10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mahir Hümbətov: “CAREC-ə üzv ölkələrin əksəriyyəti bizə dəstək verməyə qadirdir” MÜSAHİBƏ

Bu günlərdə Bakıda Asiya İnkişaf Bankının (AİB) Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) İnstitutu (CI) və İqtisadiyyat Nazirliyinin İqtisadi Elmi Tədqiqat İnstitutunun (ESRI) təşkilatçılığı ilə CAREC Beyin Mərkəzlərinin 6-cı İnkişaf Forumu keçirilib. İqtisadi Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hümbətov mövzu ilə bağlı “vergilər.az”ın suallarını cavablandırıb:  

- Mahir müəllim, CAREC Beyin Mərkəzlərinin VI İnkişaf Forumunun Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

- Forum 2016-cı ildən başlayaraq, hər il Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutuna üzv dövlətlər tərəfindən keçirilir. İlk dəfə olaraq bu beynəlxalq tədbir Azərbaycanda təşkil olundu. Forumun mövzuları, əsasən, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın əsas məqsədləri və istiqamətləri ilə üst-üstə düşür. Rəqəmsallaşma, ticarətin asanlaşdırılması, nəqliyyat dəhlizlərinin formalaşdırılması, logistika potensialının artırılması və onlardan istifadə, “yaşıl iqtisadiyyat” bu istiqamətlər sırasındadır. Əsas məsələlərdən biri odur ki, CAREC-ə üzv ölkələrin əksəriyyəti bizə Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyimizdən üstün şəkildə istifadə etməyimizə dəstək verməyə qadirdir. Çünki onların da əksəriyyətinin coğrafi mövqeyi, bizim kimi, nisbətən Şərqə və Qərbə doğru olmaqla orta xətt üzərindədir. Məsələn, Gürcüstan həm nəqliyyat dəhlizləri, həm də enerji sahəsi üzrə partnyorumuzdur. Xəzər dənizinin əks tərəfində olan Qazaxıstan və Türkmənistanla, eləcə də əməkdaşlığımızın sürətlə genişləndiyi Özbəkistanla iqtisadi əlaqələrimizin inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, CAREC tipli institutlar beynəlxalq status daşıyır və həmin instituta üzv ölkələrlə nəinki birtərəfli, hətta çoxtərəfli əməkdaşlıq formatları üzrə əlaqələr qura, onların beyin mərkəzləri ilə əməkdaşlıq edə bilirsən. Forumda iştirak edən Özbəkistanın aparıcı bir beyin mərkəzi bizə əməkdaşlıq üçün müraciət etdi.

Əsas məsələlərdən biri odur ki, CAREC-ə üzv ölkələrin əksəriyyəti bizə Avropa və Asiya arasında yerləşən coğrafi mövqeyimizdən üstün şəkildə istifadə etməyimizə dəstək verməyə qadirdir.

- Forum çərçivəsində CAREC İnstitutu və İqtisadi Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu sənəddə hansı istiqamətlər üzrə əməkdaşlıq nəzərdə tutulur?

- Memorandumda rəqəmsallaşma, nəqliyyat dəhlizləri, ölkələrarası ticarətin asanlaşdırılması, “yaşıl iqisadiyyat”, dövlət-özəl tərəfdaşlığı və s. istiqamətlər üzrə layihələrin icrası nəzərdə tutulub. Bütün bunlar qarşılıqlı loqistika imkanlarının artırılması, ticarət əlaqələrinin asanlaşdırılması deməkdir. Ölkələr arasında müxtəlif ticarət anlaşmaları həyata keçirilə bilər ki, bunun da ikitərəfli və çoxtərəfli formatda olması mümkündür. Loqistika imkanlarımızdan səmərəli şəkildə istifadə etdikdə biz yalnız tranzit potensialımızdan faydalanmırıq, həm də yerli istehsala və ixraca təkan veririk. CAREC-lə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan istiqamətlərin hər biri üzrə əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. “Yaşıl enerji”nin tətbiqinin genişləndirilməsi, loqistika imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı olan birbaşa və ya dolayı məsələlər bu əməkdaşlıq istiqamətlərinin tərkib hissələridir. Çalışırıq ki, bu kimi məsələlərin hər birini beynəlxalq arenada təbliğ etməklə ortaq məqamları tapaq ki, üzv ölkələr bizimlə əməkdaşlıq etməkdə maraqlı olsunlar.

- Azərbaycan daha çox hansı ölkələrin beyin mərkəzləri ilə əməkdaşlıq edir?

- Biz həm ikitərəfli, həm də üçtərəfli formatda müxtəlif ölkələrlə əməkdaşlıq edirik. Hətta çoxtərəfli əməkdaşlıq formatları da mövcuddur. Şanslıyıq ki, əməkdaşlıq etdiyimiz ölkələrin əksəriyyəti region üçün mühüm əhəmiyyət kəsb edən dövlətlər sırasındadır. Təbii ki, bu, dövləyimizin siyasət quruculuğunu formalaşdıran ölkə rəhbərliyinin əməyinin bəhrəsidir. CAREC-ə üzv olmamasına baxmayaraq, Türkiyə bu sahələr üzrə əməkdaşlıq etdiyimiz ən vacib partnyorlardandır.

