İsmayıl Orucov: "Yaxın illərdə Azərbaycanda fındığın ixrac həcmi artacaq" MÜSAHİBƏ
Son illər ərzində Azərbaycanda fındıqçılıq aqrar sahənin ən gəlirli sahələrindən birinə çevrilib. Ölkədə fındıq istehsalının artması bu məhsulun ixrac potensialını da artırmağa imkan verir. Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov fındıq istehsalı və ixracı ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.
- Azərbaycanda il ərzində orta hesabla nə qədər fındıq istehsal və ixrac edilir? Bu il nə qədər və hansı dəyərdə fındığın istehsal və ixrac ediləcəyi proqnozlaşdırılır?
- Ölkədə bir il ərzində orta hesabla 55-60 min ton qabıqlı fındıq və ondan da emal olunaraq 22-25 min ton fındıq ləpəsi istehsal olunur. İl ərzində 20-22 min ton fındıq ləpəsi ixrac edilir, qalan ləpə isə daxili bazarda istehlak olunur. Bu il ümumilikdə 65 min ton qabıqlı fındığın istehsal ediləcəyi gözlənilir, ancaq satışın necə olacağını əvvəlcədən proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, ixrac səviyyəmiz 2021-ci ildəki kimi olacaq. Ötən il xaricə 112 milyon manat dəyərində 19 500 ton fındıq ixrac edilib.
- Son illər ərzində Azərbaycanda fındıq bağlarının sahələrinin artması ixraca necə təsir göstərib?
- Son illərdə respublika ərazisində fındıq bağlarının sahəsi 40 min hektardan 80 min hektara çatdırılıb. Ancaq bağ sahələrinin artım tendensiyasının istehsala və ixraca təsiri qarşıdakı illərdə özünü daha çox göstərəcək. Çünki fındıq bağı 5 ildən sonra məhsul verməyə başlayır. Son 5 ildə ixracın dəyəri 90 milyondan 120 milyon manatadək çatıb və yaxın illərdə bu tendensiya yalnız artım tempi ilə gedəcək.
Son 5 ildə ixracın dəyəri 90 milyondan 120 milyon manatadək
çatıb və yaxın illərdə bu tendensiya yalnız artım tempi ilə gedəcək.
- Azərbaycan fındıq ixracına görə dünyada Türkiyə və İtaliyadan sonra 3-cü yerdə dayanır. Dünyada baş verən son proseslər Azərbaycanın bu sıradakı mövqeyinin dəyişməsinə səbəb ola bilər?
- 2021-ci ilə kimi Azərbaycan dünyada fındıq istehsalı və ixracı üzrə üçüncü yerdə idi. Amma kəskin rəqabət bizi bu sıralamada 4-5-ci yerlərə endirə bilər. Bizim bu məsələdə əsas rəqiblərimiz ABŞ, Çili, Gürcüstandır. Azərbaycan fındığının ixrac edildiyi əsas ölkələr Rusiya və Avropa Birliyinin aparıcı fındıq alıcıları olan İtaliya, Almaniyadır. Azərbaycanın ixrac həcminin artması yalnız Avropa Birliyi üzrə ixracın həcminin artması hesabına ola bilər. Çünki dünya fındıq məhsulunun 80 faizi Avropa ölkələri tərəfindən idxal olunur.
- Azərbaycan fındığı niyə görə böyük xarici bazarlara lazımı səviyyədə çıxış əldə edə bilmir?
- Azərbaycan dünya fındıq bazarında tam rəqabət apara bilmir, çünki bizə rəqib olan ixracatçı ölkələr üçün Avropa Birliyi tərəfindən xüsusi gömrük güzəştləri tətbiq olunur. Belə ki, Azərbaycan Avropa Birliyinə fındıq ixrac edəndə məhsullarımıza 3.2-11.8 faiz gömrük vergisi tətbiq olunur, amma bizim rəqib ölkələr, xüsusilə Türkiyə və Gürcüstan üçün bu rüsumun səviyyəsi sıfırdır. Rəqiblərimiz məhsullarını sıfır dərəcə gömrük rüsumu ilə satdığı üçün biz xarici bazarda rəqabət qabiliyyətimizi itiririk. Avropa Birliyində Azərbaycan üçün tətbiq olunan vergi sistemi bizim əl-qolumuzu bağlayıb. Buna görə də məhsullarımızı yalnız iri qablaşdırma formasında - çəkisi 40 kq-dan 1 tona qədər olan polipropilen kisələrdə, çəkisi 5 kq-dan 25 kq-a qədər olan vakuum polipropilen qablaşdırma üsulu ilə qənnadı fabriklərinə ixrac etməklə kifayətlənirik. Topdansatış olaraq, ixrac etdiyimiz məhsullarımızın qablaşdırma forması Avropa standartlarına cavab verir, bu məsələ ilə bağlı heç bir problem yaşamırıq. Problem ondadır ki, kiçik qablaşdırmada fındığın son məhsulunu ixrac edə bilmirik. Çünki qablaşdırma kiçik olanda məhsulumuza daha yüksək - 11,8 faiz vergi tətbiq edilir. Bu səbəbdən məcburuq ki, ən aşağı verginin tətbiq edildiyi natural fındığı, yəni emal edilmiş fındığı, çiy ləpəni ixrac edək. Digər problemimiz ixrac zamanı bəzi hallarda məhsulların tərkibində aflatoksin xəstəliyinin aşkarlanmasıdır. İnsanların çəkinin itməməsi üçün fındıqları nəmli halda kisələrdə saxlaması sonda məhsulda göbələk xəstəliyinin yaranmasına səbəb olur.
