10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elxan Ələkbərov: "Azərbaycanda balın istehlak həcmi dünya göstəricilərindən 2 dəfə aşağıdır" MÜSAHİBƏ

Son illər arıçılığa göstərilən dövlət dəstəyi sayəsində bu sahə üzrə kifayət qədər inkişaf müşahidə edilməkdədir. Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov arıçılıq sahəsindəki vəziyyətlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Azərbaycanda nə qədər arı ailəsi var? Mövcud imkanlarımız ölkədə nə qədər arı ailəsi saxlamağa imkan verir?

- Azərbaycanda 600 mindən çox arı ailəsi var. Amma ölkəmizdə ən azı, 1 milyon arı ailəsinin saxlanılması üçün potensial var. Bu göstərici daha yüksək də ola bilər. Kəlbəcərin, Qarabağın mühiti arıçılıq potensialımızı artırmağa imkan verir.

- Arıçılığa dövlət dəstəyinin göstərilməsi bu sahənin inkişafına necə təsir edib?

- Subsidiyaların verilməsi arıçılığın inkişaf etməsinə səbəb oldu. Arıçılığa dövlət dəstəyi göstərildikdən - subsidiya verildikdən sonra Azərbaycanda arı ailələri alıb saxlamaq həvəsinə düşənlərin sayı çoxaldı. 2017-ci illə müqayisədə 2021-ci ildə arı ailələrinin sayı 2,3 dəfə, bal istehsalı isə 2,2 dəfə artıb. Ümumiyyətlə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı 13 ildə bal istehsalı 4,8 dəfə, arı ailələrinin sayı 4,4 dəfə artıb, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 11,1-dən 18,8-dək yüksəlib. Əvvəllər arıçılar yalnız yerli cins olan arı ailələri saxlayırdılar. Ancaq yerli cinslərin məhsuldarlığı çox aşağı idi. Son 5-7 ildə xaricdən gətirilmiş arı cinslərinin hesabına ölkədə hər bir arı ailəsinin məhsuldarlığı 30-40 faiz yüksəlib. 7-8 il əvvəl Azərbaycanda il ərzində istehsal edilən balın miqdarı 2 min ton idisə, indi istehsal həcmi 7 min tona çatıb. 2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min arı ailəsindən 6 min 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton vərəmum, 17,8 ton güləm və 215,4 kiloqram arı südü əldə olunub.

2021-ci ildə 33 min 332 təsərrüfatda mövcud olan 625,3 min
arı ailəsindən 6 min 802,7 ton bal, 172,6 ton mum, 15,6 ton
vərəmum, 17,8 ton güləm və 215,4 kiloqram arı südü əldə olunub.

- Azərbaycanın bala olan illik tələbatı nə qədərdir və bu tələbat nəyin hesabına ödənilir?

- Bala olan illik tələbatımız 6000 ton, il ərzində istehsal olunan balın miqdarı isə 7000 tondur. İndiyədək bala olan tələbat yerli balla yanaşı, həm də İran, Rusiya, Ukraynadan idxal edilən balın hesabına ödənilib. Lakin bu il istehsal həcmi çox olduğundan bala olan tələbatın yerli istehsal hesabına ödəniləcəyi gözlənilir.

- Məhsuldarlığın artmasını əsas gətirən bəzi arıçılar hesab edirlər ki, yaxın illər ərzində arıçılıq sahəsindəki inkişaf yavaşıyacaq. Sizcə, belə bir vəziyyətin yaranacağı gözləniləndir?

- Yaxın bir neçə ildə arıçılığın inkişafı sahəsində geriləmə gözləmirəm. Əksinə, Qarabağ bölgəsində arıçılıqla bağlı potensialın olması arıçılığa meyl edənlərin sayının daha da artmasına səbəb olub. Bu il həm Qarabağ zonasında, həm Aranda, həm də Quba-Qusar bölgəsində məhsuldarlıq yaxşı olub. Orta məhsuldarlıq cənub bölgəsində nisbətən zəif olub. Amma ümumilikdə bu il Azərbaycanda yüksək məhsuldarlıq qeydə alınıb. Məhsuldarlıq amilinə görə qiymətlərdə bir qədər enmə də müşahidə edilə bilər. Məhsuldarlığın çox olması arıçılar üçün satışda müəyyən problemlər yarada bilər.

- Azərbaycan balının dünya bazarlarına ixracının qeyri-qənatbəxş səviyyədə olmasının səbəbi nə ilə bağlıdır?

- Həqiqətən də Azərbaycan balının çox cüzi hissəsi xaricə ixrac edilir. Bunun səbəbi az bal istehsal etməyimiz deyil, ortada başqa amillər var. Birinci səbəb odur ki, Azərbaycanda balın qiyməti dünya qiymətlərindən ən azı, 3 dəfə yüksəkdir. Balın qiyməti yüksək olduğuna görə xarici alıcılar Azərbaycan balına o qədər də maraq göstərmirlər. Digər məsələ odur ki, sifarişçilər arıçılardan böyük miqdarda bal alarkən məhsulun hamısının eyni növə aid olmasını, yəni bütün balların eyni cür olmasını istəyirlər. Azərbaycanda böyük arıçılıq təsərrüfatlarının sayı çox az olduğundan arıçılar sifarişçilərə eyni cür bal verə bilmirlər. Müxtəlif balları birləşdirib eyni bal növünə salmaq üçün tələb olunan avadanlıqlar da yalnız bir necə arıçıda var. Balın çox az ixrac edilməsinin səbəblərindən biri də ixrac işinin təşkil edilməməsidir. Bu məsələ ilə bağlı araşdırma aparılmalıdır. Macarıstanın “Akasiya” balı premium formasında dünya bazarına çıxarılır. Dünyada akasiya balı çoxdur, amma biyan balı azdır. Biyan müalicəvi bitki olduğundan onun balı qiymətlidir. Biz də biyan balını Azərbaycan markası olaraq, dünya bazarına çıxara bilərik.

