“Yoxlama”dan monitorinqə: audit sahəsində rəqəmsal transformasiya MƏQALƏ
Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun şaxələndirilməsi, şəffaflığın artırılması və korporativ idarəetmə standartlarının tətbiqi audit sahəsinin fundamental şəkildə dəyişməsinə yol açıb. Son 10 ildə Azərbaycanın audit bazarı həm kəmiyyət, həm də keyfiyyət baxımından əhəmiyyətli inkişaf yolu keçib.
vergiler.az Auditorlar Palatasına istinadən xəbər verir ki, əgər 2015-ci ildə bağlanan müqavilələrin sayı 3.094 ədəd olubsa, 2025-ci ildə bu rəqəm 2,5 dəfə artaraq 7.815-ə çatıb. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə auditorlarla bağlanan müqavilələrin sayı 7.193 ədəd olub. 2025-ci ildə bu göstərici 8,6% artıb. Həmin müqavilələrə görə ödənilən məbləğ isə 152 milyon manat olub. 2024-cü ildə bu məbləğ 153,4 milyon manat olub.
Yerli auditorlara inam artır
Auditorlar Palatası və digər qurumların rəsmi statistik hesabatlarının təhlili audit bazarında xidmət həcminin artdığını göstərir. Bu artım həm məcburi audit subyektlərinin dairəsinin genişlənməsi, həm də könüllü auditə olan tələbin yüksəlməsi ilə əlaqədardır. Son illərdə iqtisadiyyatda leqallaşma prosesləri və vergi islahatları nəticəsində bu göstərici kəskin yüksəlib.
Audit bazarının ən sürətli böyümə fazası məhz son 5 ilə təsadüf edir. Ölkədə bağlanan audit müqavilələrinin ümumi dəyəri illik əsasda orta hesabla 15-20% artım nümayiş etdirib. Bazar iştirakçılarının strukturunda da dəyişikliklər diqqət çəkir. Əgər 2024-cü ildə bağlanan audit müqavilələrinin 15,1%-i “Böyük dördlüy”ün (Big Four) payına düşürdüsə, ötən il bu göstərici təxminən 2% azalaraq 13,5%-ə enib. Bu, bağlanan müqavilələrə görə məbləğlərin də azalmasına səbəb olub - 90,6 milyon manat. Əvəzində yerli auditor təşkilatlarının bazar payı nəzərəçərpacaq dərəcədə də artıb. 2024-cü ildəki audit müqavilələrinin 56,3%-i yerli təşkilatların payına düşürdüsə, ötən il bu göstərici 60%-ə (33,2 milyon manat) yüksəlib. Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilələrin sayında isə 1%-lik artım müşahidə olunur. Ötən il bağlanan müqavilələrdə sərbəst auditorların payı 15,5% olub. Bu göstəricilər artıq yerli audit şirkətlərinə və sərbəst auditorlara inamın və onların nüfuzunun artmasını göstərir.
Yerli auditorların nüfuzunun artmasının bir səbəbi də artıq onların beynəlxalq audit standartları ilə işləmək vərdişlərinin yüksəlməsi ilə bağlıdır. 2010-cu ildən başlayaraq Azərbaycanda həmin standartların tətbiqi ilə bağlı xeyli iş görülüb. Bu istiqamətdə Auditorlar Palatası xaricdən mütəxəssislər dəvət edərək burada auditorlar üçün təlimlər təşkil edib, metodik vəsaitlər hazırlayıb və konfranslar keçirib. Hazırda auditorların bir çoxu öz auditlərində bu standartların tələblərinə uyğun fəaliyyət göstərirlər. Bu da auditorların peşəkarlığının artmasına gətirib çıxarır.
Auditor, yoxsa məlumat analitiki?
