Orta Dəhlizdə Azərbaycanın rəqabət üstünlüyü: Abşeron Logistika Mərkəzi multimodal daşımaları gücləndirir MƏQALƏ
Azərbaycanın regionda əsas nəqliyyat və logistika habına çevrilməsi strategiyasında modern infrastruktur obyektləri mühüm rol oynayır. Bu qəbildən olan ən strateji layihələrdən biri ölkənin quru yolları ilə yükdaşımalarında mühüm rol oynayan Abşeron Logistika Mərkəzidir. 2018-ci ildə dövlət başçısı tərəfindən Bakının Qaradağ rayonunda açılışı reallaşan mərkəz beynəlxalq sertifikata, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik qurumdur.
Mərkəzin Biznes departamentinin direktoru Elçin Adıyev mövcud göstəricilər, yükaşırma qabiliyyəti, beynəlxalq əməkdaşlıq və yeni yaradılan sənaye məhəlləsi ilə bağlı “vergiler.az”a danışıb.
Sahibkarlar üçün kompleks xidmətlər
Yüz hektardan çox sahəni əhatə edən Abşeron Logistika Mərkəzi müştərilərinə kompleks xidmətlər təklif edir. Mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir. “Bir pəncərə” sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.
Mərkəzin fəaliyyəti dəmir yollarından vaqon və konteynerlərin qəbulu proseslərindən başlayaraq, yüklərin ünvana çatdırılmasına qədər avtomatlaşdırılmış proqram təminatı vasitəsilə həyata keçirilir. Belə ki, mərkəzdə mövcud olan proqram təminatı Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin proqram təminatları ilə qarşılıqlı inteqrasiya edilərək, “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq, sahibkarlar üçün fasiləsiz və şəffaf xidmətin göstərilməsinə şərait yaradır. Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları tərəfindən qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.
Hazırda mərkəzdə 850-yə yaxın əməkdaş çalışır. E.Adıyevin sözlərinə görə, daim inkişaf edən bu kompleksdə yeni iş yerlərinin açılması üçün böyük potensial var.
İdxalın 85 faizini qarşılayan nəhəng infrastruktur
Abşeron Logistika Mərkəzi xüsusilə dəmiryol xətti üzərində qurulmuş və bu sahədə ixtisaslaşmış bir infrastrukturdur. Təsadüfi deyil ki, ölkəyə dəmir yolu vasitəsilə idxal olunan yüklərin 85 faizi məhz buraya daxil olur. Mərkəzin illik yükaşırma potensialı 11 milyon tondur. Hazırda ölkə idxalında və tranzitində olan tələbat 2.4 - 2.7 milyon ton təşkil etdiyi üçün mərkəz 25-30 faiz yüklülüklə işləyir. Bu isə o deməkdir ki, mövcud yükaşırma potensialını gələcəkdə 3-4 dəfə artırmaq imkanı var. Yaxın keçmişə qədər mərkəzə daxil olan yüklərin böyük hissəsi şimaldan, yəni Rusiya istiqamətindən gəlirdi. Lakin son 2 il ərzində tranzit coğrafiyası əhəmiyyətli dərəcədə dəyişib. Çin, Qazaxıstan və Azərbaycan dəmir yolu daşımalarının intensivləşməsi nəticəsində Şərqdən, xüsusilə də Qazaxıstandan daxil olan konteyner və vaqonların sayında ciddi artım müşahidə olunur.
Çindən Türkiyəyə uzanan etibarlı logistika şəbəkəsi
Dünya nəqliyyatçıları ilə birbaşa əməkdaşlıq edən mərkəzin coğrafi əhatə dairəsi ölkə hüdudlarını aşır. E.Adıyevin sözlərinə görə, Abşeron Logistika Mərkəzinin Çinin mühüm logistika mərkəzi olan Sian şəhərində ofisi fəaliyyət göstərir. Bununla yanaşı, Gürcüstan və Türkiyədə də çox ciddi və etibarlı partnyorluq şəbəkəsi qurulub.
Daxili istehsala böyük təkan: 20 hektarlıq ərazidə yeni sənaye kompleksi
Hazırda Abşeron Logistika Mərkəzinin ərazisində “Biznes Park Abşeron” Özəl Sənaye Məhəlləsinin tikintisi gedir. 20 hektar ərazidə inşa olunan sənaye məhəlləsində 80 min kvadratmetrə yaxın məkanlar yaradılır. E.Adıyev bildirir ki, bütün işlərin 2027-ci ilin ikinci rübündə tamamlanması gözlənilir. Departament direktorunun sözlərinə görə, 3 xətt üzrə inşa olunan sənaye məhəlləsində həm yüngül və ağır sənaye istehsalı, həm saxlanc, həm də anbar fəaliyyəti tam şəkildə nəzərə alınıb.
Gələcək planlara əsasən, 2027-ci ilin birinci rübündə növbəti istehsalat sahələri fəaliyyətə başlayacaq. Bu infrastruktur imkanları istehsalat, saxlanc və digər istiqamətlərdə çalışan sahibkarlar üçün tam əlverişli şərait yaradacaq.
Faiq KƏRİMOĞLU
