10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rüfət Bayramov: “Avropa ölkələri artıq Azərbaycan üzərindən yükdaşımalara önəm verirlər” MÜSAHİBƏ

Dünyada baş verən siyasi proseslər TRACECA (Transport Corridor Europe-Caucasus-Asia) Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinin əhəmiyyətini daha da artırıb. TRACECA-nın Hökumətlərarası Komissiyasının Azərbaycan üzrə milli katibi Rüfət Bayramov “vergiler.az”ın suallarını cavablandırır.

- Rüfət müəllim, loqistika ilə bağlı dünyada yaranmış mövcud reallıq fonunda TRACECA dəhlizi necə görünür?


- İndi TRACECA-da fəallıq xeyli artıb. Çin istiqamətindən onlarla blok qatarlar artıq TRACECA ilə yola salınır. Bu istiqamətdən göndərilən blok qatarların sayı ötən illə müqayisədə 70-dən çoxdur. Bu, tarixi göstəricidir. Çünki indiyədək TRACECA ilə Çin-Avropa istiqaməti üzrə bu qədər yükdaşıma olmayıb. Orta Asiya-Avropa istiqamətində ənənəvi olaraq daha çox Rusiya ərazisindən istifadə edən Orta Asiya ölkələri də artıq Azərbaycan üzərindən daşımalara önəm verirlər. Xüsusilə Özbəkistanın, Türkmənistanın dəhlizə marağınının artdığını qeyd etmək lazımdır. Türkmənistan TRACECA-ya üzv olmasa da, artıq bir necə TRACECA layihəsinə maraq göstərməyə başlayıb. Eyni zamanda, Avropa ölkələri də dəhlizə böyük maraq göstərirlər. Polşa, Macarıstan və s. ölkələr Azərbaycan üzərindən yükdaşımalara önəm verir və bizim dəhlizdən istifadə edirlər.


- Bəs TRACECA dəhlizi vasitəsilə hansı istiqamətlər üzrə yükdaşımalarda problemlər yaranıb?


- Nəzərə alaq ki, Ukrayna TRACECA-ya üzv ölkələrin sırasındadır. Ukrayna limanları indi fəaliyyət göstərmədiyindən bu ölkə üzərindən dəniz daşımaları, demək olar ki, həyata keçirilmir. Bu, yükdaşımalar üçün problem yaradan əsas məsələdir. Moldova-Ukrayna, Ukrayna-Moldova yükdaşımaları, TRACECA çərçivəsində Ukrayna-Gürcüstan arasında reyslər təxirə salınıb. Lakin bu problemlərin Orta Asiya-Azərbaycan-Avropa və Orta Asiya-Azərbaycan-Türkiyə yükdaşımalarına heç bir təsiri yoxdur.
- Hazırda TRACECA dəhlizindən nə qədər yük daşınır? Bu ilin sonuna kimi dəhlizlə yükdaşımalarda nə qədər artım olacağı gözlənilir?
- TRACECA çərçivəsində il ərzində 51-52 milyon ton yük daşınır. Onun təqribən 19 faizi dəmir yolu, 16 faizi quru yolu ilə daşınır. Yüklərin təxminən 63 faizini, ənənəvi olaraq, neft məhsulları təşkil edir ki, onlar da boru xətləri ilə daşınır. Biz ümumi yükdaşımada qeyri-neft məhsullarının payının artacağını proqnozlaşdırırıq. Ümumilikdə bu ilin sonuna kimi yükdaşımada 30 faizə qədər artımın olacağını gözləyirik.

TRACECA çərçivəsində il ərzində 51-52 milyon ton yük daşınır. Onun təqribən 19 faizi dəmir yolu, 16 faizi quru yolu ilə daşınır.

- Bu gün TRACECA-nın mövcud infrastrukturu nə qədər yükü qəbul etməyə imkan verir?

- Dəhlizin əsas nəqliyyat infrastrukturu, demək olar ki, hazırdır, amma həll edilməsi vacib olan bəzi məsələlər də var. Qazaxıstanın Aktau limanı tərəfdə bərə problemi var. Qazaxıstandan Azərbaycana neft və neft məhsullarının daşınması ilə bağlı bəzi çətinliklər ortaya çıxır ki, onların da tez bir zamanda öz həllini tapacağına inanıram. Yükdaşıma həcminə gəldikdə, hazırda konteyner daşıması qeyri-neft məhsullarının daşınmasında, xüsusilə Çin-Avropa istiqaməti üzrə daşımada daha çox istifadə edilir. Artım tempi belə davam edərsə, yükdaşımada elektron sistem tətbiq olunarsa, 2030-cu ilədək yükdaşımanı 700 min konteynerə qədər yüksəldə bilərik. İndiyədək bizim tranzit daşımada illik maksimum göstəricimiz 50-60 min konteyner olub.

Artım tempi belə davam edərsə, yükdaşımada elektron sistem tətbiq olunarsa, 2030-cu ilədək yükdaşımanı 700 min konteynerə qədər yüksəldə bilərik.

- Yükdaşıma üçün Xəzər dənizin limanlarının potensialından kifayət qədər istifadə edilirmi?

