Rəqəmsal transformasiyanın yaratdığı yeni imkanlar MƏQALƏ
İnnovasiya əsaslı iqtisadi modelə keçidin təmin edilməsi ölkəmizdə prioritet fəaliyyət istiqamətlərindəndir. Rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və vətəndaşlara xidmət keyfiyyətinin artırılması hədəflənir.
Rəqəmsal inkişaf çərçivəsində dövlət qurumlarının fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Bu baxımdan vergi sistemində rəqəmsal alətlərin istifadəsi son illər daha da genişləndirilib. Elektron xidmətlərin artırılması, elektron qaimə-fakturaların tətbiqi, elektron alış aktlarının tərtib edilməsi, bəyannamələrin tam elektronlaşdırılması və vergilərin məsafədən, elektron qaydada ödənilməsi imkanlarının yaradılması kimi addımlar vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanları təmin etməklə yanaşı, biznes əməliyyatlarında şəffaflığın yüksəldilməsinə təkan verir.
Rəqəmsal inkişaf çərçivəsində dövlət qurumlarının fəaliyyətində
rəqəmsal texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir
Vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində layihələr
2025-ci il ərzində Dövlət Vergi Xidmətində informasiya sistemlərinin təkmilləşdirilməsi, rəqəmsal xidmətlərin genişləndirilməsi, vergi inzibatçılığının səmərəliliyinin artırılması, informasiya texnologiyaları infrastrukturunun dayanıqlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilib. AVİS-2 layihəsi çərçivəsində kargüzarlıq, bəyannamələrin hazırlanması və fiziki şəxslərin vergi uçotu prosesləri elektronlaşdırılıb. İnternet Vergi İdarəsinin yeni elektron portalı istifadəyə verilib, 80-dən çox elektron xidmətə biometrik imza inteqrasiya olunub. Həmçinin, vergi ödəyiciləri üçün yeni elektron xidmətlər yaradılıb.
“ƏDV geri al” mexanizmi üzrə nağdsız ödənişlər zamanı çeklərin vətəndaşların elektron kabinetinə avtomatik əlavə olunması təmin edilib. “ƏDV geri al” mexanizmi üzrə vətəndaşın alış-veriş zamanı əldə etdiyi yeni nəsil NKA çekinin məlumatlarının elektron kabinetdə əks etdirilməsi və geri qaytarma müraciətinin formalaşdırılması prosesi nağdsız (bank kartı ilə) ödənişlərdə tam avtomatlaşdırılıb. Ödəniş nağdsız qaydada edildikdə, sistem ödəniş əməliyyatı ilə fiskal çeki avtomatik uyğunlaşdırır, çeki vətəndaşın profili ilə uzlaşdırır və QR skan / fiskal ID-nin manual daxil edilməsi tələbini aradan qaldıraraq çekin avtomatik şəkildə elektron kabinetə yüklənməsini təmin edir. Bu yenilik müraciət prosesini sadələşdirib və vaxta qənaət yaradıb.
“Track and Trace” layihəsi vasitəsilə müəyyən məhsulların istehsaldan satışadək izlənməsi imkanları genişləndirilib. Fiskal əməliyyatlara nəzarət gücləndirilib, süni intellektdən risklərin müəyyənləşdirilməsində, robotlaşdırılmış proseslərdən isə təkrarlanan əməliyyatların avtomatlaşdırılmasında istifadə olunub.
Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu
minimuma endirmək məqsədilə elektron xidmətlərlə yanaşı, vergi nəzarəti
proseslərinin də avtomatlaşdırılması üzərində işləyir
Vergi sirrinin və fərdi məlumatların qorunması, təhlükəsizlik risklərinin azaldılması və informasiya sistemlərinin dayanıqlığının artırılması istiqamətində də mühüm tədbirlər görülüb. Daxili nəzarət və insidentlərin idarə olunması mexanizmləri təkmilləşdirilib, əməkdaşların peşəkar bacarıqları inkişaf etdirilib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Qlobal Forumunun 2025-ci ildə apardığı qiymətləndirmədə Azərbaycanın məlumatların məxfiliyinin qorunması üzrə göstəriciləri yüksək mövqe əldə edib.
Daha səmərəli və şəffaf vergi sistemi
Elektron xidmətlərin genişləndirilməsi, əməliyyatların avtomatlaşdırılması və müasir texnologiyaların tətbiqi vergi ödəyicilərinin inzibati yükünün azaldılmasına, xidmətlərdən istifadənin asanlaşdırılmasına və biznes mühitində şəffaflığın gücləndirilməsinə imkan yaradır.
Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, məlumatların təhlükəsizliyinin qorunmasına və qərarların daha operativ qəbuluna dəstək verir. “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”na əsasən, vergi ödəyicilərinə göstərilən xidmət keyfiyyətinin yaxşılaşdırılması, şəffaflığın artırılması, vergi ödəyicilərinin hesabatlılıq üzrə iş yükünün sadələşdirilməsi və sürətləndirilməsi məqsədilə inzibatçılığın təkmilləşdirilməsi, o cümlədən rəqəmsallaşması ilə çeviklik təmin ediləcək. Dövlət Vergi Xidməti vergi ödəyiciləri ilə münasibətdə insan faktorunun rolunu minimuma endirmək məqsədilə elektron xidmətlərlə yanaşı, vergi nəzarəti proseslərinin də avtomatlaşdırılması üzərində işləyir. Texnologiyalar vergi qanunvericiliyinə könüllü əməletmə səviyyəsini yüksəltmə sisteminin əsası olduğundan, bu, cəmiyyət və dövlət arasında qarşılıqlı etimadı və vətəndaş məmnunluğunu artırmağa, iqtisadiyyatın şəffaflığını təmin etməyə xidmət edir.
Gülay NƏBİYEVA
