Orxan Hüseynzadə: "İşçilərin hüquqlarını bilmələri üçün geniş maarifləndirici tədbirlər həyata keçirilir" MÜSAHİBƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti müəssisələrdə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu olaraq, işəgötürənlə işçilər arasındakı əmək münasibətlərinin düzgün təşkilinə yardım edir. Xidmətin rəis müavini Orxan Hüseynzadə əmək münasibətlərinin tənzimlənməsi zamanı ortaya çıxan məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:
- Orxan müəllim, Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) daxil olan müraciətlərin mövzusu daha çox nə ilə bağlıdır?
- Daxil olan müraciətlər ən çox işçinin əmək məzuniyyəti hüququnun pozulması, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, işçilərin əmək müqavilələrinə əsassız xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməməsi, istehsalatda baş vermis bədbəxt hadisə ilə bağlı hüquqlarının bərpa olunmasına kömək göstərilməsi və s. ilə bağlıdır. DƏMX-yə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İcbari sığorta haqqında" qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmaması ilə əlaqədar müraciətlər də olunur.
Bunlardan əlavə, Əmək və Məşğulluq Alt Sistemində (ƏMAS) əmək müqaviləsi bildirişinə məlumatlar daxil edilərkən yol verilən texniki səhvlərlə bağlı müraciətlər edilir. Texniki səhv aşkar olunduqda işəgötürən müvafiq təsdiqedici sənədləri təqdim etməklə DƏMX-yə müraciət ünvanlayır və məlumatın texniki səhv nəticəsində daxil edildiyi müəyyənləşdirildikdən sonra səhv daxil edilmiş bildirişi ləğv edirik. Onu da qeyd edim ki, işəgötürən müvafiq təsdiqedici sənədləri təqdim etməklə ƏMAS üzərindən də müraciət formalaşdırıb göndərə bilər. İndiyədək işəgötürənlər tərəfindən həmin funksionallıqdan istifadə edilməklə 802 müraciət daxil olub.
Əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə İnzibati
Xətalar Məcəlləsində müvafiq inzibati tənbeh tədbirləri nəzərdə tutulub.
- Əmək qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması üçün hansı tədbirlər görülür?
- Müraciətlər araşdırılır və nəticəyə uyğun müvafiq inzibati tədbirlər həyata keçirilir. Qeyd edim ki, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində müvafiq inzibati tənbeh tədbirləri nəzərdə tutulub. Əmək qanunvericiliyini pozan şəxslər müvafiq qaydada məsuliyyətə cəlb edilir. Lakin inzibati tədbirlərdən əvvəl işəgötürənlər arasında ardıcıl maarifləndirmə tədbirləri aparılır.
2022-ci ilin yanvar-iyul ayları ərzində DƏMX tərəfindən vətəndaşlardan daxil olmuş 7.149 şikayət məzmunlu ərizə, eləcə də müxtəlif müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş 3.932 sorğu araşdırılaraq cavablandırılıb. 5.272 vətəndaş fərdi qaydada qəbul edilib. Müvafiq araşdırmalar nəticəsində aşkar olunan hüquq pozuntularının aradan qaldırılması üçün qanunvericilik çərçivəsində tədbirlər görülüb. Eyni zamanda, hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərə dair tələbləri barədə məlumatlar verilib.
2022-ci ilin ilk yeddi ayı ərzində DƏMX-nin, vətəndaş müraciətlərinə əsasən apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən işçilərə 441 min manatdan çox əməkhaqqı, müavinət və kompensasiya ödənişlərinin gecikdirildiyi müəyyən edilib və həmin vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.
- Adətən, hər il DƏMX Əmək Məcəlləsinin tələblərindən çıxış edərək yay fəslində havanın temperaturunun 41 dərəcədən yüksək olduğu zamanlarda işəgötürənləri açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işləri dayandırmağa çağırır. İşəgötürənlər qanunvericiliyin bu tələblərinə əməl edirlərmi?
- Əməyin mühafizəsi – işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi standartları, normaları və qaydalarının bütün tələblərinə əməl olunmasını təmin etməlidirlər.
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi
normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər
Soyuq və isti hava şəraitində fasilələrin verilməsi və işin dayandırılması Əmək Məcəlləsinin 233-cü maddəsi ilə tənzimlənir. Həmin maddənin tələblərinə əsasən, işçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın temperaturu Əmək Məcəlləsinin 2-ci əlavəsində öz əksini tapıb. Belə ki, ilin soyuq vaxtında örtülü, lakin isidilməyən binalarda temperatur Selsi ilə müsbət 14 dərəcədən aşağı olduqda, işçilərə fasilələr verilir və ya iş dayandırılır. İşlərin dayandırılması və isinmək üçün fasilələr verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqları təşkilatının birgə qərarı ilə həyata keçirilir. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Qanunvericilikdə qeyd olunan hava şəraiti müşahidə olunduqda DƏMX müvafiq elektron sistem, KİV və sosial şəbəkələr vasitəsilə işəgötürənlərə xəbərdarlıq edir. Müşahidələrimizə əsasən, işəgötürənlərin böyük qismi bu çağırışlara əməl edir. Əməyin mühafizəsi qaydalarına riayət olunmamasına, istehsalatda bədbəxt hadisələrin baş verməsinə daha çox tikinti, emal sənayesi, elektrik enerjisi sektorlarında rast gəlinir.
Onu da qeyd edim ki, əməyin mühafizəsi qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsində cərimə nəzərdə tutulub.
- Müəyyən sərtləşdirici tədbirlərin görülməsinə, cərimələrin tətbiqinə baxmayaraq, bəzi işəgötürənlər hələ də işçilərin məzuniyyət hüquqlarının tam təmin edilməsinə maraq göstərmirlər. Bu sahədəki çatışmazlıqları aradan qaldırmaq üçün hansı tədbirlər görülür?
