11 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Şəhərdən Kəndə”: Azərbaycanda aqroturizmin inkişafında yeni addım MƏQALƏ

Şəhər həyatının sürətli ritmi və insanların təbiətə, yerli mədəniyyətə, kənd həyatına marağının artması aqroturizmi dünya turizm sənayesinin dinamik inkişaf edən istiqamətlərindən birinə çevirib. Bu tendensiya Azərbaycanda da özünü göstərir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “PAŞA Holdinq”in maliyyə dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” sosial layihəsi kənd turizminin inkişafına, fermerlərin gəlir imkanlarının genişlənməsinə və regionlarda iqtisadi aktivliyin artırılmasına xidmət edir.

Layihənin əsas məqsədi kənd təsərrüfatı ilə məşğul olan təsərrüfat sahiblərini turizm zəncirinə cəlb etmək, onların istehsal etdikləri məhsulları əlavə gəlir mənbəyinə çevirmək və şəhər sakinləri, eləcə də xarici turistlər üçün alternativ istirahət imkanları yaratmaqdır. Bu baxımdan təşəbbüs yalnız turizm layihəsi deyil, həm də regionlarda mikro və kiçik sahibkarlığın inkişafını dəstəkləyən iqtisadi mexanizm kimi qiymətləndirilə bilər.

Fermerlər üçün əlavə qazanc mənbəyi

“Aqrar Tədarük və Təchizat” ASC-dən verilən məlumata görə, “Şəhərdən Kəndə” layihəsi Azərbaycanda aqroturizmin inkişafına birbaşa təkan vermək missiyası daşıyır. Layihə fermerlər üçün yeni və alternativ qazanc imkanları yaradır: təsərrüfat sahibləri kənd həyatını, yerli mətbəxi, ənənəvi təsərrüfat proseslərini və məhsullarını turistlərə təqdim etməklə gəlirlərini diversifikasiya edə bilirlər.
Bu model kənd təsərrüfatı məhsullarının yalnız topdansatış və ya pərakəndə satış bazarlarından asılı qalmasının qarşısını alır. Turist axını fermerə məhsulunu yerində təqdim etmək, satış dairəsini genişləndirmək və təsərrüfatını xidmət biznesi ilə birləşdirmək imkanı verir. Nəticədə aqroturizm kənd yerlərində məşğulluğun artmasına və yerli iqtisadi dövriyyənin genişlənməsinə töhfə verir.

Layihəyə qoşulmaq üçün əsas meyarlar

Layihəyə kənd yerlərində yaşayan və aqrar fəaliyyətini turizm xidməti ilə birləşdirmək istəyən təsərrüfat sahibləri müraciət edə bilərlər. Müraciətlərin böyük hissəsi əsas turizm marşrutlarının keçdiyi şimal, şimal-qərb, qərb və cənub bölgələrindən, həmçinin yüksək turizm potensialı ilə seçilən işğaldan azad olunmuş ərazilərdən daxil olur.

Seçim mərhələsində təsərrüfatların aqroturizm potensialı, turist qəbul etmək imkanları, mövcud infrastruktur səviyyəsi, təsərrüfata aparan yolun vəziyyəti və kənd üslubunda çay süfrəsinin təşkili üçün şərait nəzərə alınır. İlkin tələblərə cavab verən müraciətçilərin təsərrüfatlarında yerində qiymətləndirmə aparılır və ən yüksək bal toplayan fermerlər layihə çərçivəsində dəstək alırlar.

Rəqəmsal platforma: fermerlə turist arasında birbaşa əlaqə

Layihə üzrə müraciətlər “tovillage.az” elektron platforması vasitəsilə qəbul olunur. Platformada dəstək qazanmış təsərrüfatlar haqqında məlumatlar yerləşdirilir, bu isə həm turizm şirkətlərinin xüsusi aqroturlar təşkil etməsini, həm də fərdi turistlərin onlayn müraciət edərək kənd təsərrüfatlarına səfər etməsini asanlaşdırır.

