Osman Xaliyev: “Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanları daha da genişlənəcək” MÜSAHİBƏ
Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sahibkarlığın inkişafında mühüm rol oynayacaq. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev strategiyadan irəli gələn məsələlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində ölkədə sahibkarlığın inkişafı sahəsində hansı irəliləyişlərin olacağı gözlənilir?
- Qəbul edilmiş yeni strategiyanın Azərbaycanda sahibkarlığın inkişafına bir çox istiqamətlərdə dəstək olacağı gözlənilir. Strategiya qeyri-neft-qaz sektorunun prioritet sahələri üzrə artım tempinin sürətlənməsinə, idxaldan asılılığın azaldılmasına, yerli sənayenin inkişafına, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına imkan verəcək. Sənədin icrası, eyni zamanda, ixrac potensialının yüksəldilməsinə, özəl və xarici investorların ölkə iqtisadiyyatındakı rolunun artırılmasına və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişləndirilməsinə gətirib çıxaracaq.
- Sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlılığının və şəffaflığının artırılması strategiyanın əsas hədəfləri sırasındadır. Sadalanan istiqamətlər üzrə hansı çətinliklər var və onların necə aradan qaldırılması, sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin hansı formada artırılması nəzərdə tutulur?
- Azərbaycanda sağlam və şəffaf biznes mühitinin mövcudluğu makroiqtisadi sabitliyi təmin etməklə yanaşı, ölkədə xarici investisiyaların artmasına da gətirib çıxaracaq. Nəticə etibarilə bu, ölkədə dayanıqlı inkişafın artmasına və yüksək keyfiyyətli insan kapitalının formalaşmasına dəstək ola bilər. Qeyd edilənlərlə yanaşı, yeni maliyyələşmə mexanizmlərinin formalaşdırılması sahibkarlıq, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə əlçatanlığının artırılmasına töhfə verəcək.
Azərbaycanda sağlam və şəffaf biznes mühitinin mövcudluğu makroiqtisadi sabitliyi
təmin etməklə yanaşı, ölkədə xarici investisiyaların artmasına da gətirib çıxaracaq.
Sahibkarlara dəstək mexanizmlərinin effektivliyinin, ünvanlığının və şəffaflığının artırılması istiqamətində mövcud çətinliklərə gəldikdə, qeyd edim ki, bunlar bəzi iş adamlarının maliyyə savadlılığının yetərincə olmaması, hesabatlılıq səviyyəsinin qəbul olunmuş standartlara cavab verməməsi, eləcə də şəffaflığın artırılmasında həvəsləndirici tədbirlərin yetərsizliyi, sahibkarlıq subyektlərinin uzunmüddətli maliyyə resurslarına çıxış imkanlarının məhdud olmasıdır. Dəstək mexanizmlərinin effektivliyinin artırılması üçün yeni təşviq və maliyyə mexanizmlərinin formalaşdırılmasına, biznes layihələrinin dəstəklənməsi üzrə mövcud mexanizmlərin təkmilləşdirilməsinə, beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsinə, sahibkarların müraciətlərinin elektronlaşdırılması və inteqrasiyanın təmin edilməsi yolu ilə proseslərin sadələşdirilməsinə ehtiyac var.
- Hazırda dövlət dəstəyi ilə verilmiş (təminatsız və ya aşağı təminatlı) kreditlərin məbləği və sayı nə qədərdir?
- Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ilin birinci yarım ilində ümumi dəyəri 100,9 milyon manat olan 1384 investisiya layihəsinin maliyyələşdirilməsinə 53,9 milyon manat həcmində güzəştli kredit verilib. O cümlədən hesabat dövründə ümumi dəyəri 135 min manat, kredit məbləği 50 min manat olan 1 investisiya layihəsinə avadanlıq krediti ayrılıb. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1379 yeni iş yerinin yaradılması təmin edilib.
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci ilin birinci yarım ilində ümumi
dəyəri 100,9 milyon manat olan 1384 investisiya layihəsinin
maliyyələşdirilməsinə 53,9 milyon manat həcmində güzəştli kredit verilib.
Fond aktiv fəaliyyətə başladığı dövrdən, 2002-ci ildən bu ilin iyul ayının 1-dək ümumi dəyəri 6.3 milyard manat olan 40.000-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsinə 2.7 milyard manat güzəştli kredit verilib. Verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 177.000-dən çox yeni iş yerinin yaradılması mümkün olub.
- Dövlət dəstəyi ilə verilmiş (təminatsız və ya aşağı təminatlı) kreditlərin məbləğinin və sayının artması hansı nəticələrə səbəb ola bilər? Artımdan sonra kreditlərin məbləği hansı həddə yüksələ bilər?
- Dövlət dəstəyi ilə verilmiş kreditlərin genişləndirilməsi yeni iş yerlərinin yaradılması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, maliyyə vəsaitləri hesabına yeni mal və məhsul istehsalının uğurla davam etdirilməsi, ümumilikdə iqtisadi aktivliyin artması kimi müsbət nəticələrə gətirib çıxaracaq. Onu da qeyd edim ki, bu il ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat həcmində güzəştli kredit verilməsi nəzərdə tutulur.
İlhamə İSABALAYEVA