Aqrar təlimlərdə yeni mərhələ: regional mərkəzlər, TARLA ilə ağıllı fermer fəaliyyəti MƏQALƏ
Müasir kənd təsərrüfatı təkcə torpaqla işləmək deyil, həm də daim yenilənən texnologiyalar və qlobal çağırışlara uyğunlaşmaq deməkdir. Azərbaycanda aqrar sahədə məhsuldarlığın artırılması və fermerlərin yeni üsullarla tanış olması hazırda dövlətin kənd təsərrüfatı siyasətinin mərkəzində dayanır. Bu prosesdə isə əsas yük Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Təlim Mərkəzinin üzərinə düşür. Qurum Bakı ilə yanaşı, Salyan, Quba, Kürdəmir, Lənkəran, Beyləqan, Bərdə, Şəki, Gəncə, Xankəndi, Zaqatala və Tovuz daxil olmaqla, geniş regional şəbəkəsi vasitəsilə iqlim dəyişikliklərinin idarə olunması, torpaq və su resurslarından səmərəli istifadə, məhsuldarlığın artırılması, bazaryönümlü və rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı istiqamətində təlim və maarifləndirmə tədbirləri həyata keçirir.
Aqrar istehsalın artırılmasında informasiya və məsləhət xidmətlərinin rolunun vacib olduğunu deyən Aqrar Təlim Mərkəzinin direktoru Rəşad Mehdizadə qurumun tətbiq etdiyi yenilikləri “vergiler.az” ilə bölüşüb.
194 təlim, 566 sertifikat...
Fermerlərin maaarifləndirilməsi məqsədi ilə indiyədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan, Laçın, Xocalı, Ağdərə və Xocavənddə çoxşaxəli təlimlər təşkil olunub və bu istiqamətdə növbəti təlimlərə Cəbrayıl rayonunun Horovlu kəndində starat veriləcək.
R.Mehdizadənin sözlərinə əsasən, vətəndaşlara 12 moduldan ibarət xüsusi proqram tədris olunur və kursu uğurla bitirənlərə sertifikat verilir. Bu sertifikat isə fermerlərin icarə torpaq əldə etməsi prosesində onlara əlavə və mühüm bir üstünlük qazandırır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ bölgəsində heyvandarlıqla məşğul olan ailə kəndli təsərrüfatlarının rəhbərləri və iri sahibkarlar arasında müxtəlif növ heyvan və quşların saxlanılması, bəslənməsi, sağlamlığının qorunması və məhsuldarlığın artırılması istiqamətlərində maarifləndirmə tədbirləri həyata keçirilib. Bu tədbirlər regionda müasir heyvandarlıq təsərrüfatlarının yenidən qurulmasına, sahənin davamlı inkişafının təmin olunmasına və kənd təsərrüfatı istehsalının artırılmasına mühüm töhfə verir.
Aqrar Təlim Mərkəzi Zəngilanın Ağalı və Məmmədbəyli, Xocalının Ballıca və Xanyurdu, Xocavəndin Qırmızı Bazar, Ağdərənin Həsənriz, eləcə də Laçının Zabux kəndlərində ümumilikdə 194 təlim keçirib və bu təlimlərdə 566 sakin sertifikat qazanıb.
Təlimlərdə iştirakçılara müasir aqrar texnologiyalar, bitkiçilik və heyvandarlıqda qabaqcıl təcrübələr, heyvanların bəslənməsi, cins seçimi, kənd təsərrüfatı texnikası, müasir suvarma sistemləri və iqlım dəyişikliyinin təsirləri barədə nəzəri-praktiki biliklər verilib. Eyni zamanda, fermerlər təsərrüfatın idarə edilməsi, resurslardan səmərəli istifadə, sahibkarlıq bacarıqları, azad olunmuş ərazilərdə davranış qaydaları və dövlət dəstəyi mexanizmləri haqqında məlumatlandırılıblar.
Xankəndidə yeni regional mərkəz
Xankəndi Regional Təlim Mərkəzinin yaradılması işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin əsas məqsədi Qarabağa qayıdan və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaşların bilik və bacarıqlarının inkişafına dəstək vermək, onların müasir aqrar yanaşmalar barədə məlumatlandırılmasını təmin etməkdir.
Sözügedən mərkəz kənd təsərrüfatı sahəsində fəaliyyətə yeni başlayan şəxslərə təsərrüfatlarını səmərəli və dayanıqlı şəkildə qurmaq üçün nəzəri və praktiki dəstək göstərir. Təlim proqramları vasitəsilə iştirakçılar bitkiçilik, heyvandarlıq, aqrotexniki tədbirlər, innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat əldə edirlər.
