5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mehdi Babayev: "Şəffaflıq istiqamətində vergi tətbiqləri vergi ödəmə mədəniyyətini formalaşdırıb" MÜSAHİBƏ

Son illərdə vergi inzibatçılığı sahəsində həyata keçirilən yeniliklər iqtisadi münasibətlərin şəffaflaşması ilə yanaşı, iş adamlarının daha sərbəst fəaliyyətinə zəmin yaradıb. Vergi inzibatçılığı sahəsində aparılan islahatların işgüzar mühitə təsirlərinin əməli nəticələri ilə bağlı “vergiler.az”ın suallarını Bakı Hesabat Mərkəzinin rəhbəri Mehdi Babayev cavablandırıb.

- Mehdi müəllim, vergi qanunvericiliyində və inzibatçılığında aparılan islahatların işgüzar mühit üçün önə çıxan məqamlarını necə səciyyələndirmək olar?

- Son 3-4 ildə bu sahədə aparılan dəyişikliklər əvvəlkilərdən fərqli olaraq özünü ciddiliyi ilə daha kəskin seçilir. Həm ölkədə fəaliyyət göstərən, həm də Azərbaycana investisiya qoyaraq fəaliyyət göstərmək istəyən hüquqi və fiziki şəxslər vergi qanunvericiliyindəki son dəyişikliklərin təsiri altında daha şəffaf və rəqabətli mühit əldə etmiş oldular. Yeni dəyişikliklərə alışmaq və onların qısa zamanda tətbiqinə nail olmaq texniki və psixoloji baxımdan ilk vaxtlar narahatlıq yaratsa da, ən qısa müddətdə vergi ödəyiciləri bu dəyişikliklərin faydasını gördülər. Dəyişikliklər sayəsində onlar daha asan, daha təhlükəsiz fəaliyyət göstərə bildilər.

İnzibatçılığı yaxşılaşdıran bir çox məqamlar və tətbiqlər var. Burada əsas yeri münasibətlərin maksimum elektronlaşdırılması tutur. Məsələn, istifadə olunan ilkin uçot və digər əlaqəli sənədlər maksimum elektronlaşdırıldı, hesabatların göndərilməsi avtomatlaşdırıldı, düzəlişlərin edilməsi asanlaşdırıldı, biznes subyektləri arasında mülki münasibətlərin, eləcə də vergi ödəyiciləri ilə vergi orqanı arasında kargüzarlıq münasibətlərinin qurulmasının elektronlaşdırılması ən yüksək səviyyəyə çatdırıldı. Rəqəmsallaşma istiqamətində dövlətimizin atdığı addımlar çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi tətbiqlər xarici investorların marağını təmin edəcək səviyyəyə çatdırıldı.

İnzibatçılığı yaxşılaşdıran digər amil qanunvericilik bazasının təkmilləşdirilməsidir. Yeni normativ hüquqi aktların qəbul edilməsi və vergi ödəyicilərinin fəaliyyətinə məsafədən vergi nəzarətinin asanlaşdırılması məqsədilə onlayn kassa aparatlarının tətbiqinə və yeni elektron sənədlərin yaradılması mexanizminə start verildi. Sənədlərin, yəni maliyyə informasiyalarının qəbul olunan müvafiq yeni elektron sənəd formasında vergi ödəyiciləri tərəfindən vergi orqanına ötürülməsi ümumi işin xeyrinə olmaqla bərabər, inzibatçılıqda ağ və səmimi münasibətlər formalaşdırmağa başladı.

Rəqəmsallaşma istiqamətində dövlətimizin atdığı addımlar çərçivəsində
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin həyata keçirdiyi tətbiqlər
xarici investorların marağını təmin edəcək səviyyəyə çatdırıldı.

İnzibatçılığın ən əlamətdar təsiri isə uçotun bərpası oldu. 2018-ci ildən etibarən təsərrüfat subyektləri son illərdə tam olmayan "uçot modelləri"ni Beynəlxalq Maliyyə Hesabatları Standartlarının tətbiqi nəticəsində tamlıqla real qeydlərə əsaslanan uçot sistemləri ilə əvəz etməyə başladılar. Qabaqcıl ölkələrdə olduğu kimi, ölkəmizdə də real mühasibat uçotu məlumatları və hesabatları əsasında biznes qərarlarının verilməsi ənənəsini müşahidə edə bilərik.

