8 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ESG prinsipləri iqtisadiyyatın strukturunu yenidən formalaşdırır MƏQALƏ

2015-ci ildə bağlanmış Paris İqlim Sazişində bəyan edilmişdi ki, iqlim gündəliyinin adaptasiya komponenti, yəni qlobal istiləşmənin yaratdığı zərərin minimuma endirilməsi, istixana qazlarının emissiyalarının azaldılmasına və onların udulmasına yönəlmiş mitiqasiya komponenti qədər vacibdir. Lakin bir çox ekspert qeyd edirdi ki, o vaxtdan keçən təxminən on il ərzində əsas diqqət məhz mitiqasiyaya yönəlib və yalnız son dövrlərdə adaptasiya mexanizmlərinə diqqət artmağa başlayıb.

BMT-nin hesabatına görə, trilyonlarla dollar investisiyaya baxmayaraq, 1990-cı ildən 2024-cü ilə qədər emissiyalar demək olar ki, üçdə iki artaraq rekord həddə – 58 milyard tona çatıb. Planetdə orta temperatur artmaqda davam edir və müxtəlif məlumatlara görə, artıq Paris Sazişində müəyyən edilmiş hədəf hədlərini keçib. Həmin sazişdə sənayeləşmədən əvvəlki dövrlə müqayisədə temperatur artımının 2°C-dən aşağı saxlanılması və artımın 1,5°C ilə məhdudlaşdırılması üçün səylərin göstərilməsi nəzərdə tutulurdu. Model hesablamaları göstərir ki, hətta qəbul edilmiş öhdəliklər yerinə yetirilsə belə, 2100-cü ilə qədər temperatur artımı 2,6°C təşkil edəcək.

Bununla yanaşı, iqlim riskləri artıq nəzəri xarakter daşımır. ABŞ-Britaniya sığorta brokerinin araşdırmasına əsasən, 2025-ci ildə təbii fəlakətlərdən sığortalanmış zərərlər 127 milyard dolları keçib. Ekspertlər hesab edirlər ki, emissiyaları azaltmağa davam etməklə yanaşı, həm də planetin müxtəlif yerlərində müşahidə edilən iqlim çağırışlarının həlli vacibdir. İqtisadi baxımdan bu, həm ayrı-ayrı şirkətlərin, həm də bütöv dövlətlərin üzləşdiyi risk və itkilərin qarşısını almaq deməkdir.

Bu gün ESG həm yeni məhsul və xidmətlərə çevrilə, həm də geniş tətbiq oluna bilər

Adaptasiya dövlət və biznes üçün iqtisadi prioritetdir

İqlim dəyişikliklərinə aktiv adaptasiya siyasəti ölkə iqtisadiyyatı üçün müsbət nəticələr verə bilər. Bununla iqlim gündəliyinin əsas vəzifələri formalaşdırılır, prioritetlər müəyyən edilir və biznesin fəaliyyəti üçün standartlar yaradılır. Lakin şirkətlərin özlərinin iştirakı olmadan belə standartları yaratmaq mümkün deyil. Məhz biznes fəaliyyət göstərdiyi regionların xüsusiyyətlərini və iqlim təhlükələrini daha yaxşı başa düşür. Bu, dövlət standartları və tənzimləyici bazanın həm biznesin ehtiyaclarına, həm də ölkənin tələblərinə uyğunlaşdırılmasına kömək edir. Biznes adaptasiyanı xərc kimi deyil, faydalı transformasiya kimi görməyi öyrənməlidir. Bu, biznes üçün kapitalın qorunması və iqtisadi sabitliyin təmin edilməsi alətidir. Əks halda, iqlim riskləri iqtisadiyyatın göstəricilərini aşağı salmağa davam edə bilər.

Bu gün ESG (environmental, social, governance – ekoloji, sosial və idarəetmə aspektləri) artıq yalnız komplayens və hesabatlılıq funksiyası deyil. Bu istiqamət həm yeni məhsul və xidmətlərə çevrilə, həm də geniş tətbiq oluna bilər. Söhbət biznes və cəmiyyətin iki əsas dəyişiklik prosesinə – qlobal iqlim dəyişikliklərinə və süni intellektin, xüsusilə əmək bazarının təsiri ilə bazarların transformasiyasına uyğunlaşmasından gedir. İqlimə və əmək bazarındakı dəyişikliklərə uyğunlaşma qabaqcıl rəqəmsal texnologiyalar olmadan həll edilə bilməyən bir çağırış hesab edilir. Süni intellekt və böyük verilənlər (Big Data) burada sadəcə köməkçi deyil, əsas infrastruktur rolunu oynayır. Beləliklə, adaptasiya imkanlar bazarına çevrilir. Burada maliyyə sektoru ehtiyaclarla kapital arasında körpü yaradır və eyni zamanda biznes və insanlar üçün rəqabətqabiliyyətliliyin əsas amilinə çevrilir.

Azərbaycanda aşağı karbonlu iqtisadiyyata keçidi təşviq edən və
ESG prinsiplərinin tətbiqini stimullaşdıran bir sıra tədbirlər həyata keçirilir

Maliyyə, texnologiya və dövlət siyasəti adaptasiyanın əsas hərəkətverici qüvvələridir

İqlim hədəflərinin həyata keçirilməsində dövlət siyasəti və maliyyə stimulları mühüm rol oynayır. Adaptasiyaya keçid aydın iqtisadi stimullar tələb edir. ESG layihələrinə investisiyaları stimullaşdırmağa imkan verən müxtəlif alətlər mövcuddur. Bunlara yaşıl, adaptasiya və sosial kreditlər, yaşıl sertifikatlar, istiqrazlar və s. daxildir.

Azərbaycanda aşağı karbonlu iqtisadiyyata keçidi təşviq edən və ekoloji, sosial və korporativ idarəetmə – ESG prinsiplərinin tətbiqini stimullaşdıran bir sıra tədbirlər həyata keçirilir. Yaşıl investisiyaların dəstəklənməsi üçün ətraf mühitə müsbət təsir göstərən və enerji səmərəliliyini dəstəkləyən layihələrə vergi güzəştləri verilir. Bu baxımdan, elektrik və hibrid avtomobillər üçün vergi güzəştləri, elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularına tətbiq olunan güzəştlər, investisiya təşviqi sənədi üzrə təşviqlər, köhnə maşınların ölkəyə idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla tətbiqi və s. həyata keçirilir.

Dövlət–özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq və idxalda ƏDV üzrə güzəştlər verilib.

OECD-nin mütəxəssisləri qeyd edirlər ki, vergi siyasəti baxımından aşağı karbonlu iqtisadiyyata keçid karbon vergiləri, emissiya ticarəti sistemləri və yaşıl vergi stimulları vasitəsilə ekoloji cəhətdən məsuliyyətli istehsal və istehlak davranışlarını təşviq edir. Bu alətlər bir tərəfdən dövlət büdcəsinə əlavə gəlirlər formalaşdırır, digər tərəfdən isə müəssisələr və istehlakçıları daha təmiz texnologiyalara və ekoloji dayanıqlı fəaliyyət modellərinə keçməyə sövq edir. Nəticədə iqtisadi artımla ətraf mühitin qorunması arasında daha balanslı və davamlı inkişaf modeli formalaşır.

Gülay NƏBİYEVA

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?