17 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştləri ilə böyüyən startaplar: “BillKill” və “OnWay” MƏQALƏ

Azərbaycanda təqdim olunan “Startap” şəhadətnaməsi və onun verdiyi vergi güzəştləri yeni yaranan texnoloji bizneslərin ilkin mərhələdəki maliyyə yükünü azaltmağa xidmət edir. Bu mexanizmdən yararlanan yerli layihələr fərqli sektorlarda ənənəvi idarəetmə və xidmət proseslərini rəqəmsallaşdıraraq işlərin sürətlənməsinə öz töhfəsini verir.

vergiler.az” bu imkanlardan faydalanan iki fərqli layihənin — binaların idarə edilməsini rəqəmsallaşdıran “BillKill.az” platformasının və kənd təsərrüfatı təchizatçılarını vahid məkanda birləşdirən “OnWay” startapının qurucuları ilə həmsöhbət olub. Hər iki layihə vergi güzəştləri sayəsində xidmət coğrafiyasını genişləndirməyi, eləcə də güclü komanda və investor dəstəyi ilə fəaliyyətini böyütməyi hədəfləyir.

"BillKill.az": Binaların idarə edilməsində rəqəmsal transformasiya

2024-cü ilin sentyabrında “Startap” şəhadətnaməsi almış “BillingPro” şirkəti ödənişlərin yığımı və idarə olunması proseslərini rəqəmsallaşdırır. Şirkətin əsas məhsulu olan “BillKill.az” platforması yaşayış kompleksləri üçün nəzərdə tutulan vahid rəqəmsal platformadır və xüsusilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (MMMC) modelinə uyğun şəkildə qurulub. Çoxmənzilli binaların idarə olunması üçün sakinlərin könüllü birliyi olan və qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi ilə tənzimlənir. Bu model qanunvericilikdə çoxmənzilli binaların idarə olunmasının əsas mexanizmlərindən biri kimi nəzərdə tutulub. Layihənin təsisçisi Orxan Şahbazov qeyd edib ki, platforma məhz bu hüquqi çərçivəyə uyğun olaraq dizayn edilib. Sistemdə MMMC-lərin fəaliyyətinə uyğun funksionallıq, yəni ödənişlərin şəffaf uçotu, xidmət haqlarının toplanması, sakinlər və idarəetmə arasında qarşılıqlı hesabatlılıq və digər mexanizmlər nəzərə alınıb.

Layihə insanların gündəlik qarşılaşdığı real problemlərin həllinə yönəlib. Əvvəllər sakinlər komendantlara kartdan karta və ya nağd şəkildə ödəniş edir, daha sonra isə ödənişin təsdiqini tapmaqda çətinlik çəkirdilər. Bu həm sakinlər, həm də idarəedici tərəf üçün qeyri-şəffaf və qeyri-effektiv proses idi. “BillKill” platforması bu prosesi tam rəqəmsallaşdırıb. Beləliklə, bütün ödənişlər sistem üzərindən izlənilir, sakinlər üçün şəffaflıq və rahatlıq təmin olunur, idarəedici strukturlar üçün isə maliyyə intizamı və hesabatlılıq güclənir.

Platforma eyni zamanda idarəedicilərə və komendantlara əlavə imkanlar yaradır. Onlar artıq yalnız kommunal ödənişləri toplamaqla kifayətlənmir, həm də liftlərin texniki xidməti, mərkəzi isitmə sistemləri, hovuz, yaşıllıq və əraziyə qulluq, həmçinin elektrik avtomobilləri üçün şarj xidmətləri kimi əlavə servisləri sistem üzərindən təklif edə bilirlər. Bu yanaşma həm xidmətlərin keyfiyyətini artırır, həm də idarəedici strukturlar üçün əlavə gəlir və daha effektiv idarəetmə imkanları yaradır.

