Tullantıların dəyərə çevrildiyi məkan: Balaxanı Sənaye Parkı MƏQALƏ
Təbii resursların azaldığı və ekoloji çağırışların artdığı bir şəraitdə tullantıların yenidən emal olunaraq istehsal dövriyyəsinə qaytarılması ətraf mühitin qorunması ilə yanaşı, iqtisadi səmərəliliyin yüksəldilməsinə də xidmət edir. Azərbaycanda bu sahənin sənaye əsaslı və sistemli inkişafı Balaxanı Sənaye Parkının yaradılması ilə yeni mərhələyə qədəm qoyub. Dövlət dəstəyi və özəl investisiyanın birgə fəaliyyəti əsasında formalaşan park bu gün təkcə ekoloji təşəbbüs deyil, eyni zamanda innovativ istehsal, resursların səmərəli idarə olunması və qeyri-neft sektorunun inkişafını təşviq edən mühüm iqtisadi platforma kimi çıxış edir.
“vergiler.az” ölkəmizin “yaşıl iqtisadiyyat” hədəfləri çərçivəsində “Təmiz Şəhər” ASC-nin idarəçiliyində olan Balaxanı Sənaye Parkında tullantıların təkrar emalı vasitəsilə hansı yeni məhsulların istehsal edildiyini, daxili bazarın təmin olunması və ixrac potensialının genişləndirilməsi istiqamətində görülən işləri araşdırıb.
Ərazi 4 dəfə böyüyüb
2017-ci ildə rəsmi açılışı olan və “Təmiz Şəhər” ASC-nin idarəçiliyində fəaliyyət göstərən Balaxanı Sənaye Parkı ötən dövr ərzində ciddi inkişaf yolu keçib. İlk mərhələdə cəmi 7 hektarlıq sahəni əhatə edən müəssisənin ərazisi sahibkarlıq subyektlərinin artan tələbatı nəticəsində genişləndirilərək 28,565 hektara çatdırılıb. Bu isə parkın infrastruktur imkanlarının və fəaliyyət miqyasının ilkin dövrlə müqayisədə 4 dəfədən çox artması deməkdir.
29 istiqamət üzrə istehsal
Bu gün Balaxanı Sənaye Parkında 28 rezident fəaliyyət göstərir və 29 müxtəlif istiqamət üzrə məhsul istehsal olunur. Burada atılmış, işlənmiş və lazımsız sayılan materiallar yenidən həyat qazanır. Kağız tullantılardan kraft kağız çantalar hazırlanır, plastik tullantılar isə meyvə-tərəvəz taralarına, gül dibçəklərinə və müxtəlif plastik məmulatlara çevrilir. İşlənmiş qida yağları biodizel üçün xammal kimi yenidən istehsala qayıdır, mühərrik yağlarından isə keyfiyyətli sürtkü yağları əldə edilir. Plastik materiallardan qapı və arakəsmələr, polietilen tullantılardan qranullar, süngər tullantılarından isə mebel istehsal olunur. Bu siyahı parkın nə qədər çoxşaxəli və yaradıcı bir ekosistem olduğunu açıq şəkildə ortaya qoyur.
1400 iş yeri, 33 milyon manatlıq ixrac
Sahibkarlar indiyədək Balaxanı Sənaye Parkına təxminən 58 milyon manat investisiya yatırıblar. Parkın fəaliyyəti sayəsində 1400-dən çox yeni iş yeri yaradılıb. Ümumilikdə 430 milyon manat dəyərində məhsul istehsal edilib və bunun da 33 milyon manatlıq hissəsi ixrac olunub. “Təmiz Şəhər” ASC-dən bildirilib ki, tullantıdan doğan bu iqtisadi güc parkın bütövlükdə ölkə iqtisadiyyatına verdiyi töhfəni bariz şəkildə nümayiş etdirir.
“Vahid pəncərə” sistemi və vergi güzəştləri
Balaxanı Sənaye Parkının fəaliyyətində sahibkarlar üçün yaradılmış ən böyük üstünlüklərdən biri burada "vahid pəncərə" sisteminin tətbiq olunmasıdır. Bu sistem sayəsində iş adamları bütün inzibati, hüquqi və rəsmi prosedurları tək bir məkanda, vaxt itirmədən və əlavə resurs xərcləmədən rahatlıqla həll edə bilirlər. Təqdim olunan imkanlar təkcə bununla məhdudlaşmır: tullantıları emal edərək ətraf mühitin qorunmasına töhfə verən rezidentlər dövlət tərəfindən ciddi maliyyə stimulları ilə dəstəklənir. Belə ki, mənfəət, torpaq, əmlak və əlavə dəyər vergilərindən 10 il müddətinə tam azad olunan sahibkarlar, eyni zamanda, istehsal məqsədilə idxal etdikləri texnoloji avadanlıqlar üçün də 10 il müddətinə gömrük rüsumlarından azaddırlar. Bu genişmiqyaslı güzəştlər investisiya mühitini daha da cəlbedici edir, yeni rezidentlərin axınını sürətləndirir və sahibkarların öz fəaliyyətlərini genişləndirmələrinə əlverişli zəmin yaradır.
Faiq KƏRİMOĞLU