Topdansatış olaraq, ixrac etdiyimiz məhsullarımızın qablaşdırma
forması Avropa standartlarına cavab verir, bu məsələ ilə bağlı
heç bir problem yaşamırıq. Problem ondadır ki,
kiçik qablaşdırmada fındığın son məhsulunu ixrac edə bilmirik.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ixracdan əvvəl məhsul üzərində analiz apararkən göbələk üzə çıxmır. Məhz uzun müddət davam edən logistika zamanı, - fındıqların Avropaya daşınması üçün ən azı, 14-20 gün vaxt tələb olunur,- düzgün qurudulmayan məhsulun tərkibində bioloji dəyişikliklər yaranmağa başlayır. Logistika zamanı aktiv inkişaf edən bakteriyalar Avropa Birliyində aparılan laborator yoxlamalar zamanı üzə çıxır. Aşkarlanmış bakteriyalara görə məhsulların Azərbaycana geri qaytarılmasının təqsiri şirkətlərdə deyil. Bu, sadəcə, əhalinin fındıqların düzgün saxlanması ilə bağlı maarifləndirmə səviyyəsinin aşağı olmasının və ya ümumiyyətlə, olmamasının nəticəsidir. Biz insanların “keyfiyyətindən asılı olmayaraq, bütün fındıqları kisələrə dolduraq, fabrik onsuz da onların hamısını qəbul edəcək” düşüncəsinə görə əziyyət çəkirik. Bu problem hər il müşahidə edilir. Buna görə də artıq Avropa Birliyi Azərbaycandan ixrac edilən fındıq partiyalarının yoxlama tezliyini 20 faizə qaldırıb. Yəni Azərbaycandan idxal edilən məhsulların 20 faizi Avropa Birliyinin sərhəd gömrük sistemində yoxlamadan keçirilməlidir. Əgər yoxlama zamanı aflatoksin xəstəliyinin aşkarlanması halları yenidən artarsa, yoxlama tezliyi 50 faizə qaldırılacaq. “Qırmızı dəhliz”ə düşsək, Avropa Azərbaycan məhsulundan ümumiyyətlə, imtina edə bilər. Buna görə də mütləq qaydada əhali arasında maarifləndirmə işləri aparılmalıdır, çünki köhnə sovet adət ənənələri ilə keyfiyyət və kəmiyyəti artıra bilmərik.
Digər problemimiz ixrac zamanı bəzi hallarda məhsulların tərkibində
aflatoksin xəstəliyinin aşkarlanmasıdır. İnsanların çəkinin itməməsi
üçün fındıqları nəmli halda kisələrdə saxlaması sonda
məhsulda göbələk xəstəliyinin yaranmasına səbəb olur.
- Yerli bazarda fındığın qiymətinin ucuzlaşmasının səbəbini Avropadan geri qaytarılan məhsulların daxili bazara yönləndirməsi ilə əlaqələndirənlər var. Bu, nə dərəcədə düzgündür?
- Bu, həqiqətə uyğun deyil. Yerli bazarda Xaçmazda yetişdirilən iri fındıqların satışı həyata keçirilir. İtaliyadan geri qayıdan fındıqlar qənnadı fabriklərinin şokolada əlavə etmək üçün istifadə etdiyi xırda Zaqatala sortu olan fındıqlardır. Həmin məhsulları biz təkrar çeşidləyərək yenidən Avropa və Rusiyaya ixrac edirik. Digər tərəfdən, 200 dərəcə temperaturda qovrulma prosesində fındıqdakı göbələklər yoxa çıxır. Bazardakı fındığın qiymətinin enməsinin keyfiyyətlə heç bir əlaqəsi yoxdur. Dünyada istehsal edilən fındığın 70-75 faizinə sahib olan Türkiyədə lirə dollara nisbətən ucuzlaşdığından fındıq ixracatçıları məhsulu daha ucuz qiymətə təhvil verirlər. Buna görə biz də məhsulu daha aşağı qiymətə satmağa məcbur oluruq. Biz qiyməti yüksək saxlasaq, satışı həyata keçirə bilmərik. Buna görə də bizdən daha böyük olan Türkiyənin fındıq bazarı ilə ayaqlaşmağa məcburuq. Türk lirəsinin dollara nisbətən məzənnəsi, Türkiyədəki məhsuldarlıq qiymət amilində çox mühüm rol oynayır. Nəzərə alaq ki, biz il ərzində 20-22 min, Türkiyə 350-400 min ton ləpə ixrac edir. Türkiyənin ixrac səviyyəsi Azərbaycandan ən azı 20 dəfə çoxdur. Fındıq istehsalı sahəsində Türkiyəyə yaxın rəqib olmadığı üçün, məcburuq ki, bu ölkənin fındıq bazarı ilə ayaqlaşaq.
İlhamə İSABALAYEVA