Son illərdə auditorların işinin keyfiyyətinin artmasına müsbət təsir edən amillərdən biri də sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin, eləcə də onların əməliyyatlarda istifadə etdiyi vasitələrin rəqəmsallaşmasıdır. Rəqəmsal transformasiya artıq audit sahəsində sadəcə bir trend deyil, işin davamlılığı üçün əsas şərtdir. Azərbaycanda fəaliyyət göstərən auditorların gündəlik fəaliyyəti rəqəmsallaşma sayəsində köklü şəkildə dəyişib. Bu təsiri bir neçə əsas istiqamətdə qruplaşdırmaq olar:
- Sənəd dövriyyəsinin elektronlaşması və inteqrasiyası;
- Böyük Datadan (Big Data) istifadə edilməsi;
- Süni İntellektin xidmətlərindən istifadə.
Mütəxəssislərin fikrincə, son illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə təqdim etdiyi elektron audit modulları, elektron qaimə-faktura, alış aktları sisteminin geniş tətbiqi və bank xidmətlərinin rəqəmsallaşması auditorların məlumat toplama mərhələsini xeyli sürətləndirib. Onlar artıq günlərlə kağız sənədləri yoxlamaqdansa, müştərinin mühasibat proqramlarına (ERP sistemlərinə) birbaşa və təhlükəsiz bulud (Cloud) sistemləri üzərindən inteqrasiya edərək məlumatları rəqəmsal formatda əldə edə bilirlər. Əvvəllər auditorlar sənədlərin seçmə üsulu ilə müəyyən bir qismini yoxlayırdılarsa, rəqəmsal alətlər - məsələn, IDEA, ACL kimi audit proqramları və süni intellekt alətləri vasitəsilə artıq bütün data kütləsini analiz etmək mümkündür. AI əsaslı proqram təminatları riskli əməliyyatları, kənarlaşmaları və potensial fırıldaqçılıq (fraud) hallarını saniyələr içində alqoritmlər vasitəsilə aşkar edir. Artıq auditor uzun-uzadı sənədləri yoxlayan və qiymətləndirən mütəxəssis deyil, sadəcə elektron məlumatların monitorinqini aparan məlumat analitikinə çevrilir.
Bir sözlə, rəqəmsallaşma auditorun rolunu texniki sənəd yoxlayıcısından strateji biznes məsləhətçisinə çevirir. Rutin və mexaniki işlərin (məlumatların daxil edilməsi, uzlaşdırılması) avtomatlaşdırılması auditora vaxta qənaət etmək imkanı verir. Həmin vaxt isə şirkətin maliyyə risklərinin dərindən təhlilinə və idarəetmənin təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanmasına yönəldilir.
Haqsız rəqabətə görə cəzalar
Sərbəst auditor Altay Cəfərov da bu fikirlərə qoşularaq bildirib ki, Auditorlar Palatası keyfiyyətə nəzarət və haqsız rəqabətlə bağlı məsələlərə nəzarəti gücləndirib və təkmilləşdirib: “Haqsız rəqabət hər bir fəaliyyət sahəsində olduğu kimi audit fəaliyyətində də mövcuddur. Buna qarşı Palata tərəfindən çox təsiredici tədbirlər görülür, xeyli sayda təlimatlar və metodik vəsaitlər hazırlanıb. Həmçinin, surətli monitorinqlər aparılır. Monitorinqlər həm oflayn, həm də onlayn formada həyata keçirilir. Bu zaman çatışmazlıqlar üzə çıxarsa, Auditorlar Palatası cəza tədbirləri tətbiq edir”.
Yeri gəlmişkən, 2025-ci ildə “Auditorun şəxsi kabineti” informasiya sisteminə daxil edilən 6.562 auditor xidməti müqaviləsi ətraflı təhlil edilib, həmin müqavilələrin “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri”nə uyğunluğu yoxlanılıb. Monitorinqlər nəticəsində 23 auditor təşkilatına və 7 sərbəst auditora xəbərdarlıq edilib. 1 sərbəst auditora töhmət elan olunub, 1 auditor təşkilatı isə 6 ay müddətinə peşə fəaliyyətindən kənarlaşdırılıb. Tətbiq edilən intizam tədbirləri preventiv və tənzimləyici xarakter daşımaqla audit bazarında minimum xidmət dəyərlərinə riayət olunmasının təmin edilməsinə və dempinq hallarının sistemli şəkildə azaldılmasına xidmət edir.