İş adamlarının sahibkarlıq fəaliyyətinin təhlükəsizliyinin təminatı da mühüm amildir. İstənilən halda sahibkarların iqtisadi, maliyyə və mülki münasibətlərinin təhlükəsizliyi təmin olunmalıdır. Təsərrüfat əməliyyatlarındakı fırıldaqçılıq, korrupsiya, iqtisadi saxtakarlıq və digər təsərrüfat qanunsuzluqları islahatlar nəticəsində azalmağa başladı. Çünki şəffaflıq istiqamətində aparılan bütün vergi tətbiqləri həm yoxlama orqanları tərəfindən ön tədbirlərin görülməsini, həm də niyyəti vergidən yayınmaq olan vergi ödəyicilərində vergi ödəmə mədəniyyətini formalaşdırdı. Belə demək mümkündürsə, bir çox sahibkarlar özləri də hiss etmədən özlərinin təhlükəsizliklərini təmin etmiş oldular. Məsələn, artıq müəssisədaxili şəffaf uçot göstəriciləri və hətta üçüncü tərəf kimi vergi orqanındakı baza məlumatları əsasında kontragentlər bir-birləri arasında baş verə biləcək aldatmaları və çatışmazlıqları mübahisələndirmək və hər kəs öz haqqını almaq imkanına malikdir.

- Bu islahatların sahibkar və mühasib münasibətlərinə, həmçinin mühasibat işlərinin düzgün qurulmasına təsiri özünü nədə göstərir?

- Mühasibə münasibət müəssisədəki şəffaflıqla bağlıdır. Əgər mühasibin qurduğu uçot və hazırladığı hesabat göstəriciləri müəssisənin maliyyə vəziyyətini, gəlir və xərclərini, gəlirlərin bölgüsünü real əks etdirmirsə, mühasibin əməyi sahibkar tərəfindən qiymətləndirilməmiş qalacaq. Lakin hazırkı yüksək qanuni tələblər və bu tələblərin həyata keçirilməsinə müvafiq dövlət orqanları tərəfindən nəzarətin gücləndirilməsi sahibkarların fəaliyyətində real uçota diqqəti artırıb. Mühasib bir uçot işçisi olduğuna görə sahibkarların ən çox ehtiyac duyduğu bir vəzifəyə çevrilib. İndi sahibkarlar bilirlər ki, hazırkı iqtisadi mühit və reallıqda düzgün və dürüst uçot qurmadan fəaliyyət göstərmək çətindir. Diqqətlə təhlil etsək, görərik ki, mühasib sahibkarın ən yaxın, ən məlumatlı və ən etibarlı adamıdır. Mühasibin də bunun müqabilində adekvat davranışları olmalıdır.

Məncə, mühasib sahibkarın təhlükəsizliyini təmin edən birinci şəxsdir. Mühasib peşəsinin "kölgədə" qalan vaxtları artıq keçib. İndi mühasiblərin üzərinə daha çox məsuliyyət düşür. Onlar bir çox hallarda uçotu əməliyyatlar baş verdikdən sonra, artıq baş verən əməliyyatlara dair sənədləri əldə etməklə aparırlar. Yəni mühasib əməliyyatla prosesin sonunda tanış olur. Əməliyyatın reallığı və sənədləşdirilməsinin qanunauyğunluğu təkcə mühasibdən yox, həm də əməliyyatın digər iştirakçılarından asılıdır. Əməliyyata cavabdeh digər məsul işçilərin (rəhbərin, menecerlərin, təchizatçıların, anbardarların, xəzinədarların, təhtəlhesab şəxslərin, iş icraçılarının) uçot tələblərinə və uçot siyasətinə, sənəd dövriyyəsinə əməletmə səviyyəsindən asılı olaraq mühasibin məsuliyyəti formalaşır. Bəzən mühasib çıxılmaz vəziyyətlərdə qalır və qeyri-ixtiyari olaraq şübhəli əməliyyatı uçota alır, çünki mühasibi məcbur edən neqativ subyektiv səbəblər var. Ancaq sahibkarlar dürüst olmayan təsərrüfat əməliyyatlarından çəkinməli və qarşılıqlı olaraq mühasiblərin hüquqlarını qorumalıdırlar.

Ümumilikdə, ölkədə mühasibat işinin keyfiyyəti artmaqda davam edir və yaxın gələcəkdə mühasibat uçotu sistemlərinə inam və etibar daha da artacaq.

İndi sahibkarlar bilirlər ki, hazırkı iqtisadi mühit və reallıqda düzgün və dürüst
uçot qurmadan fəaliyyət göstərmək çətindir. Diqqətlə təhlil etsək, görərik ki,
mühasib sahibkarın ən yaxın, ən məlumatlı və ən etibarlı adamıdır.

- Müəssisələrdə baş mühasib vəzifəsinin olması nə dərəcədə vacibdir?