- Hazırda sahibkarlıq fəaliyyəti üzrə planlı və plandankənar yoxlamalar dayandırıldığından DƏMX işçilərin hüquqlarını pozan işəgötürənlər barədə yalnız daxil olmuş müraciətlər əsasında inzibati xəta haqqında iş üzrə icraat apara bilir. Eyni zamanda, işçilərin qanunvericilikdən irəli gələn hüquqlarını bilmələri üçün geniş maarifləndirici tədbirlər həyata keçirilir. İşçilərin öz hüquqlarını bilməsi qanunvericiliyin tələblərinə işəgötürənlər tərəfindən əməl etməmə kimi halların müəyyən dərəcədə qarşısını almağa kömək edir.
İşəgötürən işçinin əmək müqaviləsinə xitam verən zaman ƏMAS-da “ödənilməmiş məzuniyyət günlərinin sayı” adlı dialoq pəncərəsi əks olunur, gələcəkdə bunun sistem tərəfindən avtomatik tənzimlənməsi planlaşdırılır.
Növbəti mərhələlərdə əmək müqaviləsi bildirişləri ilə bağlı sistem üzərindən həyata keçirilən əməliyyatlara dair işçilərin razılığını almaq məqsədilə işçilər tərəfindən ƏMAS üzərindən əməliyyatların aparılması nəzərdə tutulur. Sistemdə məzuniyyət günlərinin sayı və məzuniyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar digər məsələlərlə bağlı işçilərin iradəsini ifadə edən yeni funksionallıqlar olacaq. Nəticədə işçilər məzuniyyət hüququ ilə bağlı sistem üzərindən həyata keçirilən əməliyyatlara müvafiq münasibətlərini ifadə edəcəklər.
İşçilərin öz hüquqlarını bilməsi qanunvericiliyin tələblərinə işəgötürənlər
tərəfindən əməl etməmə kimi halların müəyyən dərəcədə qarşısını almağa kömək edir.
- Bu gün əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hansı işlər aparılır?
- Təbii ki, qanunvericiliyin təkmilləşdirilməsinə hər zaman ehtiyac var. Əmək Məcəlləsinə dəyişiklərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni qanun layihəsi hazırlanıb. Layihədə 170-ə yaxın əlavə və dəyişiklik yer alır. Məcəllənin, demək olar ki, bütün bölmələri ilə bağlı təkliflər irəli sürülüb. Buniunla yanaşı, İnzibati Xətalar Məcəlləsində də təkmilləşdirmə aparılır. Əmək münasibətləri sahəsində şərti cərimələrin tətbiq edilməsinin genişləndirilməsi və digər dəyişiklərin həyata keçirilməsi nəzərdə tutulur.
- İşəgötürənlər Əmək Məcəlləsinə uyğun olaraq işçilərə əlavə məzuniyyət və qısaldılmış iş günü hüququ verən istehsalatlar, peşələr, vəzifələr üzrə siyahını düzgün tətbiq edirlərmi? Bu sahədə dövlət nəzarətinin aparılması zamanı hansı çatışmazlıqlar üzə çıxır?
- “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tələblərinə uyğun olaraq Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü ilin yanvar ayının 1-dək dayandırıldığından DƏMX yerlərdə yoxlamalar həyata keçirmir. Müraciətlər “Vətəndaşların müraciəti haqqında” Qanunun tələblərinə uyğun qəbul edilir və araşdırılır. Müraciətlər əsasında inzibati xəta tərkibi müəyyən edildikdə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilir. Bildirim ki, yeni yaradılmış ƏMAS-a işəgötürən tərəfindən əmək şəraiti ağır olan vəzifələrlə bağlı əmək müqaviləsi bildirişləri daxil edilən zaman əmək məzuniyyəti hissəsində həmin işçilərə əlavə məzuniyyət verilməsi məcburi xana kimi daxil edilib.
- Qanunvericilik əmək şəraiti ağır, zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərə hansı güzəştlər verir? İşəgötürənlər qanunvericiliyin bu tələblərinə nə dərəcədə riayət edirlər?
- Əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan, eləcə də digər ağır istehsalat amilləri mövcud olan istehsalat sahələrində çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə müddəti 6 təqvim günündən az olmamaqla əlavə məzuniyyətlər verilir. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktiki işlədiyi vaxta mütənasib olaraq verilir. İşçinin bu əlavə məzuniyyət hüququ həmin iş yerlərində üst-üstə azı altı ay işlədikdə əmələ gəlir.
Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin
güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları var.
Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüquqları var. Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin Əmək Məcəlləsində nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
İşəgötürən əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini təmin etməlidir. Əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələr verilir.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
- Əmək hüquqları pozulan şəxslər DƏMX-yə necə müraciət edə bilərlər?
- Vətəndaşlar əmək hüquqlarının pozulması barədə şikayət etmək, həmçinin əmək hüquqları ilə bağlı məlumat almaq üçün DƏMX-yə elektron qaydada ([email protected]), sosial şəbəkələr (“Facebook”, “İnsagram”, “Telegram”, “Linkedİn”, “You tube”, “Tik-tok”, “Twitter”) vasitəsilə, poçtla (Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 37), eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə, DƏMX-nin Məlumat Mərkəzinə (012-525-55-45), istənilən DOST Mərkəzinə müraciət edə bilərlər.
Müraciətlər “Vətəndaşların müraciəti haqqında” Qanunun tələblərinə əsasən operativ cavablandırılır. Müraciətlər əsasında inzibati xəta tərkibi müəyyən edildikdə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul edilir.
İlhamə İSABALAYEVA