Sahibkarlıq fəaliyyəti üzrə sosial ödənişlərə yanaşma necə dəyişdi? MƏQALƏ
Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlar üçün məcburi dövlət sosial sığorta ayırmalarının hesablanması zamanı 2026-cı il yanvarın 1-dək həmin şəxsin fəaliyyət göstərdiyi sahə və ünvan əsas götürülürdü. Belə ki, minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə isə 25 faizi məbləğində hesablanan sosial sığorta haqqı:
Bakı şəhəri üzrə – 100 faiz,
Sumqayıt və Gəncə şəhərləri üzrə – 90 faiz,
digər şəhərlər üzrə – 80 faiz,
rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində və qəsəbələrdə
– 60 faiz, kənd yerlərində isə – 50 faiz nisbətində tətbiq edilirdi.
Misal 1: 2025-ci ildə Bakı şəhərində pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan fərdi sahibkar aylıq 100 manat (400 manat (minimum aylıq əməkhaqqı) × 25 % × 100 %) məcburi dövlət sosial sığorta ayırması ödəyirdisə, Şəki şəhərində fəaliyyət göstərən analoji fərdi sahibkar üzrə bu məbləğ 80 manat (400 manat × 25 % × 80 %) təşkil edirdi.
Digər mühüm fərqləndirici cəhət ondan ibarət idi ki, fərdi sahibkarın dövriyyəsindən asılı olmayaraq, məcburi dövlət sosial sığorta ayırması sabit məbləğdə hesablanırdı.
Misal 2: 2025-ci ildə Bakı şəhərində xidmət sektorunda fəaliyyət göstərən fərdi sahibkarın aylıq dövriyyəsi 500 manat, tədris mərkəzi kimi fəaliyyət göstərən digər fərdi sahibkarın aylıq dövriyyəsi isə 50.000 manat olmuşdur. Dövriyyələr arasında ciddi fərq olmasına baxmayaraq, hər iki fərdi sahibkarın ödəməli olduğu məcburi dövlət sosial sığorta ayırması aylıq 100 manat (400 manat × 25 % × 100 %) təşkil edirdi.
1 yanvar 2026-cı il tarixdən etibarən regionlar üzrə diferensiallaşdırma ləğv edilib, eyni zamanda dövriyyəyə əsaslanan məcburi dövlət sosial sığorta ayırmalarının hesablanması nəzərdə tutulub.
Belə ki, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti üzrə məcburi dövlət sosial sığorta ayırması:
- gәlirlәrin (xәrclәr çıxılmadan) 2 faizi miqdarında,
- lakin minimum aylıq әmәkhaqqının 15 faizindәn az, 100 faizindәn isә çox olmamaq şәrti ilә hesablanır.
Maddədə iki əsas məqam nəzərə alınmalıdır.
Birinci məqam ondan ibarətdir ki, məcburi dövlət sosial sığorta ayırması xərclər çıxılmadan əldə edilən gəlir əsasında hesablanır.
Misal 3: Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2026-cı ilin may ayında gəliri 10.000 manat, xərcləri isə 8.000 manat olub. Bu halda məcburi dövlət sosial sığorta ayırması 200 manat (10.000 manat x 2 %) təşkil edəcək.
Göründüyü kimi, hesablamada xərclər nəzərə alınmır.
İkinci məqam isə məcburi dövlət sosial sığorta ayırmaları üzrə minimum və maksimum hədlərin müəyyən edilməsidir. Belə ki, fərdi sahibkar üçün aylıq məcburi dövlət sosial sığorta ayırması 60 manatdan az (400 manat (minimum aylıq əməkhaqqı) x 15%), 400 manatdan çox (400 manat x 100 %) ola bilməz.
Misal 4: Fərdi sahibkarın 2026-cı ilin mart ayında gəliri (xərclər çıxılmadan) 2.000 manat olub. Gəlirə nisbətən hesablandıqda məcburi dövlət sosial sığorta ayırması 40 manat (2.000 manat x 2 %) təşkil etsə də minimum hədd tətbiq olunduğundan, bəyan ediləcək məbləğ 60 manat olacaq.
Misal 5: Fərdi sahibkarın 2026-cı ilin iyun ayında gəliri (xərclər çıxılmadan) 60.000 manat olub. Gəlirə nisbətən hesablandıqda məcburi dövlət sosial sığorta ayırması 1.200 manat (60.000 manat x 2 %) təşkil etsə də maksimum hədd nəzərə alınaraq fərdi sahibkar tərəfindən 400 manat məbləğində sosial sığorta ayırması bəyan ediləcək.
