12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vüqar Bayramov: “Yaxın illərdə “yaşıl iqtisadiyyat”ın formalaşmasına daha çox investisiya cəlb ediləcək” MÜSAHİBƏ

Dünyada gedən son proseslər Azərbaycanın neft və qazına olan tələbatın artmasına səbəb olur ki, bu da öz növbəsində ölkəmizin enerji təhlükəsizliyinin daha da möhkəmlənməsi baxımından mühüm rola malikdir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov son dövrlərdə neft-qaz bazarında baş verən dəyişikliklərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb:

- Vüqar müəllim, bu gün Azərbaycan qlobal neft-qaz bazarındakı mövcud vəziyyətin sabitləşməsində, enerji təhlükəsizliyinin təmin olunmasında hansı rol oynayır?

- Azərbaycan regionun, eləcə də Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyinə xüsusi töhfə verən ölkələrdəndir. Xeyli müddətdir ki, ölkəmiz özünün həm qazı, həm də nefti ilə Avropanın enerji təhlükəsizliyinə və enerji resurslarına olan tələbatının ödənilməsinə dəstək verir. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri Azərbaycan neftinin Avropaya çıxışını təmin edib. 2020-ci ilin dekabr ayından etibarən isə Azərbaycan qazını da Avropa bazarına çıxarır. Eyni zamanda, ölkədə qaz hasilatı 2021-ci ildə 2018-ci il ilə müqayisədə 2 dəfə artıb, ixracat 2,5 dəfə çoxalıb. Ötən il 22 milyard kubmetr qaz nəql edilib ki, bunun da əhəmiyyətli hissəsi məhz Türkiyə və Aİ-nin payına düşüb. 2022-ci ildə Azərbaycan qazının ixrac həcminin 24 milyard kubmetrə qədər yüksələcəyi gözlənilir. 2021-ci il ərzində ölkəmizin hasil etdiyi 43,9 milyard kubmetr qazın 13 milyard kubmetri daxili istehlak üçün istifadə edilib.

Təbii ki, bütün bunlar ondan xəbər verir ki, Azərbaycan bütövlükdə regionun enerji təhlükəsizliyinin təmin olunmasına, enerji bazarlarındakı tarazlığa töhfə verən ölkələrdəndir. Növbəti illərdə Azərbaycanın məhz bu istiqamətdə rolu daha da genişlənəcək. Çünki həm “Şahdəniz-2”, həm də “Abşeron” yataqlarında hasilatın artırılması, yeni qaz yataqlarının istismara verilməsi xarici bazara daha çox qaz nəql olunmasına imkan verəcək. Nəzərə alaq ki, Rusiya-Ukrayna müharibəsi enerji təhlükəsizliyi məsələsini kifayət qədər aktuallaşdırıb. Bu baxımdan, enerji idxalının diversifikasiyası Aİ üçün olduqca vacib istiqamətlərdəndir. Bu isə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirən faktorlardan hesab olunur.

Azərbaycan 2050-ci ilədək olan dövrdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq.

- Rəsmi məlumatlarda dünya bazarına indiyədək 628 milyon ton Azərbaycan neftinin ixrac edildiyi göstərilir. Bu rəqəmlər gələcəklə bağlı gözləntilərin necə olacağını deməyə əsas verir?

- İndiyədək neft ixracatı və hasilatla ilə bağlı rəqəmlərin artması əsasən “Əsrin müqaviləsi” çərçivəsində hasil edilən neftin həcminin böyüməsi ilə bağlıdır. “Əsrin müqaviləsi” çərçivəsində ümumilikdə 500 milyon tona yaxın neftin hasil edilməsi proqnozlaşdırılırdı. O dövrdə “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları yarım milyard ton həcmində qiymətləndirilirdi. Amma sonrakı kəşfiyyat işləri təsdiq etdi ki, bu yataqlarda, ən azı, 1 milyard ton neft var. Buna görə də “Əsrin müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı qərar qəbul olundu. Bu, nəticə etibarilə ondan xəbər verir ki, Azərbaycan 2050-ci ilədək olan dövrdə də neft ölkəsi statusunu qoruyub saxlayacaq. Təbii ki, potensial böyükdür və aparıcı ölkələrin şirkətləri tərəfindən investisiyanın cəlb edilməsi də bunu göstərir ki, məqsəd bu potensialın tam reallaşdırılmasına nail olmaqdır. Yeni müqavilələr, yeni hasilatlar Azərbaycanın neft ixracatının növbəti illərdə də bəlli bir səviyyədə qorunub saxlanılmasına imkan verəcək.

OPEC və digər inkişaf etmiş ölkələr də neft bazarında qiymətlərin
sabit olmasında maraqlıdırlar, çünki əks-təqdirdə, bu,
dünya iqtisadiyyatı üçün neqativ nəticələrə gətirib çıxara bilər.

- Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) iyul və avqust aylarında neft hasilatının artırılması ilə bağlı qərarı qarşıdakı aylar üçün bu sahə üzrə hansı dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmağa imkan verir?

