12 Avqust 2022

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tahir Rzayev: "Sahibkarlar ərzaq buğdası istehsalına maraq göstərəcəklər" MÜSAHİBƏ

Prezident İlham Əliyevin “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” imzaladığı fərmana əsasən, ölkədəki bəzi buğda istehsalçılarına subsidiyalar yeni qaydada veriləcək. İlkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə, un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev ərzaqlıq buğdaya veriləcək məhsul subsidiyası ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Gələn ildən ərzaqlıq buğda üçün məhsul subsidiyasının tətbiq edilməsinin əhəmiyyəti nədən ibarətdir? Subsidiyanın tətbiqi Azərbaycanın taxıla olan tələbatının ödənilməsində nə kimi rol oynayacaq?

- “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman dövlətin ərzaq təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlərdən biridir. Məlum fərmanın verilməsi alqışlanmalıdır, çünki hər bir vətəndaşa məlumdur ki, artıq dünyada baş verən iqlim dəyişiklikləri, müharibələr, müəyyən xəstəliklər, dünyada ərzağa olan tələbatın artması ərzaq təhlükəsizliyi sahəsində müəyyən problemlər yaradır. Bu gün ərzaq təhlükəsizliyinin təmin olunması hər bir ölkənin qarşısında əsas vəzifələrdən biridir. Dünyada aclıqdan əziyyət çəkənlərin sayı 1 milyard nəfərdən çoxdur. Digər tərəfdən, Ukraynada aparılan hərbi əməliyyatlar ərzaq buğdasına olan tələbatı daha da artırıb. Azərbaycan özünü yerli məhsulla təmin edə bilmir, 1 milyon 200 min tondan çox ərzaq buğdasını xaricdən, xüsusilə Ukraynadan, Rusiyadan idxal edirik. Ancaq indi vəziyyət çətinləşib. Vəziyyət o yerə çatıb ki, BMT və bir çox dövlətlər buğdanın idxalı ilə bağlı çox vacib tədbirlər görməyə məcbur olublar. Azərbaycan da bununla əlaqədar qabaqlayıcı tədbirlər görməlidir və görür. Ölkədən ərzaq məhsullarının xaricə ixrac olunması üçün məhdudiyyətlər qoyulub. Bu məhdudiyyət xüsusilə taxıl məhsullarına şamildir. Məhdudiyyətin tətbiqi insanların ərzağa olan tələbatının ödənilməsi üçün vacibdir. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman da ərzaq təhlükəsizliyinin təmininə yönəldilmiş qabaqlayıcı tədbirdir.

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanda ərzaqlıq buğda ilə
özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında”
fərman ərzaq təhlükəsizliyinin təmininə yönəldilmiş qabaqlayıcı tədbirdir.

Bu gün insanlar taxıl məhsullarına tələbat duyurlarsa, taxıl məhsulları ilə təminatda çətinliklər varsa, sözsüz ki, biz taxıl istehsalını artırmalıyıq və insanların ərzaq buğdasına olan tələbatını ödəməliyik. Prezident İlham Əliyev də bu ilin 6 ayının yekunlarına həsr edilən müşavirədə bu məsələni xüsusi qabardaraq dedi ki, ölkədə ərzaq buğdasına olan tələbat ödənilməlidir. O həm də qeyd etdi ki, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcək. Prezident İlham Əliyev bundan əvvəl keçirdiyi görüşlərdə də bildirmişdi ki, biz tək əkin sahələrinin həcmini deyil, məhsuldarlığını artırmaq hesabına da ərzaq buğdasına olan tələbatı ödəməliyik. Ona görə də qarşıya belə məqsəd qoyulmuşdu ki, müasir texnologiyaya üstünlük verilməli, sahibkarlıq inkişaf etdirilməli, əlavə maliyyə vəsaitləri ayrılmalıdır. Bu fərmanın özü də o çıxışlardan irəli gələn vəzifələrin bilavasitə yerinə yetirilməsinə xidmət edir. Bu sahəyə marağı artırmaqdan ötəri indi ərzaq buğdası istehsalçılarına subsidiyaların verilməsi nəzərdə tutulur. Bu fərman digər tərəfdən, sahibkarlığın inkişafı üçün də yeni imkanlar açır.

Əsas şərt məhsuldarlığın yüksək olmasıdır. Bəzi ölkələr var ki, hər
hektardan 60-70, hətta 80-90 sentner taxıl götürürlər. Amma
Azərbaycanda keçən il taxılın məhsuldarlığı 32 sentner olub.