Bu yanaşma aqroturizm xidmətlərinin rəqəmsallaşdırılması baxımından da əhəmiyyətlidir. Platforma fermerlərlə turistlər arasında vasitəçisiz əlaqə yaradır, kənd turizmini daha əlçatan edir və regionların turizm təklifini vahid rəqəmsal mühitdə təqdim edir.

33 təsərrüfata dəstək: turist axını və gəlir artımı

ASC-dən verilən məlumata əsasən, layihə çərçivəsində aqrar fəaliyyətini turizm biznesinə çevirmək istəyən təsərrüfat sahiblərinə müxtəlif istiqamətlərdə dəstək göstərilir. Bu dəstəyə təmir və tikinti işləri, zəruri inventarların təmin edilməsi, marketinq dəstəyi və fermerlərin turizm sektoru ilə əlaqələndirilməsi daxildir.

Layihənin icrasına başlanıldığı dövrdən etibarən ümumilikdə 33 təsərrüfata aqroturizm potensialının artırılması istiqamətində dəstək göstərilib. Bu dəstək nəticəsində təsərrüfatlara gələn turistlərin sayında artım qeydə alınıb. Turist axını yerli məhsulların satış imkanlarını genişləndirib, kənd sakinlərinin gəlirlərinə müsbət təsir göstərib və regionlarda iqtisadi aktivliyi gücləndirib.

Qadın və gənc fermerlər üçün sosial-iqtisadi imkanlar

Layihə regionlarda sosial bərabərliyin və məşğulluğun artırılması baxımından da əhəmiyyətlidir. Aqroturizm qadın və gənc fermerlərin gəlir imkanlarını genişləndirir, onların kənd təsərrüfatında və xidmət sektorunda daha fəal iştirakına şərait yaradır. İndiyədək layihə çərçivəsində 5 qadın və 3 gəncin rəhbərlik etdiyi təsərrüfata xüsusi dəstək verilib.

Xarici turistlərin marağı artır

“Aqrar Tədarük və Təchizat” ASC təsərrüfatların yerli və beynəlxalq səviyyədə tanıdılması üçün marketinq strategiyası həyata keçirir. Obyektlərin peşəkar foto və video çəkilişləri aparılır, materiallar rəqəmsal platformalarda yayımlanır, turizm nümayəndələri və media qurumları üçün infoturlar təşkil edilir.

Layihə həm yerli, həm də xarici turistlərin marağına səbəb olub. Təsərrüfatları ziyarət edən əcnəbi qonaqlar arasında Türkiyə və Qazaxıstan kimi region ölkələrinin nümayəndələri üstünlük təşkil edir. Bununla yanaşı, Koreya, Sinqapur, Malayziya, Şri-Lanka, Fransa, İtaliya və digər Avropa ölkələrindən olan səyahətçilər də kəndlərimizdə aqroturizm xidmətlərindən yararlanıblar.

Azad edilmiş ərazilərdə aqroturizm perspektivi

“Aqrar Tədarük və Təchizat” ASC yaxın dövrdə “Şəhərdən Kəndə” layihəsinin coğrafiyasını daha da genişləndirməyi planlaşdırır. Mövcud turizm marşrutlarından əlavə, digər bölgələrdə də bu tip təsərrüfatların fəaliyyətə başlaması nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə yerləşən və aqroturizm potensialı olan yeni təsərrüfatların layihəyə cəlb edilməsi isə kənd turizminin inkişafı üçün yeni xidmət sahələrinin yaranmasına imkan verəcək.

Nəticə

“Şəhərdən Kəndə” layihəsi aqroturizmin Azərbaycanda institusional və rəqəmsal əsaslarla inkişafı baxımından mühüm təşəbbüslərdən biridir. Layihə fermerlərə əlavə gəlir mənbəyi, turistlərə alternativ istirahət imkanı, regionlara isə yeni iqtisadi aktivlik qazandırır. Bu modelin genişləndirilməsi kənd təsərrüfatı, turizm və yerli sahibkarlıq arasında daha dayanıqlı əlaqələrin formalaşmasına töhfə verə bilər.

Faiq KƏRİMOĞLU

VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu?