15 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Klass”: Azərbaycanın ilk əyləc bəndi zavodu ixraca başlayır MƏQALƏ

Avtomobil və digər nəqliyyat vasitələrinin əyləc sistemində mühüm rol oynayan əyləc bəndləri İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) tabeliyindəki Hacıqabul Sənaye Parkında istehsal olunur. Parkın rezidenti “Brake System Azerbaijan” MMC öz məhsullarını daxili bazara “Klass” brendi ilə təqdim edib və yaxın vaxtlarda ilk ixracın reallaşması gözlənilir.

Qeyd edək ki, müəssisə nəinki Azərbaycanda, bütövlükdə Qafqaz regionunda nəqliyyat vasitələri üçün əyləc bəndlərinin istehsalı üzrə ixtisaslaşan yeganə zavoddur.

Yerli əyləc bəndlərinin istehsalı genişlənir

“Klass” brendi ilə istehsal edilən məhsullar 2024-cü ildən etibarən daxili bazarda satışa çıxarılır. MMC-nin direktoru Mehman Ağayev bildirib ki, müəssisənin yerli bazarda kifayət qədər alıcısı var və tələbat şirkəti istehsal həcmini artırmaq üzərində işləməyə sövq edir.

Paralel olaraq, istehsal edilən məhsulların çeşidi də genişlənib. Direktorun verdiyi məlumata görə, şirkət hazırda 300-ə yaxın avtomobil modeli üçün əyləc bəndi istehsal edir. Son yeniliklərdən biri olaraq “Honda”nın bir neçə modeli, həmçinin “Hyundai Elantra” və “Chevrolet Cobalt” üçün də ehtiyat hissələrinin istehsalına başlanılıb. Daxili bazarda populyarlığı artan BYD elektromobilləri və hibridləri üçün də əyləc bəndlərinin istehsalı planlaşdırılır. Şirkət sırf bu modellər üçün xaricdən xüsusi qəliblər sifariş verib. Bundan başqa, orta tonnajlı yük avtomobilləri üçün də əyləc bəndlərinin istehsalı nəzərdə tutulur. Artıq bunun üçün lazımi avadanlıqlar gətirilib və yaxın vaxtlarda istehsala start veriləcək.

Yeni avadanlıq istehsal gücünü 3 dəfə artırıb

Müəssisə tərəfindən alınan yeni istehsal avadanlığı şirkətin ümumi istehsal gücünü 3 dəfə artırıb. Bu yenilik gələcəkdə avtobuslar və daha böyük nəqliyyat vasitələri üçün də əyləc bəndlərinin istehsalına geniş imkanlar yaradır ki, şirkət rəhbərliyi bu addımı növbəti mərhələdə reallaşdırmağı planlaşdırır.

Gələcəkdə orta və iri tutumlu nəqliyyat vasitələri ilə yanaşı, təcili tibbi yardım avtomobilləri üçün də əyləc bəndlərinin buraxılması nəzərdə tutulur.

Hacıqabuldan Qazaxıstana...

Şirkət yaxın vaxtlarda “Made in Azerbaijan” brendi ilə istehsal etdiyi əyləc bəndlərini dünya bazarına çıxarmağa hazırlaşır. İlk məhsul partiyasının qısa müddət ərzində Qazaxıstana yola salınması nəzərdə tutulur. Bu ölkəyə ilkin mərhələdə 600-700 cüt olmaqla, ümumilikdə 1 ton əyləc bəndi göndəriləcək. Qazaxıstan tərəfi bütün avtomobil modelləri üçün sifariş versə də, əsas üstünlüyü “Toyota” markalı nəqliyyat vasitələrinin detallarına ayırıb. Bütün ixrac olunacaq məhsullar beynəlxalq təhlükəsizlik sertifikatlarına malikdir.

M.Ağayev Qazaxıstana reallaşacaq ixracın strateji əhəmiyyətini xüsusi vurğulayıb. Bu Mərkəzi Asiya ölkəsinin Çinlə böyük sərhədi var və onların daxili bazarında Çin məhsulları dominantlıq təşkil edir. Qazaxıstanın Azərbaycan məhsuluna maraq göstərməsi və onu idxal etməsi yerli məhsulların beynəlxalq bazarda rəqabət qabiliyyətinin göstəricisidir.

Yerli əyləc bəndləri üçün yeni hədəf: Yaxın Şərq və Rusiya

M.Ağayevin sözlərinə görə, şirkət ixracı şaxələndirmək niyyətindədir və bu məqsədlə bütün perspektivli bazarlar nəzərdən keçirilir. Hazırda İraqla danışıqlar aparılır və ilin sonuna kimi bu ölkəyə də ixracın reallaşacağı gözlənilir. Şirkətin xüsusi diqqət yetirdiyi və fokuslanmaq istədiyi regionlar arasında Yaxın Şərq mühüm əhəmiyyət kəsb edir. Aparılan bazar araşdırmaları bu regionda yerli məhsullara ciddi tələbatın olacağını göstərib. Bundan başqa, nəhəng bazarlardan biri olan Rusiya ilə də danışıqlar davam etdirilir və ilin sonuna qədər bu ölkəyə də satışların başlanması planlaşdırılır.

Faiq KƏRİMOĞLU

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?