Qarabağ bölgəsində arıçılıqla bağlı potensialın olması arıçılığa
meyl edənlərin sayının daha da artmasına səbəb olub.

- Azərbaycan balının qiymətinin dünya ölkələri ilə müqayisədə daha yüksək olmasının səbəbi nədir?

- Əvvəllər məhsuldarlıq az olduğundan balın da qiyməti yüksək olub. Təxminən 5 il əvvəl Azərbaycanda 8 manata təmiz bal almaq mümkün deyildi, həmin dövrdə təmiz balın qiyməti 20-30 manata idi. Amma indi Azərbaycanda topdansatış qiymətə 8 manata bal tapmaq mümkündür. Sayı az olsa da, ölkəmizdə artıq 8-10 ton bal istehsal edən böyük arıçılıq təsərrüfatları var. Bu səbəbdən Azərbaycanda balın qiyməti yüksəlmir, topdansatış qiymətlərində sabitlik müşahidə edilir. Topdansatış qiymətləri isə ona görə enmir ki, qiymətlər enən kimi balın keyfiyyəti ilə bağlı anti-reklam aparılır.

- Azərbaycanın arıçılıq məhsullarının satışı sahəsində kifayət qədər brendi varmı?

- Bəli, var. “Qarabağlılar”, “Ballı”, “Pətək”, “Saf bal”, “Şah bal”, “Propolis” və s. bazarda özünə yer tutan brendlərin sırasındadır.

- Ölkəmizdə bal satışı demək olar ki, yarmarkalarda həyata keçirilir. Bal satışı üçün niyə xüsusi satış mərkəzləri yaradılmır?

- Bal yarmarkaları kifayət qədər uğur qazanıb. Bu yarmarkalar dövlət səviyyəsində keçirildiyindən əhalinin burada satılan arıçılıq məhsullarının keyfiyyətinə inamı çoxdur. Arıçılar çox istəyirlər ki, məhsullarının satışı üçün ayrıca mərkəzlər olsun. Lakin reklam və digər xərclərin çoxluğunu nəzərə alaraq, balların satışı üçün ayrıca mərkəzlərin açılması məsələsinə ehtiyatla yanaşırlar.

- Əhalinin arıçılıq məhsulları üzrə alıcılıq qabiliyyəti necədir?

- Azərbaycanda adambaşına düşən balın istehlak həcmi dünya göstəricilərindən 2 dəfəyə yaxın aşağıdır. Orta statistik Azərbaycan vətəndaşı 400-600 qram bal yeyir. Dünyanın bir çox ölkələrində bal qida məhsulu kimi satılır. Ancaq Azərbaycanda bal bir qida məhsulu kimi deyil, müalicəvi vasitə kimi satılır, çox təsadüfi hallarda bal qida məhsulu kimi alınır. Qiymətin baha olması da burada rol oynayır.

Dünyanın bir çox ölkələrində bal qida məhsulu kimi satılır.
Ancaq Azərbaycanda bal bir qida məhsulu kimi deyil, müalicəvi
vasitə kimi satılır, çox təsadüfi hallarda bal qida məhsulu kimi alınır.

- Hesab edilir ki, qiymət nə qədər yüksək olarsa, balın keyfiyyəti də o qədər yaxşıdır. Qiymət və keyfiyyət arasında əlaqə var? Azərbaycanda keyfiyyətli, təmiz balın pərakəndə satış qiyməti necəyədir?

- Qiymətin baha olmasının səbəbi balın keyfiyyətli olması ilə o qədər də əlaqəli deyil. Qubanın, Tovuzun 1 kq balı 30 manata, Balakən-Zaqatala, Aran balı isə 15 manata satılır. Hansısa təsərrüfatdakı arı ailələrinin məhsuldarlığı az olduğu üçün arıçı balı 30 manata satır. Məhsuldarlığı çox olanlar isə balı 15 manata satır.

- Azərbaycanın bal bazarında saxta ballara rast gəlinir. Bal bazarındakı saxta, keyfiyyətsiz balların əsas mənbəyi haradır?

- Konkret rəqəm söyləyə bilməsəm də, Azərbaycanda saxta balın dövriyyəsinin kiçik olmadığını deyə bilərəm. Saxta, keyfiyyətsiz balların arasında yerli istehsal olanlar da, xaricdən gətirilənlər də var. Məsələn, dünyanın ən ucuz balı olan Ukraynanın günəbaxan balı Azərbaycanda Qırğızıstanın tyanşan balı adı ilə satılır. Azərbaycana saxta ballar əsasən, Rusiyadan, aşağı keyfiyyətli ballar isə İrandan gətilir. Belə balların dövriyyəyə buraxılması ümumilikdə bal bazarına mənfi təsir edir.

- Azərbaycana il ərzində nə qədər bal idxal edilir?

- Azərbaycana il ərzində təxminən 100 ton bal idxal edilir. Amma hesab edirəm ki, real rəqəm bundan daha çoxdur. Ölkəyə idxal edilən balların çoxu gömrük orqanlarından təbii bal adı ilə keçirilmir. Onlar Azərbaycana bal esansı adı ilə daxil edilir, daha sonra isə təbii bal adı ilə satılır. Ona görə də statistik rəqəmlərlə real rəqəmlər arasında xeyli fərqin olduğunu düşünürəm. İndiyədək Azərbaycana ballar əsasən, Rusiya, Ukrayna, İran və Almaniyadan gətirilib.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?