9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cemal Yanğın: “Növbə işğaldan azad edilmiş torpaqların iqtisadi dirçəlişindədir” MÜSAHİBƏ

Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olan Türkiyənin şirkətlərinin ölkəmizin iqtisadiyyatına yatırdığı investisiyaların, iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi getdikcə artır. Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın ölkəmizin iqtisadiyyatının daha da canlanması üçün görülən işlərlə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

- Cənab Cemal Yanğın, rəhbərlik etdiyiniz qurum Azərbaycan iqtisadiyyatının inkişafındakı rolunu artırmaq üçün bu il hansı işləri görməyi planlaşdırır?

- ATİB yarandığı gündən Azərbaycan iqtisadiyyatının inkişafı üçün lazım olan bütün fəaliyyətlərdə iştirak edib. Bu əməkdaşlığın əsas məqsədi Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin inkişafına töhfə verməkdir. Zəngəzur dəhlizinin açılması və Ələt Azad İqtisadi Zonasının tikintisinin tamamlanması ilə Azərbaycan və Türkiyə çox ciddi sinerji yarada bilərlər. Ötən illərdə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub dəhlizi sayəsində Azərbaycan regionun çox mühüm ticarət qapısı olub. Dəniz, quru, hava və dəmir yolu nəqliyyatının asan əlçatanlığı Azərbaycanı çox əhəmiyyətli bir logistik mərkəzə çevirib. Azərbaycan və Türkiyə sahib olduqları imkanlar və təbii resurslar baxımından rəqib deyillər. İki qardaş dövlət imkanlarını birləşdirərək birlikdə nə edə biləcəklərini Vətən müharibəsi zamanı çiyin-çiyinə apardıqları mübarizə ilə hər kəsə bir daha göstərdilər. İndi növbə işğaldan azad edilmiş Azərbaycan torpaqlarının iqtisadi dirçəlişindədir. ATİB Türkiyə və Azərbaycandan olan iş adamlarının və müəssisələrinin bu məsələ ilə bağlı bir araya gəlməsi prosesinə rəhbərlik edəcək.

Azərbaycan və Türkiyə sahib olduqları imkanlar və təbii resurslar
baxımından rəqib deyillər. İki qardaş dövlət imkanlarını birləşdirərək
birlikdə nə edə biləcəklərini Vətən müharibəsi zamanı
çiyin-çiyinə apardıqları mübarizə ilə hər kəsə bir daha göstərdilər.

- ATİB-in Qarabağda iqtisadi fəaliyyətlə bağlı planlarında nələr nəzərdə tutulur?

- ATİB işğal altındakı Azərbaycan torpaqları azad edildikdən sonra orada iqtisadi fəaliyyətin vaxt itirilmədən, qısa zaman ərzində bərpa edilməsi üçün planlar hazırlayıb və bu barədə müvafiq qurumlara məlumat verib.

Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sənaye sahəsində kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə "Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında" Fərman verib. Bu baxımdan, ATİB də sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının emalı, qida və qeyri-qida məhsullarının istehsalı üçün kiçik və orta müəssisələrin yaradılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, regionda işsizliyin aradan qaldırılması məqsədilə təkliflər irəli sürüb.

- Hazırda Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi nə qədərdir və bu dövriyyə, əsasən, hansı istiqamətlər üzrə formalaşıb?

