logistika marşrutlarının pozulması fonunda Orta Dəhliz vacib rol oynayır. Biz Azərbaycandan keçən və Asiyanı bir çox qlobal marşrutlarla birləşdirən bu dəhlizin tam şəkildə fəaliyyət göstərməsi istiqamətində əzmlə çalışacağıq.

- Bakıda ilk dəfə olaraq CAREC Beyin Mərkəzlərinin İnkişafı Forumu keçirildi. Beynəlxalq institutların və bir sıra ölkələrin beyin mərkəzlərinin nümayəndələri mühüm məsələləri müzakirə etmək üçün Bakıya toplaşmışdılar və bu kontekstdə soruşmaq istərdim ki, iqtisadi institutlar, beyin mərkəzləri müasir qlobal çağırışların aradan qaldırılmasında hansı rolu oynaya bilər?

- Bu böhran ssenarisində beyin mərkəzlərinin rolu böyükdür, çünki ölkələrin hökumətləri daha çox qlobal problemləri, məsələn, geosiyasi və ya səhiyyə məsələlərini həll etməklə məşğuldur. Beləliklə, siyasətçilərin düşünmək və konsentrasiya etmək üçün kifayət qədər vaxtı yoxdur, buna görə də CAREC və ESRI kimi beyin mərkəzlərinin bu sahədə fəaliyyəti qaçılmazdır.

CAREC proqramı müvafiq tədqiqatlar aparmaqla Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatlarının inkişaf proqramlarının reallaşdırılmasına xidmət edir. Beynəlxalq tədqiqat institutları məlumatların alınması və təqdim olunmasının operativliyi üçün rəqəmsallaşmadan maksimum yararlanmalıdırlar.

Biz iqtisadi sahələrdə, COVID-19-la mübarizə, eləcə də bir sıra digər vacib istiqamətlərdə yeni proqramlar yaratmışıq. Ümidvaram ki, birgə səylərimiz qarşıda duran çağırışların öhdəsindən layiqincə gəlməyə imkan verəcək.

Tamilla Məmmədova

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?