11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cavid Axundov: "Gül ixracı üçün Özbəkistan və Yaxın Şərq ölkələrinin bazarları araşdırılır" MÜSAHİBƏ

Sovet dövründə Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. SSRİ dağıldıqdan sonra gülçülük sənayesi müəyyən qədər tənəzzülə uğrasa da, son illərdə bu sahədə yenidən canlanma yaranıb. “vergiler.az”ın suallarını Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov cavablandırır.

- Cavid müəllim, Azərbaycanda indi daha çox hansı güllər istehsal edilir?

- Son beş ildə ölkəmizin gülçülük ənənələri yenidən bərpa olunmağa başlayıb. İndi ölkəmizdə güllərin istehsalı ilə yanaşı, satış həcmi də artıb. İstehsal edilən güllər arasında ənənəvi olaraq qızılgül əhəmiyyətli paya malikdir. Gül bazarının təxminən 70 faizini qızılgül təşkil edir. Azərbaycanda il ərzində 15 milyon ədəd qızılgül becərilir. Qızılgüldən başqa elestoma, qərənfil, tülpan, pion da istehsal edilərək satılır. Azərbaycanda dörd şirkət: Bakının Xəzər rayonunun Zirə qəsəbəsindəki “Az-Roza”, Qala qəsəbəsindəki “Azerbaijan Flowers Company”, Qəbələdəki “Azrose”, Şəmkirdəki “AzAqro” şirkətləri qızılgülü sənaye üsulu ilə istehsal edir. Qalan güllər isə həyətyanı sahələrdə kiçik və orta biznes subyektləri, fiziki şəxslər tərəfindən becərilir.

- Son zamanlar ölkəmizdə lavanda istehsalına üstünlük verilməsi nə ilə bağlıdır?

- Azərbaycanda lavandanın populyarlaşmasının birinci səbəbi odur ki, lavanda istehsalı təkcə gülçülük sahəsi kimi qiymətləndirilmir. Onun əkildiyi sahə turizm məkanı kimi də maraq doğurur. Bu yaxınlarda Qəbələdə keçirilmiş lavanda festivalına gələnlər buraya turizm məqsədilə səfər etmişdilər. Digər səbəb odur ki, lavandadan kosmetologiya və parfümeriyada istifadə edilən yağ istehsal olunur. Üçüncü səbəb isə bu gülün gözəlliyi və qiymətinin baha olmamasıdır.

Azərbaycanda lavandanın populyarlaşmasının birinci səbəbi odur ki,
lavanda istehsalı təkcə gülçülük sahəsi kimi qiymətləndirilmir.
Onun əkildiyi sahə turizm məkanı kimi də maraq doğurur.

- Azərbaycanın zəfər simvolu kimi məşhurlaşmış, qeyri-adi görünüşü olan xarıbülbülün ölkəmizdə sənaye məqsədilə yetişdirilməsi mümkündürmü?

- Mən bu məsələni araşdırmışam. Təəssüf ki, bu, bir qədər çətin ola bilər. Çünki xarıbülbül Qarabağın yalnız bir necə hissəsində bitir. Spesifik gül olan xarıbülbülün yetişdirilməsi üçün xüsusi iqlim şəraiti lazımdır. Bundan əlavə, bu gül, əsasən, may ayında bitir ki, müddətin məhdudluğu da sənaye istehsalı üçün problem yaradır. Amma xarıbülbül Azərbaycanın gülçülük sənayesinin simvoluna çevrilə bilər. Gələcəkdə Qarabağda yetişdirilən gülləri xaricə xarıbülbül loqotipi ilə göndərə bilərik. Bu da bir növ mesaj olar ki, biz işğaldan azad olmuş ərazilərimizi çiçəkləndiririk.

- Azərbaycan gülə olan tələbatını yerli istehsal hesabına ödəyə bilirmi?

- Hazırda ölkəmizdə gülə olan tələbatın 65-70 faizi yerli istehsal hesabına ödənilir. Amma birmənalı deyə bilərəm ki, gələcəkdə bu tələbatı tam olaraq yerli istehsalla ödəmək mümkündür.

- İdxaldan asılılığın azaldılması üçün xaricdən gətirilən hansı güllər ölkəmizdə yetişdirilə bilər?

- Azərbaycan Cənubi Amerikadan, Ekvador, Kolumbiya, Hollandiya və bəzi Afrika ölkələrindən qızılgül, pion, tülpan idxal edir. Pərakəndə satıcılar daha çox Cənubi Amerika qızılgülünü satmağa üstünlük verirlər. Düşünürəm ki, Azərbaycan idxal etdiyi tülpan və pionu özü yetişdirə bilər. Artıq müasir dövrdə güllərin yetişdirilməsi üçün bölgənin heç bir fərqi yoxdur. Çünki iri istehsal müəssisələri gülləri Hollandiya texnologiyası əsasında qurulmuş müasir tipli istixanalarda yetişdirirlər. Ümumilikdə isə dağətrafı ərazilər güllərin yetişdirilməsi üçün daha əlverişli sayılır. Hesab edirəm ki, Qarabağda da gələcəkdə tülpan və pion yetişdirilə bilər. Qarabağın iqlimi bu güllərin istehsalı üçün çox əlverişlidir.

Gələcəkdə Qarabağda yetişdirilən gülləri xaricə xarıbülbül
loqotipi ilə göndərə bilərik. Bu da bir növ mesaj olar ki,
biz işğaldan azad olmuş ərazilərimizi çiçəkləndiririk.

- Azərbaycan güllərinin ixrac bazarının genişləndirilməsi nəzərdə tutulurmu?

- Son 3 il ərzində Azərbaycanın qızılgülləri Rusiyaya, Gürcüstana ixrac edilib. Ancaq bu, kütləvi olmayıb. Dünyada rəqabət güclüdür, Cənubi Amerika və Afrika ölkələrinin istehsal etdiyi qızılgüllər kifayət qədər aşağı qiymətə satılır. Bundan başqa, dünyadakı son hadisələr də loqistika baxımından müəyyən problemlər yaradır. İndi loqistika xərcləri bir az artıb. Amma deməzdim ki, bu, bizim üçün böyük problem yaradır. Çünki onsuz da Azərbaycandan qızılgül ixracı kütləvi hal almayıb. Hər bir ixracın arxasında iqtisadi səbəblər olur, ixrac ediləcək ölkələrin yerli istehsal vəziyyəti, loqistika xərcləri və s. nəzərə alınır. Məsələn, Rusiyada son 10 ildə çox güclü yerli qızılgül sənayesi yaranıb. Bunun hesabına onlar artıq özlərinin tələbatlarını ödəməyə başlayıblar.

Bütün bunlara baxmayaraq yeni bazarların tapılması üçün araşdırmalar aparılır. Hazırda Özbəkistan və Yaxın Şərq ölkələrinin bazarları araşdırılır.

Onu da qeyd edim ki, Azərbaycanda dövlət gülçülərə kifayət qədər dəstək verir. Gülçülük sənayesində istifadə edilən gübrələr və bir çox kimyəvi vasitələr gömrük rüsumundan azad edilib. Biz Kənd Təsərrüfatı Nazirliyi ilə də sıx əməkdaşlıq edirik. Məncə, bu sahədə dövlət-biznes dialoqu yaxşı qurulub və gülçülük sənayesinin inkişafına töhfə verir.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?