Malların əvəzsiz qaydada verilməsi və ya barter edilməsi zamanı ƏDV-nin hesablanması qaydası MƏQALƏ
Vergi ödəyicilərinin gündəlik fəaliyyətində tez-tez rast gəlinən məsələlərdən biri də malların, işlərin və xidmətlərin işçilərə və ya digər şəxslərə təqdim edilməsi, eləcə də barter əməliyyatlarının ƏDV tələbləri baxımından rəsmiləşdirilməsidir.
Mövzu ilə bağlı “vergiler.az”-ın suallarına “Business Service Center” MMC şirkətinin mühasibat üzrə mütəxəssisi Şəms Hümmətova aydınlıq gətirir.
Vergi Məcəlləsinin 159.4-cü maddəsinə əsasən, vergi ödəyicisinin haqqı ödənilməklə və ya əvəzsiz qaydada öz işçilərinə və digər şəxslərə mal verməsi, iş görməsi və ya xidmət göstərməsi, həmçinin barter əməliyyatları ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat hesab olunur.
Misal 1: “Bulud” MMC ƏDV ödəyicisidir və bazar qiyməti 500 manat (ƏDV-siz) dəyərində malı öz işçisinə təqdim edir. Əməliyyat ƏDV tutulan əməliyyat olduğundan həmin məbləğ üzrə ƏDV hesablanmalıdır.
500 x 18% = 90 manat ƏDV
Beləliklə, 500 manatlıq mal üzrə 90 manat ƏDV hesablanır.
Əvəzsiz verilən mallar da ƏDV-yə cəlb olunurmu?
Vergi ödəyicisinin öz işçilərinə və ya digər şəxslərə əvəzsiz qaydada mal verməsi, iş görməsi və ya xidmət göstərməsi də ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.
Misal 2: ƏDV ödəyicisi olan şirkət 5 işçisinə ümumilikdə bazar qiyməti 2.000 manat (ƏDV-siz) olan malı əvəzsiz qaydada təqdim edir. Bu halda həmin məbləğ üzrə ƏDV hesablanmalıdır:
2000 x 18% = 360 manat (ƏDV məbləği).
Bu səbəbdən şirkətlərin işçilərə verilən hədiyyə, bonus və digər əvəzsiz təqdimatları uçota alarkən həmin əməliyyatların ƏDV baxımından nəticələrini də nəzərə almaları vacibdir.
Barter əməliyyatı zamanı ƏDV-nin hesablanması
Barter dedikdə malların, işlərin və ya xidmətlərin pul vəsaiti ilə deyil, digər mal, iş və ya xidmətlərlə mübadiləsi başa düşülür. Məsələn, bir şirkət digər şirkətə mal təqdim edir, qarşılığında isə həmin şirkətdən xidmət alır. Bu halda tərəflər arasında pul ödənişi həyata keçirilməsə də ƏDV ödənişləri qarşılıqlı surətdə həyata keçirilməlidir.
Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter əməliyyatları vergitutma məqsədləri üçün bazar qiyməti nəzərə alınan əməliyyatlardandır.
Barter zamanı ƏDV-nin əvəzləşdirilməsi necə həyata keçirilir?
Barter əməliyyatında tərəflərin hər biri öz təqdim etdiyi mal, iş və ya xidmət üzrə ƏDV hesablamalıdır.
Vergi Məcəlləsinin 175.1-ci maddəsində nəzərdə tutulan qaydalara əsasən, ƏDV-nin əvəzləşdirilməsi üçün müvafiq şərtlərin yerinə yetirilməsi tələb olunur. Barter əməliyyatında pul formasında ödəniş həyata keçirilmədiyinə görə, ƏDV-ni əvəzləşdirə bilmək üçün mal, iş, xidmətin dəyərinin ƏDV hissəsi qarşılıqlı surətdə ödənilməlidir.
Misal 3: Tutaq ki, “X” MMC ƏDV ödəyicisi olan “Y” MMC ilə razılaşır ki, ona 20.000 manat dəyərində mal təqdim etsin. Bunun qarşılığında “Y” MMC “X” MMC-yə 20.000 manat dəyərində təmir xidməti göstərir. Bu halda hər iki tərəf öz təqdim etdiyi mal və ya xidmət üzrə ƏDV hesablamalıdır.
“X” MMC-nin təqdim etdiyi mal üzrə:
20000 x 18% = 3600 manat (ƏDV məbləği).
“Y” MMC-nin təqdim etdiyi xidmət üzrə də:
20000 x 18% = 3600 manat (ƏDV məbləği).
Əgər hər iki tərəfin təqdim etdiyi əməliyyat ƏDV-yə cəlb olunan əməliyyatdırsa, hər bir tərəf öz əməliyyatı üzrə müvafiq ƏDV öhdəliyini hesablayıb qanunvericiliyin tələblərinə uyğun olaraq əvəzləşdirmə hüququnu həyata keçirə bilər.
Bəs barter əməliyyatı necə sənədləşdirilməlidir?
Barter əməliyyatlarında sənədləşmə xüsusilə vacibdir. Hər bir tərəf öz təqdim etdiyi mal, iş və ya xidməti müvafiq elektron qaimə-faktura ilə rəsmiləşdirməlidir. Yəni, barter əməliyyatının olması elektron qaimə-fakturanın təqdim edilməsinə ehtiyacı aradan qaldırmır.
