25 Aprel 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağa Əlislamov: "Qələbəm mənə yeni ideyalar barədə düşünmək üçün əlavə stimul verdi" MÜSAHİBƏ

Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı bu il ilk dəfə olaraq Azərbaycanda təşkil olundu. Mayın 26-dan 29-dək keçirilən festivalın sosial yönümlü texnologiyalar (C) kateqoriyası  üzrə qalibi İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Ağa Əlislamov olub.

“Digital Expo Center” layihəsi (https://digitalexpocenter.com/) ilə qalib seçilən A.Əlislamov “vergilər.az”ın suallarını cavablandırıb:

- Layihəniz barədə daha geniş məlumat verməyinizi xahiş edirik.

- Mən İqtisadiyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı məsləhətçisi olmaqla yanaşı, həm də "Unreal Engine 4" üzrə fəaliyyət göstərirəm. Virtual reallıq, artırılmış reallıq, mobil tətbiqlər üzrə mütəxəssisəm. Rəhbərlik etdiyim komandanın hazırladığı “Digital Expo Center” layihəsi "Unreal Engine 4" müasir oyun mühərriki üzərində hazırlanmış VR texnologiyasıdır. Layihə “Bakı Ekspo Center”in rəqəmsal formatıdır. “Digital Expo Center” müxtəlif sərgilərin, tədbirlərin rəqəmsal formatda keçirilməsi üçün nəzərdə tutulub. Ərsəyə gətirdiyimiz bu layihə sayəsində artıq yerli və xarici qonaqlar evdən çıxmadan sərgini mobil telefon, planşet və ya kompüter vasitəsilə ziyarət edə bilərlər. Virtual sərginin binası “Baku Expo Center”in modeli əsasında hazırlanıb və bura bir çox virtual stendlər yerləşdirilib. Sərgidə oyun tərtibatçıları, proqram təminatı hazırlayan və veb proqramçılar, 3D rəssam və dizaynerlər iştirak edə bilərlər. Virtual sərginin iştirakçıları virtual stendlərində video, slayd şou təqdimatı və 3D obyektlərin animasiyasını göstərə bilərlər.

- Layihənin hazırlanması ideyası nə zaman yarandı?

- Bu ideya pandemiyadan əvvəl - 2018-2019-cu illərdə “Bakutel” sərgisi keçirilən zaman yaranmışdı. Mənim də stendimin nümayiş etdirildiyi həmin sərgidə vaxt amili və digər səbəblərlə bağlı bəzi insanların sərgiyə gəlmək imkanının olmadığını müşahidə etdim. Buna görə də sərgilərin rəqəmsallaşdırılmasına ehtiyacın olduğunu düşündüm və inanırdım ki, bu ideyanı reallaşdırmaq üçün potensialım var. Layihəni hazırladıqdan sonra “TEKNOFEST”ə təqdim edərək qeydiyyatdan keçdim və festivalda iştirakla bağlı müraciətimə müsbət cavab verildi. Festivalın ikinci mərhələsinə adlayan 14 komandadan 9-u finala vəsiqə qazandı ki, onların arasında mənim rəhbərlik etdiyim komanda da var idi. Nəticədə sosial yönümlü texnologiyalar (C) kateqoriyası üzrə birinci yerə layiq görülən layihəm Münsiflər Heyətinin, eləcə də festivalı izləyən insanların böyük marağına səbəb oldu.

- “Digital Expo Center” digər oxşar layihələrdən nə ilə fərqlənir?

- Bu layihə, birincisi, qrafikasına, ikincisi isə multipleyer sisteminə görə digər layihələrdən üstündür. Bizim layihədə hər kəsin bir-birini gördüyü kimi, xarici ölkələrdəki iştirakçıları da izləmək imkanı var. Real həyatda olduğu kimi, bütün stendləri çox rahatlıqla gəzə bilərsiniz. Layihənin digər üstünlükləri sadə idarəetmə sisteminin, mobil optimizasiyanın olmasıdır.

- “Digital Expo Center” sizin ilk layihənizdir?

- Xeyr. 2019-cu ildə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Respublika innovasiya müsabiqəsində “Rəqəmsal muzey” layihəsi ilə 3-cü yeri tutmuşdum. Bu muzey Heydər Əliyev Muzeyinin analoqu olub.

- Gələcək planlarınız barədə də fikirləriniz maraqlı olardı...

- “TEKNOFEST”dəki qələbə, layihəmin qiymətləndirilməsi mənə yeni ideyalar ətrafında düşünmək və reallaşdırmaq üçün əlavə stimul verdi. Müasir dövrdə rəqəmsallaşmanın əsas prioritetlərdən olduğunu dərk edərək, mən də öz ölkəm üçün əlimdən gələni etmək, bu sahədə Azərbaycanın adını dünyaya tanıtdırmaq istəyirəm. “Digital Expo Center” layihəsi barədə isə demək istərdim ki, “TEKNOFEST”də bəyənildiyi üçün istifadəçi sayının daha da artacağına inanıram. Belə ki, layihənin üstünlükləri barədə daha çox insan məlumat əldə etdi. Artıq “Playmarket”də yerləşdirilən layihə yaxın zamanlarda “Epic store” platformada da əlçatan olacaq. Əlbəttə ki, layihənin texniki baxımdan daim təkmilləşdirilməsi də diqqət mərkəzimizdə olacaq.

İlhamə İSABALAYEVA

VergiFiziki şəxs öz istifadəsi üçün ət idxalı zamanı ödədiyi ƏDV-ni əvəzləşdirə bilərmi? VergiDividendlərə tətbiq edilən vergi güzəşti ilkin emissiyadan sonra öz aralarında alğı-satqı edən fiziki şəxslərə aiddirmi? VergiMikro sahibkarlıq subyektlərinə hansı güzəşt tətbiq edilir? Vergi“Vergi və hesabatlılıq” işçi qrupunun videokonfrans formatında iclası keçiriləcək VergiNaxçıvanda 1,5 mindən çox yeni vergi ödəyicisi qeydiyyata alınıb VergiMüharibə veteranı adı almış fiziki şəxslərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏDV-nin müvafiq hissəsi geri qaytarılmadıqda nə etməli? VergiOnlayn ticarətlə məşğul olan fiziki şəxsin hansı vergi öhdəlikləri yaranır? VergiYeni nəsil NKA-lar vasitəsilə dövriyyə 5,3 mlrd. manatdan çox olub VergiMənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?