Platforma geniş inteqrasiya imkanlarına malikdir. Layihənin təsisçisi O.Şahbazov bildirib ki, hazırda "PashaPay", "mPay" və "GoldenPay" kimi aparıcı ödəniş aqreqatorları ilə əməkdaşlıq edirlər. Bundan əlavə, ödəniş funksionallığı artıq “Kapital Bank” və ABB kimi iri bankların mobil tətbiqlərində də təqdim olunur. Layihə rəhbərinin sözlərinə görə, "BillKill" platformasını yaratmaqda əsas məqsəd istifadəçilər üçün ödənişə çıxışı maksimum sadə, sürətli və hər yerdən əlçatan etməkdir. Gələcəkdə platformanın bütün bank tətbiqlərində və mümkün olan bütün ödəniş kanallarında təqdim olunması planlaşdırılır.

Platforma artıq real layihələrdə tətbiq olunur, minlərlə istifadəçini əhatə edir və müxtəlif idarəedici qurumlar ilə xidmət təminatçılarına inteqrasiya olunaraq maliyyə axınlarının daha şəffaf və sistemli idarə olunmasına imkan verir. Strateji baxımdan isə bu modelin gələcəkdə təhsil və tibb sektoru üçün genişləndirilməsi nəzərdə tutulub.

O.Şahbazov vurğulayıb ki, “Startap” şəhadətnaməsi layihənin inkişafında real və ölçüləbilən rol oynayıb. Şirkət erkən mərhələdə maliyyə yükünü optimallaşdıraraq resurslarını inkişaf və böyüməyə yönəldə bilib. Başqa sözlə, vergi güzəştləri sadəcə qənaət deyil, böyümə sürətləndiricisi rolunu oynayıb. Şəhadətnamənin verdiyi status layihənin dövlət qurumları, maliyyə institutları və tərəfdaşlar qarşısında etibarlılığını artırıb, əməkdaşlıq imkanlarını genişləndirib.

Vergi güzəştləri hesabına əldə edilən qənaət əsasən layihənin sürətli inkişafına və böyüməsinə yönəldilib. Bu resurslar ilk növbədə məhsulun texniki tərəfinə investisiya edilib. Belə ki, platformaya yeni funksionallıqlar əlavə olunub, sistemin dayanıqlığı ilə performansı artırılıb, xüsusilə, MMMC modelinə uyğun hesabatlılıq sahəsində uçot mexanizmləri daha da təkmilləşdirilib. Komandanın inkişafını hədəfləyən növbəti addım kimi yeni mütəxəssislər cəlb edilib, həmçinin mövcud heyətin əməkhaqqı və motivasiya paketləri yaxşılaşdırılıb. Digər vacib istiqamət isə inteqrasiya və ekosistem quruculuğudur. İstifadəçilər üçün ödəniş prosesini maksimum sadə və əlçatan etmək məqsədilə ödəniş aqreqatorları ilə bank sistemlərinə inteqrasiyaların genişləndirilməsinə investisiya ayrılıb. Yaxın perspektivdə isə bu resursların bir hissəsinin platformanın daha geniş coğrafiyada tətbiqinə, elektrik avtomobilləri üçün şarj xidməti kimi əlavə xidmət modellərinin inkişafına, eləcə də istifadəçi təcrübəsinin daha da yaxşılaşdırılmasına yönəldilməsi planlaşdırılır.

"OnWay": Regionlarda aqrar təchizat zəncirini mərkəzləşdirən yeni platforma

2025-ci ilin noyabrında “Startap” şəhadətnaməsi almış “OnWay” startapı hazırda inkişaf mərhələsindədir. Kənd təsərrüfatı sahəsində xidmətlərin keyfiyyətini artırmaq məqsədilə yaradılmış layihə müxtəlif təchizatçıların məhsul və xidmətlərini mərkəzləşdirilmiş şəkildə birləşdirir. Bu layihə, xüsusilə, regionlardakı kənd təsərrüfatı istehsalçıları və təchizatçıları üçün xidmətləri bir araya toplayaraq əməliyyatların şəffaflığını və effektivliyini artırmağa hesablanıb.

