5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Osman Xaliyev: Bu il güzəştli kredit layihələrinin sayca 93 faizi kənd təsərrüfatı sektoruna aiddir MÜSAHİBƏ

Azərbaycanda sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərindən biri də investisiya layihələrinin həyata keçirilməsi məqsədilə güzəştli kreditlərin verilməsi, iqtisadiyyatın, xüsusilə qeyri-neft sektorunun inkişafına töhfə verəcək prioritet proqramların maliyyələşdirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsinə dövlət dəstəyi göstərən, onlara subsidiyaların verilməsini həyata keçirən əsas qurumlardan biridir. Fondun İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xaliyev görülmüş işlər barədə “vergiler.az”ın suallarını cavablandırıb.

- Osman müəllim, Fond bu il nə qədər güzəştli kredit layihəsini dəstəkləyib? Həmin layihələr əsasən hansı istiqamətləri əhatə edir?

- 2022-ci il yanvarın 1-dən martın 10-dək 153 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,6 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Verilmiş kredit hesabına 215 yeni iş yerinin açılmasına imkan yaranıb. Kreditlərin layihə sayı üzrə 93 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 6 faizi sənaye məhsullarının istehsalı, 1 faizi isə xidmət sahələrinin inkişafına yönəldilib. Kreditin məbləği üzrə kənd təsərrüfatı məhsullarının istehsalı 36 faiz, sənaye məhsullarının istehsalı 15 faiz, xidmət sahələrinin inkişafı 49 faiz təşkil edib.

- Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət zəmanətli kredit çərçivəsində nə qədər subsidiya, o cümlədən nə qədər faiz subsidiyası ödənilib?

- 10 mart 2022-ci il tarixinə qədər dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində sahibkarlara 21 milyon manat həcmində subsidiya ödənilib. Pandemiyadan zərər çəkmiş sahibkarlara mövcud kredit portfeli üzrə ödənilmiş subsidiyanın məbləği 63,2 milyon manatdır.

- İndiyədək nə qədər sahibkarlıq subyektinə avadanlıq krediti verilib?

- İndiyədək Fond tərəfindən ümumi dəyəri 156 min manat, kredit məbləği 124,8 min manat olan 1 investisiya layihəsinə avadanlıq krediti verilib.

Pandemiyadan zərər çəkmiş sahibkarlara mövcud kredit portfeli üzrə
ödənilmiş subsidiyanın məbləği 63,2 milyon manatdır.

- Fondun kredit təşkilatlarının sayı nə qədərdir?

- Hazırda Sahibkarlığın İnkişafı Fondu ümumilikdə 45 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bunların 23-ü bank, 10-u bank olmayan kredit təşkilatı, 12-si də kredit ittifaqıdır.

- Fond işğaldan azad edilmiş ərazilərimizdə sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi mexanizmini hazırlayır. Bu mexanizm özündə nələri ehtiva edəcək və digər yerlər üçün nəzərdə tutulan maliyyələşdirmə mexanizmlərindən nə ilə fərqlənəcək?

- Ölkədə sahibkarlığın inkişafına maliyyə dəstəyinin verilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”na uyğun olaraq 10 ilədək 5 faizlə güzəştli kreditlər verilir. Fondun vəsaitinin yerləşdirilməsi üzrə işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bununla yanaşı, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2021-ci il 22 dekabr tarixli 713s nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə zəruri dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı təkliflərin təqdim edilməsi tapşırılmışdır. Bu işlərin həyata keçirilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən təkliflər hazırlanıb, razılaşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib.

Fondun vəsaitinin yerləşdirilməsi üzrə işğaldan azad olunmuş ərazilərdə
sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi
prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.

- Güzəştli kredit vəsaitlərinin məqsədli layihələr üzrə yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadəsinə əlverişli şərait yaradılması üçün hansı yenilik gözlənilir?

- Fondun Müşahidə Şurasının qərarına əsasən, vəsaitlərin səmərəli yerləşdirilməsi məqsədilə 2022-ci il üçün iqtisadiyyatın sahələri üzrə prioritet istiqamətlər və layihələrin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlar təsdiq edilib. Meyarlara əsasən, qeyri-neft sektorunun inkişafı üzrə innovativ texnologiyalara əsaslanan, eləcə də idxal əvəzləyici və ixracyönümlü istehsal və emal müəssisələrinin yaradılması, ətraf mühit, sosial, korporativ idarəetmə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, mikro, kiçik və orta sahibkarlığın inkişafına, habelə işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrinin dəstəklənməsi nəzərdə tutulur.

Müsahibəni hazırladı:
İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?