İşə qəbulla bağlı müsabiqələrdə yeni qayda - kimlərin iştirakına “yaşıl işıq” yandırıldı? MƏQALƏ
Әmək Məcəlləsində edilmiş dəyişikliklərdən biri də müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi ilə bağlıdır. Bununla bağlı Məcəllənin 50-ci maddəsində iki dəyişiklik həyata keçirilib.
Yenilikləri “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Birinci dəyişiklik müsabiqədə iştirak edən şəxslərlə bağlıdır. Cinayət Məcəlləsinin 43-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzanın bir növü kimi qəbul edilir. Təcrübədə bəzi işəgötürənlər işə qəbulla bağlı müsabiqə qaydalarında qeyd edirdilər ki, belə cəza almış şəxslərin müsabiqədə iştirakına yol verilmir.
Әmək Məcəlləsinin 50-ci maddəsinin 1-ci hissəsində edilmiş dəyişiklik məhz həmin şəxslərin hüquqlarının qorunmasına yönəlib. Belə ki, həmin dəyişikliyə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzası almış şəxslər cəzanın müddətinin bitməsinə bir ay qalmış müsabiqəyə çıxarılan müvafiq vəzifə (peşə) üzrə müsabiqədə iştirak edə bilərlər.
Misal 1: İşəgötürən 10 aprel 2026-cı il tarixdə işə qəbulla bağlı müsabiqə elan edib. Namizədin cinayət məsuliyyətinə görə bir il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasının müddəti 1 may 2026-cı il tarixdə başa çatır. Əmək Məcəlləsində edilmiş dəyişiklik həmin şəxsə müsabiqədə iştirak etmək hüququ verir. Çünki namizədin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəzasının bitməsinə bir aydan az müddət qalıb.
Son dəyişikliyə qədər Әmək Məcəlləsinin 50-ci - “Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək münasibətlərinin tənzimlənməsi” adlı maddəsində qeyd edilirdi ki, müsabiqənin keçirilməsi şərtlərini və vəzifələrin müsabiqə yolu ilə tutulması qaydasını tənzimləyən normativ hüquqi akt müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən qəbul edilir. Lakin Nazirlər Kabineti tərəfindən müsabiqə ilə bağlı ümumi qaydalar təsdiq edilməmişdi.
Təcrübədə isə dövlət qurumları tərəfindən işə qəbul zamanı müsabiqənin keçirilməsi ilə bağlı ayrıca qaydalar mövcuddur. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 349 nömrəli Fərmanı ilə “Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi Qaydası” təsdiq edilib.
Təcrübədə bəzi işəgötürənlər tərəfindən müsabiqələr keçirilsə də, sonradan müsabiqə şərtlərinə dəyişiklik edilməsi hallarına rast gəlinirdi.
Misal 2: İri sahibkarlıq subyekti olan işəgötürən işə qəbul üçün müsabiqə elan edir. Elanda qeyd olunur ki, test imtahanından ən azı 70 faiz bal toplayan namizədlər işə qəbul ediləcək. Test imtahanının nəticələrinə əsasən, minimum tələbi keçən namizədlərin sayı 80 nəfər olsa da, işəgötürənin yalnız 50 nəfərə ehtiyacı var. Bu halda, işəgötürən müsabiqədə iştirak edənlərə bildirir ki, artıq test imtahanında minimum 70 faiz deyil, 80 faiz bal toplayan namizədlər işə qəbul olunacaq. Təbii ki, müsabiqə şərtlərinin dəyişdirilməsi həmin mərhələdə iştirak edən namizədlərin narazılığına səbəb olur.
Әmək Məcəlləsinin 50-ci maddəsində edilmiş dəyişikliklərdən biri də məhz müsabiqə qaydalarının tənzimlənməsi ilə bağlıdır. Belə ki, həmin maddənin 4-cü hissəsinə əsasən, müsabiqənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, işəgötürən tərəfindən bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş prinsiplərə zidd olmamaq şərti ilə müəyyən edilir.
Beləliklə, işəgötürənlər müsabiqənin keçirilməsi qaydalarını hazırlayaraq Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırdıqdan sonra tətbiq edəcəklər. Təbii ki, işəgötürən tərəfindən hazırlanan müsabiqə qaydaları Әmək Məcəlləsində nəzərdə tutulmuş prinsiplərə zidd olmamalıdır.
