Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır MƏQALƏ
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Penoplex Prikavkazye” istilik izolyasiya lövhələrinin istehsalını davam etdirir. 2023-cü ilin oktyabrında fəaliyyətə başlamış müəssisənin məhsullarının 60 faizi daxili bazara, 40 faizi isə ixraca yönəldilir.
Şirkətin texniki direktoru Teymur Mahmudovun sözlərinə görə, Rusiya kapitallı müəssisənin investisiya dəyəri 18,4 milyon manat, illik istehsal gücü isə təxminən 300 min kubmetrdir. Hacıqabul Sənaye Parkının 6,7 hektar ərazisində yerləşən müəssisə istilik izolyasiyasında istifadə olunan XPS tipli ekstruziyalı köpük polistirol lövhələr istehsal edir. İki santimetrdən on santimetrədək müxtəlif qalınlıqlarda istehsal olunan bu materiallar binaların damları, fasadları və təməllərinin izolyasiyasında tətbiq edilir.
T.Mahmudov bildirib ki, müəssisənin məhsullarına əsas tələbat tikinti sektorundan gəlir. Lövhələr xüsusilə Qarabağda aparılan yenidənqurma və bərpa işlərində istifadə olunur. Bununla yanaşı, şirkət məhsullarını pərakəndə satış kanalları vasitəsilə də istehlakçılara təqdim edir.
İxrac coğrafiyası genişlənir
Müəssisənin əsas ixrac bazarı Gürcüstandır. Şirkətin bu ölkədə satış tərəfdaşları fəaliyyət göstərir.
T.Mahmudovun sözlərinə görə, gələcəkdə ixrac coğrafiyasının genişləndirilməsi nəzərdən keçirilir. Belə ki, Zəngəzur dəhlizinin (TRIPP – red.) açılması Türkiyə bazarına çıxış imkanlarını artıra bilər. Türkiyənin şərq bölgələri, eləcə də Rusiyanın cənub əraziləri potensial bazarlar kimi qiymətləndirilir.
İstilik izolyasiyası sahəsində maarifləndirmə və tədqiqatlar
T.Mahmudovun fikrincə, Azərbaycanda istilik izolyasiya materiallarından istifadə mədəniyyətinin inkişafı həmin məhsullara tələbatın artmasına şərait yarada bilər. Bu istiqamətdə şirkət yalnız istehsalla kifayətlənmir, eyni zamanda elmi-tədqiqat işləri də aparır. Müəssisədə istilik izolyasiya materiallarının tətbiqi və qoruyucu konstruksiyaların xüsusiyyətlərinin öyrənilməsi istiqamətində sınaqlar keçirilir. Şirkət yaşayış evlərindən ibarət sınaq obyektlərində iki ildən artıqdır ki, tədqiqatlar aparır və öz metrologiya stansiyasından əldə olunan məlumatları araşdırır. Toplanan nəticələr təhlil edildikdən sonra onların dövlət layihə institutları və elmi müəssisələrlə bölüşdürülməsi nəzərdə tutulur. Məqsəd tikinti sektorunda istilik izolyasiyası üzrə biliklərin genişlənməsinə və müvafiq həllərin tətbiqinə töhfə verməkdir.
Logistika dəstəyi ixrac imkanlarını artıra bilər
Şirkət üçün əsas məsələlərdən biri xarici bazarlarda rəqabət qabiliyyətinin artırılmasıdır. Texniki direktor bildirib ki, “Penoplex” Gürcüstan bazarında yerli və Türkiyədən məhsul təklif edən şirkətlərlə rəqabət aparır. Onun sözlərinə görə, cari ilin sentyabrın 1-dən xaricə satılacaq qeyri-neft məhsulları üzrə logistika dəstəyinin göstərilməsi xərclərin azalmasına təsir göstərə və bu da məhsulun son qiymətinə müsbət təsir göstərə bilər. Sözsüz ki, bu da şirkətin istehsal etdiyi məhsulların xarici bazarlarda rəqabət imkanlarını genişləndirə bilər.
Qeyd edək ki, müəssisənin fəaliyyəti Hacıqabulda sənaye istehsalının inkişafına və məşğulluğun artırılmasına da töhfə verir. Zavodda 100-dən çox şəxsin məşğulluğu təmin edilib.
Faiq KƏRİMOĞLU