- Azərbaycanda ərzaq təhlükəsizliyi, xüsusilə taxıl məhsulları ilə təminatla bağlı mövcud vəziyyət necə qiymətləndirilə bilər?

- Əlbəttə ki, Azərbaycanda təhlükəli, böhranlı vəziyyət yoxdur. Ərzaq, eləcə də taxıl məhsulları ilə təminat sahəsində heç bir çətinlik müşahidə edilmir. Araşdırmalar da onu göstərir ki, biz elə də çətin vəziyyətə düşməyəcəyik, çünki müəyyən taxıl ehtiyatımız var. Ancaq dünyada gedən bu proseslər heç bir dövləti sığortalamayıb ki, o, ərzaq təhlükəsizliyinin təmini ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirməsin. Ola bilsin ki, yay olduğu üçün indi taxıl məhsullarına olan tələbat bir o qədər yüksək deyil. İndi insanlar qida məhsulu kimi kənd təsərrüfatının digər məhsullarından daha çox istifadə etdikləri üçün onların un məhsullarına, çörəyə elə də çox tələbatı yoxdur. Amma hesab edirəm ki, payızda bu məhsulların qiymətləri arta bilər. Ona görə də qabaqlayıcı tədbirlər mütləq görülməlidir.

- Ərzaq buğdasına məhsul subsidiyası verildikdən sonra istehsal həcminin nə qədər artacağı gözlənilə bilər?

- Əlbəttə, hər bir sahibkar elə məhsul istehsal etmək istəyir ki, daha çox gəlir əldə etsin. Ona görə də bəzi məhsullara maraq daha çoxdur. Məsələn, bu gün ölkədə pambığa, üzümə, tütünə maraq daha çoxdur. Çünki rentabelli məhsullardır və yüksək gəlir gətirirlər. Taxıl yüksək rentabelli olmadığı üçün son illər ərzində onun istehsalına maraq azalmışdı. Amma hesab edirəm ki, dövlət əlavə maliyyə vəsaitləri ayıracağı üçün sahibkarlar ərzaq buğdası istehsalına maraq göstərəcəklər. Buna görə də həm əkin sahələri genişləndiriləcək, həm də müasir texnologiyalardan istifadə etməklə məshuldarlıq artırılacaq. Əsas şərt məhsuldarlığın yüksək olmasıdır. Bəzi ölkələr var ki, hər hektardan 60-70, hətta 80-90 sentner taxıl götürürlər. Amma Azərbaycanda keçən il taxılın məhsuldarlığı 32 sentner olub. Bu, bizi qane etmir. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə xatırladıb ki, biz taxılın məhsuldarlığını 40-45 sentnerə çatdırsaq, ərzaq buğdasına olan tələbatımızı ödəmiş olarıq. Bu halda xaricdən az miqdarda buğda alarıq, təxminən 5 ildən sonra isə ərzaq buğdasına olan tələbatımızı tamamilə ödəyə bilərik.

Dünyada tətbiq edilən yeni texnologiyalar imkan verir ki, Azərbaycanda bir neçə
ildən sonra hər hektardan 50 sentner taxıl götürmək mümkün olsun.

Bu gün 2 milyon tondan artıq ərzaq buğdası istehsal edən Azərbaycanın təxminən 1 milyon 200 min ton buğdaya ehtiyacı var. Hər hektardan olan məhsuldarlığını 15 sentner artırmaqla, Azərbaycan 1 milyon 200 min tonluq tələbatını özü qarşılaya bilər, burada ciddi problem yoxdur. Çünki 1 milyon 200 min ton taxıl bizim üçün böyük miqdar deyil. Yaxşı buğda sortları yetişdirilərsə, onlara yaxşı qulluq edilərsə, taxıl sahələrindən bu məhsuldarlığı almaq olar. Hazırda da rayonlarda elə fermerlər var ki, hər hektardan 60 sentner taxıl götürürlər. Niyə bu məhsuldarlıq hər yerdə tətbiq olunmasın?! Suvarılan sahələrdə taxıl istehsalı artırılmalıdır. Əlbəttə ki, biz bütün torpaqlarda da taxıl əkə bilmərik. Çünki taxıl elə məhsuldur ki, o, üç ildən sonra mütləq yeni torpaqda əkilməlidir. Əgər bir yerdə 2-3 il taxıl əkilirsə, sonrakı illərdə həmin yerlərdən taxıl götürmək mümkün olmur. Buna görə də ən doğru yol yalnız məhsuldarlığı artırmaqla öz tələbatımızı ödəməkdir. Dünyada tətbiq edilən yeni texnologiyalar imkan verir ki, Azərbaycanda bir neçə ildən sonra hər hektardan 50 sentner taxıl götürmək mümkün olsun.