CAREC-lə “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan istiqamətlərin hər biri üzrə əməkdaşlıqla bağlı müzakirələr aparmışıq. “Yaşıl enerji”nin tətbiqinin genişləndirilməsi, loqistika imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı olan birbaşa və ya dolayı məsələlər bu əməkdaşlıq istiqamətlərinin tərkib hissələridir.

- Azərbaycanın beyin mərkəzinin fəaliyyətini necə dəyərləndirirsiniz, bu sahənin daha da təkmilləşdirilməsi üçün hansı tədbirləri münasib bilirsiniz?

- Əslində, “beyin mərkəzi” anlayışı bizim üçün heç də yad deyil. Ölkəmizdə beyin mərkəzləri daha əvvəllər də mövcud olub. Düşünürəm ki, beyin mərkəzlərini qeyri-hökumət təşkilatlarından, məhdud məsuliyyətli cəmiyyətlərdən, yaxud da sovet dövründən qalmış tədqiqat müəssisələrindən və ya universitetlər nəzdində olan tədqiqat mərkəzlərindən ayırmaq çox vacibdir. Müqayisə etsək, görərik ki, sovet dövründən qalmış tədqiqat mərkəzlərində, – onların bəziləri bağlanıb, bəziləri müxtəlif qurumların tabeliyinə verilib, - daha çox elmyönümlü tədqiqatlar aparılır. Beyin mərkəzlərinin fəaliyyəti isə limitli deyil. Bu mərkəzlərin bəziləri həm elmi, həm də siyasət quruculuğu üzrə fəaliyyət göstərir, bəziləri isə yalnız siyasət quruculuğu sahəsi ilə məşğul olur. Bunların hər birinin Azərbaycanda olması, əlbəttə ki, bizim üstünlüyümüzdür. Bütün bunlarla yanaşı, biz institutumuzu həmçinin, konsultasiya və treninq isiqamətləri üzrə də formalaşdırmaq niyyətindəyik. 60 ilə yaxın tarixə malik olan institut genişmiqyaslı doktorantura proqramı həyata keçirir. Bu il doktorantura proqramını 3 ixtisas şifrəsindən 12 ixtisas şifrəsinə qaldırmışıq və yaxın vaxtlarda ixtisas imtahanlarına start veriləcək. Gələcəklə bağlı da planlarımız var: bunlar ikili dərəcələrin tətbiqi, ekspertlərin mübadiləsi, Qərb və Şərqin müxtəlif tanınmış universitetləri ilə birlikdə doktorantura proqramı həyata keçirməkdir.

60 ilə yaxın tarixə malik olan institut genişmiqyaslı doktorantura proqramı həyata keçirir. Bu il doktorantura proqramını 3 ixtisas şifrəsindən 12 ixtisas şifrəsinə qaldırmışıq və yaxın vaxtlarda ixtisas imtahanlarına start veriləcək.

- Hazırda dünya ekoloji baxımdan təmiz “yaşıl enerji”yə keçidə üstünlük verir. Artıq Azərbaycanda da “yaşıl enerji” vacib istiqamətə çevrilir. Bununla bağlı keçid siyasətinin inkişafı nəzərdə tutulurmu?

- Artıq bir neçə beynəlxalq şirkətlə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə bu sahə üzrə müqavilə imzalanıb. Uzun illər Azərbaycanda Energetika Nazirliyinin tabeliyində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi mövcud olub ki, bunun da sayəsində külək, su enerjisi, eləcə də su turbinləri vasitəsilə enerjinin əldə edilməsi ilə bağlı layihələr icra edilib.
Bu gün dünyada enerji qiymətlərinin bahalaşması və bunun nəticəsində bir çox ölkələrdə inflyasiyanın artması müşahidə edilir. Belə bir şəraitdə bütün ölkələr “yaşıl enerji” ehtiyatı yaratmaqda maraqlıdır. Amma bu, heç də asan məsələ deyil və kifayət qədər vaxt aparan, dərin tədqiqata ehiyac duyulan bir işdir. Günəş panelləri hazırda Çində, Türkiyədə və digər ölkələrdə istehsal edilir. Lakin bu panellərin istehsalını fizika, kimya qanunlarına, məhsulların istehsalı zamanı onların tərkib hissələrinə uyğun təşkil etmək lazımdır. Əks halda, hansısa fiaskoya uğramaq olar.

Bizim ölkəmiz üçün “yaşıl enerji” sahəsi üzrə tədqiqat aparmaq çətin deyil. Çünki istər “yaşıl”, istərsə də ənənəvi enerji Azərbaycanda illərlə mövcud olub.

Buna görə də “yaşıl enerji” tədqiqata açıq olan bir sahədir. Bizim ölkəmiz üçün “yaşıl enerji” sahəsi üzrə tədqiqat aparmaq çətin deyil. Çünki istər “yaşıl”, istərsə də ənənəvi enerji Azərbaycanda illərlə mövcud olub. Quruda çıxarılan ilk neftdən enerjinin əldə edilməsi Azərbaycanda baş veribsə, nəyə görə bundan sonra da “yaşıl enerji” ilə bağlı uğurlar bizim ölkədə olmasın?! Biz, sadəcə, bu məsələnin fiskal tərəflərinə də diqqət etməliyik.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?