- Dövlət Gömrük Komitəsinin rəqəmlərinə əsasən, 2021-ci ildə Azərbaycanın ixrac edilmiş məhsullarının ümumi dəyəri 22,2 milyard, idxal edilmiş məhsullarının dəyəri isə 11,7 milyard dollar olmaqla, ümumi xarici ticarət dövriyyəsinin həcmi 33,9 milyard dollar olub. Ötən il Türkiyə ilə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 4,7 milyard dollar civarında olub ki, bu da əvvəlki illə müqayisədə 12% çoxdur. 2021-ci ildə Türkiyənin Azərbaycandan etdiyi idxalın həcmi 2020-ci illə müqayisədə 8,5% artaraq 2,8 milyard dollara, Azərbaycana ixracatının həcmi isə 18% artaraq 1,8 milyard dollara çatıb. 2021-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmində Türkiyənin payı 13,8% olub. Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətindədir. Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan ikinci ölkədir. Neft-qaz Azərbaycandan Türkiyəyə ixrac edilən məhsulların siyahısında birinci yerdədir. Azərbaycandan Türkiyəyə pambıq, pambıq ipliyi, alüminium və alüminium məmulatları, mis və mis məmulatları ilə yanaşı, gübrələr, dəmir və polad məmulatlarının ixracı da getdikcə artır. Türkiyənin Azərbaycana ixracatında məişət elektrik əşyaları, mebel, tekstil, əczaçılıq məhsulları, müxtəlif maşın və texnikalar üstünlük təşkil edir. Rəqəmlərdən göründüyü kimi, iki ölkə ticarət sahəsində bir-biri ilə rəqib olmaqdan çox bir-birini tamamlayır. Bu ticarətin həcmini artırmağın yeganə yolu üçüncü ölkələr üçün birgə istehsalın təşkilidir. ATİB buna nail olmaq məqsədlə Türkiyə və Azərbaycandan olan iş adamlarını bir araya gətirir, Azərbaycanda və Türkiyədə üçüncü ölkələrə ixracata yönəlmiş sərmayələrin qoyulması üçün nələrin edilə biləcəyi barədə onları məlumatlandırır.

2021-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmində
Türkiyənin payı 13,8% olub. Azərbaycan və Türkiyə 2023-cü ildə qarşılıqlı
ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaq niyyətindədir

- Türkiyə şirkətləri Azərbaycana hansı yeni istiqamətlər üzrə sərmayə qoymağı planlaşdırırlar? Bu sahədə hansı işlər aparılır?

- Türkiyə şirkətləri Azərbaycanda turizm, kənd təsərrüfatı, heyvandarlıq, tikinti, mədənçıxarma, təhsil, maliyyə və sığorta, sənaye sektorlarına sərmayə qoyublar və bundan sonra da sərmayə qoymağı planlaşdırırlar. Türkiyə şirkətləri Azərbaycanın müxtəlif ərazilərində kənd təsərrüfatı sahəsində əkin-biçin işləri aparırlar. Burada Anqus cinsindən olan iki min baş mal-qara təsərrüfatı yaradılıb. Azərbaycanda, Qarabağ da daxil olmaqla, mədənçilik sahəsində türk şirkətləri fəaliyyət göstərir. Təcrübəli Türkiyə şirkətləri Qarabağın yol və infrastruktur işlərinin həyata keçirilməsi üçün gecə-gündüz işləyirlər. Türkiyə xidmət, turizm, səhiyyə, qida sektorunda öndə olan ölkələr sırasındadır. Türk iş adamlarının Azərbaycanda da bu sahələr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

- Pandemiya Türkiyə və Azərbaycanın ticarət dövriyyəsinə necə təsir edib?

- Pandemiya bütün dünyada olduğu kimi Azərbaycandakı türk şirkətlərinin, o cümlədən Türkiyədəki Azərbaycan şirkətlərinin fəaliyyətinə də təsirsiz qalmadı. Lakin bu çətin şəraitdə işləməyi bacaran türk və Azərbaycan şirkətləri bədbinliyə düşmədilər, pandemiya vəziyyətindən daha güclü çıxa bildirlər. Dövlət Gömrük Komitəsinin hesabatından göründüyü kimi, 2021-ci ildə ticarət dövriyyəsinin həcmi pandemiyadan əvvəlki səviyyəni üstələyib: 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4 milyard 509 milyon dollar təşkil etdiyi halda, 2020-ci ildə pandemiya ilə əlaqədar bu həcm 7,7% azalaraq 4 milyard 161 milyon dollara enmişdi. 2021-ci ilin göstəricisi isə pandemiyadan əvvəlki göstəricidən 3,4% çox oldu.

Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?