Eyni zamanda Auditorlar Palatası monitorinqə cəlb edilən 55 auditor təşkilatı və 11 sərbəst auditorun bağladığı 78 müqavilə üzrə xidmət dəyərlərinin müəyyən edilmiş minimum hədlərdən yüksək olması müsbət praktika kimi qiymətləndirib. Bu yanaşma audit xidmətlərinin real dəyərinin qorunması, peşəkar məsuliyyət və etik standartlara sadiqlik baxımından təqdirəlayiq hal kimi dəyərləndirilib, sağlam rəqabət mühitinin formalaşmasına töhfə verən nümunəvi təcrübə hesab edilir.
Auditor iqtisadi sistemin mühüm amili kimi
A.Cəfərov ölkə iqtisadiyyatının inkişafı və şəxalənməsində auditin rolunu xüsusi vurğulayaraq bildirib ki, keyfiyyətsiz audit təsərrüfat subyektlərinə və ümumilikdə iqtisadi mühitə zərər vura bilər: “Auditor peşə etikasının tələblərinə riayət etməli, düzgün, şəffaf, qərəzsiz və məxfi formada audit aparmalıdır. Audit yerinə yetiriləndən sonra auditor nəticə üzrə öz qərarlarını, öz rəyini ifadə edir. Əgər bir auditor hər hansı təsərrüfat subyektində, biznes ideyasında, dövlət qurumunda və ya digər sifarişçilər tərəfindən xüsusi təyinatlı auditlərə cəlb olunanda işini keyfiyyətsiz görərsə, bu, həmin təsərrüfat subyektinin məhvinə səbəb ola bilər. Əgər bir auditor keyfiyyətsiz audit aparırsa, bu, ölkə iqtisadiyyatının çökməsinə gətirən haldır. Ona görə də auditor xidmətinin ölçüsü ölkə iqtisadiyyatında çox əhəmiyyətlidir. Auditorları “kölgə iqtisadiyyatı”nın, vergilərdən yayınmanın aradan qaldırılmasında, ölkədə mühasibat uçotunun və hesabatlılığın düzgün formalaşdırılmasına təkan verən mühüm mütəxəssislər kimi qiymətləndirmək olar”.
Auditin nəticəsi olaraq yekunda təsərrüfat subyektinin rəhbərliyinə, cəlb olunmuş şəxslərə və ya hakimlərə öz tövsiyələrini təqdim etdiklərini deyən A.Cəfərov bununla iqtisadi subyektlərin gələcək taleyinə də aydınlıq gətirdiklərini, müflisləşmə risklərindən yayınmaları üçün daha doğru istiqamətə yönləndirdiklərini bildirib. Bu da auditorların ən böyük peşəkarlıq göstəricisidir. Sərbəst auditorun fikrincə, auditora olan etimadın artması ümumilikdə iqtisadi sektorda müsbət irəliləyişlərə, inkişafa səbəb olacaq.
Beləliklə, Azərbaycanın audit bazarı kəmiyyət artımı ilə paralel olaraq rəqəmsal keyfiyyət mərhələsinə qədəm qoyub. Qarşıdakı illərdə ölkədə kiber-audit (Cyber-audit), blokçeyn əsaslı tranzaksiyaların auditi və ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) hesabatlılığının auditi kimi yeni istiqamətlərin formalaşması qaçılmazdır. Bu isə yerli kadrların rəqəmsal savadlılıq səviyyəsinin davamlı olaraq artırılmasını tələb edir.
Fərqanə ALLAHVERDİQIZI
Məqalə Auditorlar Palatasının keçirdiyi müsabiqəyə təqdim edilir.