- Qanunvericilikdə mütləq qaydada təsərrüfat subyektində baş mühasib olmasını tələb edən müddəalar var. Lakin bu tələb bəzi təsərrüfat subyektlərinə aid edilmir. Qeyd etdiyim kimi, təsərrüfat subyektlərində baş mühasib və ya mülki hüquqi müqavilə çərçivəsində bu xidməti göstərən digər peşəkar vergi ödəyicisinin olması mütləq şərtdir. Artıq sahibkarlar, rəhbərlər idarə etdiyi təsərrüfat subyektlərində uçotun təşkilinə diqqəti yüksək səviyyəyə çatdırmaları üçün səylərini artırmalıdırlar. Aktiv fəaliyyəti olan hüquqi şəxsə direktorun, yəni rəhbər vəzifəli şəxsin təyinatı mütləq olduğu kimi, baş mühasibin təyinatı da mütləqdir. Həmçinin, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs də fəaliyyətinin uçotunun aparılması üçün işə baş mühasib (mühasib) cəlb etməlidir. Çünki qaydalar mühasibat uçotunun aparılmasını rəhbərə və ya hər hansı digər qanunla aidiyyəti olmayan işçiyə dolayısı ilə qadağan edir.

Bu tələb Azərbaycan Respublikasının "Mühasibat uçotu haqqında" Qanunundan irəli gəlir. Qanunun 3.1-ci maddəsində göstərilir ki, uçot məcburidir. Yəni bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun bu Qanunla müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Qanunda göstərilir ki, uçot işi təşkil olunmalıdır, yəni iş şəraiti qurulmalı, uçot məqsədli avadanlıqlar təchiz olunmalı və ştat hazırlanmalıdır. Mühasibat uçotu xidmətinin göstərilməsi mühasibat uçotu subyektinin rəhbəri tərəfindən müvafiq struktur bölmə yaradılmaqla və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə təşkil edilir. Qanunun ən maraqlı hissəsi odur ki, uçotun aparılması konkret şəxsə həvalə edilə bilər. Qanunda qeyd olunur ki, mühasibat uçotu xidməti - mühasibat uçotu subyektlərində öz işçiləri və ya müqavilə əsasında sahibkarlıq subyektləri tərəfindən mühasibat uçotunun aparılması, o cümlədən maliyyə, vergi və digər hesabatların hazırlanması və təqdim edilməsi sahəsində göstərilən xidmətdir. Baş mühasib vəzifəsinə təyin edilən, habelə bu vəzifələri icra edən şəxs - baş mühasib mühasibat uçotu subyektində mühasibat uçotunun aparılmasını təmin edən, mühasibat uçotuna əsasən maliyyə, vergi və digər hesabatların tərtib edilməsinə, habelə uçotun formalaşdırılmasına və mühasibat uçotu sənədlərinin saxlanılmasına cavabdeh olan vəzifəli şəxsdir. Mikro sahibkarlıq subyektlərinin rəhbərləri və fərdi sahibkarların şəxsən özləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş mikro sahibkarlıq subyektlərində uçotun aparılması qaydalarına uyğun olaraq mühasibat uçotunu aparmaq hüququna malikdirlər.

Deməli, uçotu aparmaq səlahiyyətində olan şəxslər aşağıdakılardır:

  • təsərrüfat subyektlərinin öz işçisi olan baş mühasibi (və ya mühasibi);

  • müqavilə əsasında cəlb edilən digər sahibkarlıq subyektləri (mühasibat xidmətləri göstərən peşəkar şəxs);

  • yalnız mikro sahibkarlıq subyektlərində rəhbərlər və fərdi sahibkarların şəxsən özləri (direktor, sədr, fərdi sahibkarın özü).

Aktiv fəaliyyəti olan hüquqi şəxsə direktorun, yəni rəhbər vəzifəli şəxsin
təyinatı mütləq olduğu kimi, baş mühasibin təyinatı da mütləqdir.

Digər tərəfdən, "Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları"nın 8.1-ci maddəsində göstərilir ki, mühasibat uçotu subyektlərinin mühasibat uçotu bu mühasibat uçotu subyektinin rəhbəri tərəfindən yaradılmış müvafiq struktur bölmə (mühasibatlıqlar və ya mərkəzi mühasibatlıqlar) və ya müqavilə əsasında sahibkarlıq subyektləri cəlb edilməklə mühasibat uçotu xidməti göstərən hüquqi və ya fiziki şəxslər tərəfindən həyata keçirilir. Mühasibat uçotu subyektlərinin mühasibatlıqları və ya bu mühasibat uçotu subyektlərinin aparatlarının tərkibində təşkil edilmiş mərkəzi mühasibatlıqlar, bunlar olmadıqda isə mühasibat uçotu xidmətini göstərən hüquqi və ya fiziki şəxslər illik maliyyə hesabatlarını tərtib və təqdim etməlidirlər.