- Limanların potensialı böyükdür, ancaq hələ bu potensialdan kifayət qədər istifadə edilmir. Bakı Beynəlxalq Ticarət Limanının hazırda yükaşırma potensialının 40 faizə qədərindən istifadə edilir. Bu göstərici limanın inşasının hazırkı birinci fazasına aiddir. İkinci fazada limanın yükaşırma qabiliyyəti 25 milyon tona qədər artırılacaq, liman 500 min konteynerə qədər yük qəbul edə biləcək. 2030-cu ilədək TRACECA yükdaşımanı 700 min konteynerə qədər yüksəldə bilsə, bu o deməkdir ki, bizim limanımız ikinci faza tamamlananda artıq bu həcmdə yükü rahatlıqla qəbul edə biləcək. Bunun üçün Qazaxıstan tərəfi də bəzi işlər görməlidir. Qazaxıstanla Çin sərhədindəki Xorqos yük terminalının yükaşırma potensialı kifayət qədər böyükdür və bundan istifadə edilməlidir.

- Yükdaşımaların artırılması üçün yeni limanların, gəmi və yükdaşıma konteynerlərinin cəlb edilməsinə ehtiyac varmı?

- Konteynerlərlə bağlı müəyyən problem var. Şərq-Qərb istiqaməti üzrə Çindən Avropaya aparılan konteyner tarasının geri qaytarılması bir az çox vaxt aparır, bəzi dövrlərdə bazarda müəyyən qıtlıqlar yaranır. Limanların cəlb olunmasına gəldikdə, Bakı Dəniz Ticarət Limanından savayı, Hövsan, Zirə limanlarımız da mövcuddur. Onlar da kifayət qədər yük qəbul edirlər. Keçən il Hövsan limanı təxminən 800 min tona qədər yük emal etmişdi. Ancaq bu limana ciddi investisiyaların qoyulması tələb olunur: avadanlıqlar, kranlar, körpülər bir az köhnə olduğundan liman tam həcmdə çalışmır. Hazırda bu problemlərin həlli üçün müəyyən tədbirlər həyata keçirilir ki, bütün bunlar da sonda yükdaşıma prosedurunu daha çevik edəcək, yükün qəbul, emal edilməsinə, tranzitinə töhfə verəcək.

- TRACECA-ya üzv ölkələr infrastrukturun genişləndirilməsi ilə bağlı müzakirələr aparırlar. Bu müzakirələr nəticəsində indiyədək nələrə nail olunub?

- TRACECA proqramı çərçivəsində texniki dəstək proqramlarına uyğun olaraq 20 il ərzində - 2016-cı ilə qədər Avropa İttifaqının (Aİ) və üzv ölkələrin iştirakı ilə nəqliyyat infrastrukturunun qurulmasına 4 milyard avro həcmində investisiya yatırılıb. Stansiyaların, dəmir yolları seqmentinin tikilməsi, limanlarda bərpa işlərinin aparılması və s. üzrə ümumilikdə 148 layihə icra edilib. 2016-cı ildən bu layihələrin icrası dayandırılıb. Aİ tərəfindən TRACECA-ya artıq texniki dəstək göstərilmir. Aİ diqqəti ölkələrlə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ikitərəfli əməkdaşlıq üzərində cəmləşdirib. TRACECA-nın 2026-cı ilədək müəyyənləşdirilmiş strategiyasında önəm daha çox infrastuktura deyil, qanunvericiliyin uyğunlaşdırılmasına, proseslərin çevikləşdirilməsinə yönəldilib. Hazırda TRACECA çərçivəsində müəyyən prosedurlar, ələlxüsus konteyner daşımaları üzrə ümumiləşdirilmiş sənədlər, tranzit sistemi üzərində çalışırıq. Azərbaycan və Qazaxıstan TRACECA dəhlizi üzrə "Qlobal tranzit sənədi" layihəsinə qoşulmaq niyyətini nümayiş etdirib. Hazırda Türkiyə və Gürcüstandakı həmkarlarımızdan reaksiya gözləyirik.

Qlobal tranzit sənədi" yüklərin TRACECA ölkələri arasında vahid elektron sənəd əsasında mübadilə olunmasına imkan yaradacaq.

"Qlobal tranzit sənədi" yüklərin TRACECA ölkələri arasında vahid elektron sənəd əsasında mübadilə olunmasına imkan yaradacaq. TRACECA çərçivəsində gömrük işçilərinin işçi qrupu yaradılıb. Onu da nəzərə alamq lazımdır ki, TRACECA ölkələrinin hüquq sistemi fərqlidir. Azərbaycan, Gürcüstan, Türkiyə Avropa ölkələrində tətbiq olunan NCTS (Ortaq Tranzit Rejimi) sisteminə qoşulub. Qazaxıstan və digər Orta Asiya ölkələri isə Avrasiya İqtisadi Birliyinin Gömrük İttifaqına daxildir. Ona görə də bu istiqamətdə qanunvericiliyin uyğunlaşdırılması məqsədilə işlər görülməlidir.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?