- Qeyd etdiyiniz qərar dünya bazarında neftin qiymətinin kəskin artımının qarşısını almaq və eyni zamanda bazarda neftə olan tələbi ödəmək məqsədi daşıyır. Çünki Aİ ilin sonuna kimi Rusiyadan aldığı neftin 92 faizindən imtina etmək qərarına gəlib. Nəzərə alsaq ki, Rusiyanın Aİ-yə neft idxalında payı 27 faiz, qaz idxalında isə 40 faizdir, bu halda OPEC-in Avropaya daha çox neft nəql etmək niyyəti başadüşüləndir. Praktiki olaraq, Avropa bazarında Rusiyanın boşalan yerini OPEC ölkələri tutmağa çalışacaqlar. Bu baxımdan, neft hasilatının artırılması ilə bağlı qərarın verilməsi gözlənilən idi. Eyni zamanda, Aİ-nin son qərarı fonunda neftin bazar qiymətlərində artımlar baş vermişdi. Rusiya Avropa bazarından çıxdıqdan sonra bu bazara yeni neft ixracatı həyata keçirilməsəydi, bu hal neftin qiymətlərində kəskin artımların baş verməsinə gətirə bilərdi. Bütün bunlarla yanaşı, qeyd edilməlidir ki, neftin qiyməti hələ də yüksəkdir. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda OPEC-in hasilatın artılması ilə bağlı qərar verməsinə baxmayaraq, qiymətlərdə kəskin enmələr gözlənilmir. Təbii ki, müəyyən enişlər olacaq, amma indiki halda neftin 1 barelinin qiyməti 110 dollardan çoxdur. Bu, ondan xəbər verir ki, OPEC-in qərarı neft bazarında müəyyən dəyişikliklərə səbəb olsa da, qiymətlərin dəyişməsi baxımından hələlik ciddi təsirlər etməyəcək. OPEC və digər inkişaf etmiş ölkələr də neft bazarında qiymətlərin sabit olmasında maraqlıdırlar, çünki əks-təqdirdə, bu, dünya iqtisadiyyatı üçün neqativ nəticələrə gətirib çıxara bilər.

- Azərbaycan iyul ayında gündəlik neft hasilatının 648 min barel artırılması barədə qərar verib. Bu, hasilatla bağlı hər hansı çətinliklərin ortaya çıxmasına səbəb ola bilərmi?

- Azərbaycan neft hasilatının artırılması üçün kifayət qədər potensialı var, mövcud ehtiyatları və infrastrukturu hesabına yenidən hasilatı bərpa etmək gücünə malikdir. Nəzərə alaq ki, OPEC-in əvvəlki qərarlarından əvvəl də Azərbaycan gündəlik 648 min tondan çox neft hasil edirdi. Ona görə də mövcud potensial, bu istiqamətə yönəldilən investisiya neft hasilatını artırmağa imkan verir. Sözsüz ki, hasilatın kəskin artımı proqnozlaşdırmır, əksinə, gözlənilir ki, növbəti illərdə də Azərbaycanın neft hasilatı bütövlükdə ölkə üzrə 600-700 min barel intervalında dəyişəcək.

Artıq Qarabağ və Şərqi Zəngəzurda enerji şəbəkəsi yenilənir,
yenidənqurma-bərpa işləri və investisiya qoyuluşları həyata keçirilir.
Bu ərazilərin mövcud potensialı imkan verir ki, Azərbaycan orada
“yaşıl enerji”yə əsaslanan iqtisadiyyat formalaşdıra bilsin.

- “Yaşıl enerji” siyasətində uzunmüddətli hədəflər seçən Azərbaycan 2030-cu ilədək özünü “yaşıl artım” ölkəsinə çevirməyi milli prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu hədəfə nail olmaq üçün nələr edilməlidir?

- Qeyd etdiyiniz kimi, “yaşıl iqtisadiyyat” Azərbaycan üçün prioritetdir. Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” və “yaşıl iqtisadiyyat”dan istifadə olunacaq. Artıq Qarabağ və Şərqi Zəngəzurda enerji şəbəkəsi yenilənir, yenidənqurma-bərpa işləri və investisiya qoyuluşları həyata keçirilir. Bu ərazilərin mövcud potensialı imkan verir ki, Azərbaycan orada “yaşıl enerji”yə əsaslanan iqtisadiyyat formalaşdıra bilsin. Digər ərazilərimizdə də “yaşıl enerji” üzrə kifayət qədər potensial mövcuddur. Elə paytaxt Bakıda külək enerjisi kimi alternativ enerji mənbələrindən istifadə üçün geniş imkanlar var. Artıq bununla bağlı bir sıra xarici ölkələri təmsil edən şirkətlərlə sazişlər imzalanıb. Hazırda bu sahədə əməkdaşlıqla bağlı BP ilə xüsusi danışıqlar aparılır. Avropa Yenidənqurma və İnkişaf Bankı ölkəmizdə “yaşıl iqtisadiyyat”a investisiya qoyuluşunda maraqlıdır və bu istiqamətdə danışıqlar gedir. Bütün bunlar ondan xəbər verir ki, yaxın illərdə Azərbaycan “yaşıl iqtisadiyyat”ın formalaşmasına daha çox investisiya cəlb edə biləcək ki, bu da ölkəmizin alternativ enerjindən daha çox istifadə etməsinə, ümumi istehlakda bu sektorun payının artırılmasına imkan verəcək. Hədəf alternativ enerjinin ümumi istehlakdakı payının 20 faizə qədər artırılmasıdır. Bu, bir tərəfdən ənənəvi enerji resurslarından istifadəyə qənaət edilməsinə, digər tərəfdən isə daha təmiz enerji mənbələrindən istifadəyə imkan yaradacaq.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?