Eyni zamanda, mərkəzin əməkdaşları mütəmadi olaraq yaşayış məntəqələrində əhali ilə görüşlər keçirir, fermer və təsərrüfat sahiblərini maraqlandıran məsələlər ətrafında maarifləndirici söhbətlər aparır, onlara praktiki tövsiyələr təqdim edirlər. Xüsusilə, nəzərə almaq lazımdır ki, uzun illər ərzində kənd təsərrüfatı fəaliyyətindən uzaq qalan sakinlərin yenidən bu sahəyə inteqrasiyası müəyyən bilik və bacarıqların formalaşdırılmasını tələb edir. Xankəndi Regional Təlim Mərkəzi məhz bu ehtiyacdan çıxış edərək, qayıdan sakinlərin müasir kənd təsərrüfatı sahəsində uğurlu fəaliyyət göstərmələrinə, öz təsərrüfatlarını səmərəli idarə etmələrinə və regionun sosial-iqtisadi inkişafına fəal töhfə vermələrinə dəstək olur.
Fermerlər üçün yenilik: TARLA platforması
Fermerlerin işini yüngülləşdirəcək rəqəmsal təlim imkanları da genişləndirilir. Aqrar Təlim Mərkəzi bu istiqamətdə “Təkmilləşmə, Aqrar Rifah və Liderlik Akademiyası” (TARLA) elektron təlim platformasını hazırlayıb. R.Mehdizadə vurğulayıb ki, bu platforma ölkə üzrə fermerlərin, kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin və aqrar sahə mütəxəssislərinin işinə yarayacaq. Onlar məsafədən təlim imkanlarından yararlanaraq bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.
TARLA platformasında əkinçilik, bitkiçilik, meyvəçilik, heyvandarlıq, kənd təsərrüfatı texnologiyaları, iqlim dəyişikliyi və müasir aqrar təcrübələrə dair onlayn təlim modulları təqdim olunacaq. İstifadəçilər videodərslərdən, interaktiv testlərdən, tədris materiallarından, məsləhət xidmətlərindən və sertifikat proqramlarından faydalana biləcəklər.
Eyni zamanda, platforma informasiya-məsləhət xidmətlərinə çıxışı asanlaşdıraraq, fermerlərə gündəlik fəaliyyətlərində operativ dəstək göstərəcək. Müasir və istifadəçiyönümlü yanaşma əsasında hazırlanan portal mobil cihazlara uyğun interfeys, funksional axtarış sistemi və şəxsi kabinet imkanları ilə istifadə rahatlığını təmin edəcək. Təlim kurslarını uğurla başa vuran iştirakçılar isə rəqəmsal sertifikat əldə etmək imkanı qazanacaqlar.
Dövlət-özəl tərəfdaşlığı ilə təlimlər
Hazırda əsas istiqamətlərdən biri də özəl sahibkarlıq subyektlərinin maarifləndirmə prosesinə cəlb edilməsidir. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Gəncə, Tərtər, Qəbələ, İsmayıllı və Bərdədə beynəlxalq ekspertlərin iştirakı ilə təlimlər təşkil olunub. Bu tədbirlər iştirakçıların peşəkarlığını artırır, müasir yanaşmaları təşviq edir və maarifləndirmənin miqyasını genişləndirir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və FAO-nun birgə layihəsi çərçivəsində Şirvan və Hirkan Milli Parkları ətrafında yaşayan əhalinin aqrar maarifləndirilməsi həyata keçirilir. Bu məqsədlə 2026-cı ilin aprel-dekabr aylarında Salyan, Neftçala, Lənkəran və Astarada 72 təlimin təşkili nəzərdə tutulub. Layihə yerli əhalinin iqtisadi fəallığını və rifahını yüksəltməyə, eləcə də məşğulluq imkanlarını genişləndirməyə xidmət edir.
Yeri gəlmişkən, ölkə başçısı tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində yaradılacaq vahid informasiya-məsləhət şəbəkəsi və keçiriləcək təlimlər sayəsində fermerlər müasir texnologiyalar, innovativ həllər və qabaqcıl təcrübələr barədə məlumatları vaxtında, həm də rahat şəkildə əldə edəcəklər. Aqrar Təlim Mərkəzinin fəaliyyəti isə onların peşəkar bilik və bacarıqlarını artırmaqla təsərrüfatda daha düzgün qərarlar verməyə, istehsalın səmərəliliyini yüksəltməyə və itkiləri azaltmağa kömək edəcək.
Faiq KƏRİMOĞLU