Qarabağda 100 minlərlə hektar torpaq sahələri var ki, orada gələcəkdə taxıl əkiləcək.
Sözsüz ki, bu, Azərbaycanın ərzaq çatışmazlığının qarşısının alınmasında rol oynayacaq.

- Qarabağda torpaqların əkinə cəlb edilməsi Azərbaycanın taxıla olan tələbatının ödənilməsinə necə təsir göstərəcək?

- Müharibə bitdikdən sonra Ağdamda təxminən 7 min hektarda payızlıq taxıl əkildi. Bu gün həmin torpaqlar münbitdir. Xüsusilə Ağdam, Füzuli rayonlarının torpaqları çox münbitdir. İşğaldan əvvəl bu rayonlar Azərbaycanın ən böyük taxılçılıq rayonları olub. Həmin rayonlar minalardan təmizləndikdən sonra orada taxıl əkiləcək. Digər tərəfdən, biz dənli bitkilərin, məsələn qarğıdalının hesabına una olan tələbatımızı ödəyə bilərik. Azərbaycanda qarğıdalı, günəbaxan istehsalı xeyli artıb. Bunun özü də insanların qida ilə təminatında mühüm rol oynayır. Vaxtilə Ukraynada ən çox istifadə edilən un qarğıdalı unu olub. Bu un keyfiyyətinə görə çox yaxşıdır. Azərbaycanda da taxıl biçinindən sonra bir çox sahələrdə qarğıdalı əkilir. Qarabağda 100 minlərlə hektar torpaq sahələri var ki, orada gələcəkdə taxıl əkiləcək. Sözsüz ki, bu, Azərbaycanın ərzaq çatışmazlığının qarşısının alınmasında rol oynayacaq.

- Subsidiyanın verilməsi ərzaq buğdasının qiymətinin artmasının qarşısını ala bilər?

- Düşünürəm ki, ala bilər. Qiymət artımı dünyada gedən proseslərlə əlaqədardır. BMT də, Türkiyə də Qara dəniz limanlarındakı anbarlarda saxlanılan taxılın ixracı üçün şəraitin yaradılması prosesinə qoşuldu. Müəyyən qədər razılığa gəlinib. Bu məsələlər nizamlanarsa, məncə, elə ciddi problemlər olmayacaq. Azərbaycan taxıl idxalı üçün Qazaxıstanla yeni müqavilələr imzalayır, eləcə də digər ölkələrlə müqavilələrin bağlanılması üçün danışıqlar aparılır. Qara dəniz limanlarındakı taxılı çıxarmaq mümkün olmasa, Azərbaycan digər ölkələrdən taxıl alacaq. Amma bu, bizə baha başa gələcək. Taxılın idxalının baha başa gəlməsi isə çörəyin qiymətinə təsir göstərə bilər.

İlhamə İSABALAYEVA

VergiQeyri-rezidentin yerli müəssisəyə ödədiyi borc Azərbaycan mənbəyindən əldə olunmuş gəlir hesab edilirmi? VergiMikro sahibkarlıq subyektlərində gəlirin müəyyən edilməsi Ekspert RəyiCari vergiləri hesablayarkən nələrə diqqət yetirilməlidir? Ekspert RəyiVergi mükəlləfiyyətinin dəyişdirilməsi zamanı qarşıya çıxan məsələlər VergiƏsas vəsaitlərin təmirinə çəkilən xərclər hansı qaydada gəlirdən çıxıla bilər? Ekspert RəyiFiziki şəxslərin əməkhaqqından gəlir vergisinin tutulması İqtisadiyyatSahibkarlığa dövlət dəstəyi davam etdirilir VergiVergi islahatları sağlam və rəqabətli biznes mühitinə dəstək verir VergiVergi islahatları: şəffaflıq, dürüstlük, hesabatlılıq VergiSəmərəli vergi siyasəti vergi daxilolmalarının artımına zəmin yaradır