Platformanın təsisçisi Tofiq Niftəliyev bildirib ki, istifadəçilər həm veb-platforma, həm də mobil tətbiq üzərindən sifariş verə, ödənişi onlayn edə və prosesin hər mərhələsini real vaxtda izləyə bilərlər. Layihənin əsas məqsədi insanlara evlərindən çıxmadan virtual mağazalara daxil olmaq imkanı yaratmaqdır. Layihə tam gücüylə fəaliyyətə başladıqda təchizatçılarla birgə aksiyaların, endirimlərin və müxtəlif loyallıq proqramlarının da icrası planlaşdırılır.

“Startap” şəhadətnaməsi aldıqdan sonra təchizatçılarla sıx əlaqələr qurulub, əməkdaşlıq müqavilələri imzalanıb və hazırda sistemdə 15-ə yaxın təchizatçı fəaliyyət göstərir. Eyni zamanda, ödənişlərin qəbulu üçün “Kapital Bank” ilə tərəfdaşlıq müqaviləsi imzalanıb və onlayn alış-verişləri “Birbank” vasitəsilə təhlükəsiz şəkildə həyata keçirmək mümkündür. İstifadəçilər “App Store” və “Play Store”dan tətbiqi yükləyərək qeydiyyatdan keçə və müvafiq təchizatçının onlayn mağazasından rahatlıqla sifariş verə bilərlər.

T.Niftəliyev onu da qeyd edib ki, startapın əsas fəlsəfəsi təkcə təchizatçıların onlayn satış platforması (marketplace) kimi çıxış etməkdən ibarət deyil. Gələcəkdə bura tədarükçüləri, aqronom xidmətlərini və baytarlıq kateqoriyalarını əlavə etmək nəzərdən keçirilir. Həmçinin yaxın gələcəkdə "Onway Drive" kuryer-çatdırılma xidmətinin tətbiqi də planlaşdırılır. Bu məqsədlə ayrıca kuryer tətbiqi hazırlanıb və mərhələli şəkildə kuryerlər cəlb edilərək lokal daşımalar təşkil ediləcək.

Hazırda layihə rəhbərliyi investorlarla əməkdaşlığa fokuslanıb. Təsisçi vurğulayıb ki, müəyyən daxili resurslarla layihəni ərsəyə gətirsələr də, planların daha sürətlə reallaşması və layihənin böyüyüb kütləviləşməsi üçün investor dəstəyinə böyük ehtiyac var. Çünki kateqoriyalar və təchizatçıların çeşidi artdıqca iş yükü də çoxalır. Bu baxımdan, böyümək və inkişaf etmək üçün investisiya cəlbi əsas hədəflərdən biridir.

“Startap” şəhadətnaməsinin əhəmiyyətinə gəlincə, bu sənəd layihəni 3 il müddətinə mənfəət vergisindən azad edib. T.Niftəliyev deyir ki, sözügedən güzəşt ilkin mərhələdə olan startaplar üçün də böyük stimuldur. Üstəlik, bu sənəd layihənin keyfiyyətinin və dəyərinin göstəricisidir.

Yeri gəlmişkən, “OnWay” komandası layihənin markasını qorumaq məqsədilə Əqli Mülkiyyət Agentliyindən Patent və Əmtəə Nişanı şəhadətnaməsi də alıb.

Hazırda layihəni inkişaf etdirmək üçün 3-4 nəfərdən ibarət kiçik heyət fəaliyyət göstərir. Layihənin təsisçisi deyir ki, yeni kateqoriyaları işə salmaq və fəaliyyəti genişləndirmək üçün komandaya müxtəlif sahələr üzrə əməkdaşlar, operatorlar, kateqoriya menecerləri, həmçinin regionlarda təchizatçılarla birbaşa əlaqələr quracaq satış heyəti tələb olunur. Komandanın genişləndirilməsi və layihənin böyüdülməsi istiqamətində işlər davam edir. Gəlir vergisi ödəməmək isə sadalanan bütün bu planları müəyyən qədər sürətləndirməyə imkan verir.

Faiq KƏRİMOĞLU

VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu?