14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: "İxracın artması ölkənin maliyyə sabitliyi baxımından çox vacibdir" MÜSAHİBƏ

Dünyada iqtisadi münasibətlərin həssas olduğu indiki şəraitdə Azərbaycan üçün ixracın müstəsna əhəmiyyəti var. Millət vəkili Vüqar Bayramov ixracın artmasının iqtisadiyyatın diversifikasiyasına və milli valyutanın dayanıqlığına təsirləri ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Vüqar müəllim, ixracın artmasının milli valyutanın dayanıqlığına təsirini necə qiymətləndirirsiz?

- Birmənalı olaraq, dünyanın bütün regionlarında ixrac ölkəyə valyuta gətirir. Azərbaycanda neft və qeyri-neft ixracatının artması ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradır. Yəni ixracın artması nəticədə Azərbaycanın valyuta gəlirlərinin artması anlamına gəlir. Eyni zamanda, təbii ki, idxalın azalması da ölkədən çıxan valyutanın həcminin azalmasına xidmət edən faktorlardandır.
Azərbaycanın qeyri-neft, eləcə də ümumi ixracatının artması ölkəyə daxil olan valyutanın həcminin artımına təsir göstərir. Bu həm Dövlət Neft Fondunun aktivlərinin artmasına, həm də bütövlükdə ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaradır. İxracın artması, təbii ki, ölkənin maliyyə sabitliyi baxımından çox vacibdir. Çünki manatın məzənnəsi həm də xarici valyutaya olan tələbin ödənilməsindən asılıdır. Bu kontekstdə biz xarici valyutaya olan tələbin daha yaxşı ödənilməsini müşahidə edirik. Bu, maliyyə sabitliyini qoruyub saxlaya bilməsi üçün Mərkəzi Banka əlavə rıçaqlar verir.
Ümumiyyətlə, istənilən ölkə üçün xaricdən daxil olan valyutanın həcmi makroiqtisadi sabitlik baxımından əsas faktorlardan hesab olunur.

Azərbaycanın qeyri-neft, eləcə də ümumi ixracatının artması
ölkəyə daxil olan valyutanın həcminin artımına təsir göstərir.

- Qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 25%-dən çox artıb. İqtisadiyyatın diversifikasiyası baxımından bunun əhəmiyyəti nədir?

- Qeyri-neft sektorunun istehsal və ixrac potensialının artırılması həm də iqtisadiyyatın şaxələndirilməsinə xidmət edir. Çünki iqtisadiyyatın şaxələndirilməsi üç makroiqtisadi göstəricidə qeyri-neft sektorunun payının artırılması baxımından vacibdir. Birincisi, ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payının artmasıdır. Hazırda Azərbaycanın ÜDM-ində bu sektorun payı artaraq 68%-ə yüksəlib. Digər iki göstərici fiskal gəlirlərdə və ixracatda qeyri-neft sektorunun payı ilə bağlıdır. Fiskal gəlirlərin təxminən yarısı qeyri-neft sektorunun payına düşür. İndi əsas məqsəd ixracatda bu sektorun payının artmasına nail olmaqdır. Xüsusən, nəzərə alsaq ki, bu gün enerji məhsulları ümumi ixracatın 85%-ə yaxınını təşkil edir. Qeyri-neft sektoru üzrə ixracın 25% artımı bu sektordan ölkəyə daha çox valyuta daxil olması deməkdir. Bu isə dövlət gəlirlərimizin artmasına xidmət edir.

Bu gün qeyri-neft ixracatında kənd təsərrüfatı məhsullarının payı 50%-ə
yaxındır. Bu, qeyri-neft sektoru üzrə ixracatda Azərbaycanın
regionlarının və aqrar sahənin xüsusi paya malik olmasından xəbər verir.

- Regionların və kənd təsərrüfatının ixracda payının daha da artması üçün nələrə ehtiyac vardır?

- Bu gün qeyri-neft ixracatında kənd təsərrüfatı məhsullarının payı 50%-ə yaxındır. Bu, qeyri-neft sektoru üzrə ixracatda Azərbaycanın regionlarının və aqrar sahənin xüsusi paya malik olmasından xəbər verir. Bu baxımdan, qeyri-neft ixracatında artımlar həm də aqrar sektorun inkişafını göstərən faktorlardan biri kimi qiymətləndirilə bilər.

İxrac üçün ölkəmizin potensialı böyükdür, daha böyük ixrac imkanları vardır. Növbəti mərhələdə hədəf aqrar və sənaye məhsullarının ixracatının artırılmasına nail olmaqdır. Bu, qeyri-neft ixracatının strukturunun diversifikasiyası baxımından da vacibdir.

Fərqanə ALLAHVERDİQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?