Beləliklə, aktiv fəaliyyəti olan kiçik, orta və iri sahibkarlıq subyektlərində mütləq qaydada ya baş mühasib (mühasibat işini görən səlahiyyətli işçisi), ya da mülki hüquqi müqavilə çərçivəsində bu xidməti göstərən digər peşəkar vergi ödəyicisi olmalıdır. Əgər kiçik, orta və iri sahibkarlıq subyektlərinin baş mühasib vəzifəsində işçisi yoxdursa və ya baş mühasib əvəzinə mühasibat uçotunu aparan digər peşəkar vergi ödəyicisi ilə müqaviləsi yoxdursa bu, rəhbərlik tərəfindən qanun pozuntusu hesab edilir. Yalnız mikro sahibkarlıq subyektlərində baş mühasib ştatı olmadan rəhbər özü (başqa işçi yox) mühasibat uçotunu apara bilər.

Mühasibin işi qanunlara, qaydalara və ciddi hüquqi müddəalara əsaslanır.
Bu işi ən mükəmməl süni intellektə belə həvalə etmək mümkünsüzdür.

- Gələcəkdə mühasib peşəsinə tələbin artması gözlənilirmi və bu peşənin inkişafını necə görürsüz?

- Əfsuslar olsun ki, bəzi insan resursları ekspertləri yaxın gələcəkdə mühasib peşəsinə tələbatın azalacağını bildirirlər. Bunu dünyada və ölkəmizdə baş verən rəqəmsallaşma prosesləri ilə əlaqələndirirlər. Mən 30 illik təcrübəm və mühasibat işinin funksiya və rolunu nəzərə alaraq demək istəyirəm ki, gələcəkdə mühasibat işinin tətbiqi forması və bu işin funksiyası dəyişəcək, lakin bu peşənin əhəmiyyəti heç vaxt aradan qalxa bilməz. Əksinə, mühasiblik ən nüfuzlu ixtisaslardan olacaq. Mühasibin işi yalnız əməliyyatı uçot qeydlərinə almaqdan ibarət deyil. Qeydlərin aparılması və qısa, tutumu az olan hesabatların hazırlanması avtomatlaşdırıla bilər və uçotun (mühasibat xidmətinin) bu hissəsinin işçilərinə ehtiyac yaranmaya bilər. Lakin gələcəkdə mühasibləri başqa tələblər gözləyir. Söhbət maliyyə idarəetməsindən, daxili idarəetmə uçotundan, uçot istifadəçilərinin marağına və başa düşmələrinə səbəb olan xüsusi (təhlil aparıla bilən və düzgün qərarlar verilməsini təmin edən) hesabatların hazırlanmasından gedir. Hətta müəssisənin spesifikasına uyğun xüsusi proqramlarda fərdi uçot sistemləri yaradan, uçota dair həm texniki, həm də inzibati şərtləri görə və qura bilən mühasiblərə ehtiyac artacaq.

Mühasibin işi qanunlara, qaydalara və ciddi hüquqi müddəalara əsaslanır. Bu işi ən mükəmməl süni intellektə belə həvalə etmək mümkünsüzdür. Təsəvvür edin ki, hazırda mükəmməl baş mühasib üç istiqamətdə böyük həcmə malik 45 sayda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını, ölkədaxili uçot qaydalarını, yəni mühasibat uçotunun aparılması, mühasibat uçotu sənədlərinin tərtib edilməsi, habelə ayrı-ayrı maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda əks etdirilməsi üzrə saysız-hesabsız hüquqi aktları, vergi qanunvericiliyi, əmək qanunvericiliyi, mülki qanunvericilik, statistika və məşğulluq qanunvericiliyi, cinayət və inzibati qanunvericilik (aidiyyəti üzrə), Nazirlər Kabinetinin qərarları (aidiyyəti üzrə), Maliyyə Nazirliyinin təlimatları, idxal-ixrac qanunvericiliyi, sənəd (elektron sənəd) qanunvericiliyi, aidiyyəti fərmanlar, sərəncamlar və digər onlarla normativ hüquqi aktları bilməlidir. Bu qədər bilik bazasına malik insan necə kənarda qala bilər?

Əminliklə deyə bilərəm ki, qanunvericilik bilikləri kifayət qədər olan mühasibin həm indi, həm də gələcəkdə işsiz qalması qeyri-mümkündür. Mühasib peşəsinin bir özəlliyi də ondan ibarətdir ki, bu peşənin sahibləri uğurlu fərdi biznes qura bilirlər. Çünki mühasib uçot bacarıqlarına malikdir və hər bir əməliyyatın qanuniliyini və qurduğu biznesinin maliyyə vəziyyətinə təsirlərini müstəqil görə bilir və bunları düzgün qiymətləndirmək üçün onun potensialı var.

Müsahibəni hazırladı:
Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?