11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zaur Qardaşov: “Startap” şəhadətnaməsi xarici bazarlara çıxışı asanlaşdırır” MÜSAHİBƏ

İnnovativ iqtisadiyyatın qurulması, müstəqil biznesin inkişafı baxımından çox vacib əhəmiyyət kəsb edən startaplara dövlət dəstəyini İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) göstərir. Agentlik tərəfindən mikro və kiçik sahibkarlıq subyektlərinə "Startap" şəhadətnaməsi verilir ki, onlar da bu şəhadətnamə hesabına bir çox üstünlüklər əldə edirlər. KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “Startap” şəhadətnamələri ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- “Startap” şəhadətnaməsini necə əldə etmək olar?

- “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar KOBİA-ya yazılı və ya elektron formada ([email protected]) müraciət edə bilərlər. Agentliyə daxil olmuş ərizə dərhal qeydiyyata alınır, müraciətə və ona əlavə edilmiş sənədlərə ümumilikdə 30 gün müddətində baxılır və qiymətləndirilməsi üçün Ekspertlər Şurasına təqdim olunur. Ekspertlər Şurasının rəyi əsasında Agentlik “Startap” şəhadətnaməsinin verilməsi və ya verilməsindən imtina ilə bağlı qərar qəbul edir. Qeyd edək ki, Ekspertlər Şurasında İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri təmsil olunurlar. Şurada, həmçinin, müstəqil ekspertlər də var.

İndiyədək sözügedən dəstək mexanizmindən istifadə
etmək üçün KOBİA-ya 97 müraciət daxil olub.

- İndiyədək “Startap” şəhadətnaməsi almaq üçün nə qədər mikro və kiçik sahibkarlıq subyekti müraciət edib? Bu sənədin alınmasına göstərilən maraq necə dəyərləndirilə bilər?

- “Startap” şəhadətnaməsinin alınması ilə bağlı müraciətlərin qəbuluna 2021-ci ilin may ayından başlanılıb. İndiyədək sözügedən dəstək mexanizmindən istifadə etmək üçün KOBİA-ya 97 müraciət daxil olub. “Startap” şəhadətnaməsi mikro və kiçik sahibkarlıq subyektlərini 3 il ərzində innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad etməklə yanaşı, sözügedən dəstəkdən yararlanan sahibkarların ekosistemdə tanınmasına və daha geniş arenada investorların cəlb olunmasına şərait yaradır. KOB subyektləri, xüsusilə startaplar arasında “Startap” şəhadətnaməsinə maraq böyükdür.

- Şəhadətnamə daha çox hansı istiqamətləri əhatə edən layihələrə verilib?

- İndiyədək 42 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Sahibkarlıq subyektlərinin fəaliyyət istiqamətləri əsasən maliyyə texnologiyaları, logistika xidməti, elektron ticarət, innovativ həlləri özündə ehtiva edən onlayn platformalar və mobil tətbiqlərdir. Şəhadətnamə almış sahibkarlıq subyektlərinin 4-ü istehsal sahəsində fəaliyyət göstərir.

İndiyədək 42 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

- İndiyədək neçə sahibkarlıq subyektinə bununla bağlı imtina cavabı verilib?

- “Startap” şəhadətnaməsi almaq üçün müraciət etmiş 21 sahibkarlıq subyektinə imtina cavabı verilib. Təqdim olunan dörd müraciət Nazirlər Kabinetinin 29 yanvar 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Startapın müəyyən olunması meyarları”na uyğun olmadığına görə, digər 17 sahibkarlıq subyektinin müraciətlərinə isə Ekspertlər Şurasının imtina üçün kollegial rəyi əsasında qərar verilib. Sənədlərdə müəyyən düzəlişlərə ehtiyac olduğu üçün 34 müraciət baxılmamış saxlanılıb.

- Müvafiq şəhadətnaməyə malik olan sahibkarlıq subyektlərinə verilən güzəştlərin artırılması nəzərdə tutulurmu?

- “Startap” şəhadətnaməsinin ən böyük üstünlüyü bu sənədi alan sahibkarlıq subyektinin innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunmasıdır. Bu sənədə malik olmaq, həmçinin, yerli və xarici investorların maraq dairəsinə düşür, xarici bazarlara çıxışı asanlaşdırır. Gələcəkdə startap ekosisteminin daha da inkişaf etdirilməsi baxımından, mövcud vəziyyətin təhlili əsasında ehtiyaclara uyğun olaraq, güzəştlərin artırılması nəzərdən keçirilə bilər.

Bu sənədə malik olmaq, həmçinin, yerli və xarici investorların
maraq dairəsinə düşür, xarici bazarlara çıxışı asanlaşdırır.

- “Startap” şəhadətnaməsi almaq istəyən KOB-lara nə tövsiyə edərdiniz?

- Daha çox gəlir əldə edən və aktiv böyümə mərhələsində olan layihələr üçün sahibkarlara “Startap” şəhadətnaməsi almağı məsləhət görərdim. Sənəd 3 il müddətinə güzəşt nəzərdə tutduğu üçün sahibkarların bundan daha səmərəli faydalanmaları və bu müddət ərzində müvafiq layihədən əldə edilən gəlirin layihənin inkişafına, beynəlxalq arenada tanınmasına yönləndirilməsi məqsədəuyğundur.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?