19 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Hamilə qadınların əvəzçilik üzrə iş saatları necə müəyyən olunur? MƏQALƏ

Əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda, işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində də əmək fəaliyyəti ilə məşğul ola bilər. Bu zaman əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri işçinin əlavə iş yeri sayılır. Bəs hamilə qadınlar əlavə iş yerində çalışa bilərlərmi? Bunun üçün hansı şərtlər vacibdir? 

vergiler.az”ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Kəmalə Yusifova cavablandırır. 

Əmək qanunvericiliyinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, iş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində isə əvəzçilik üzrə işləməyə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini əlavə iş yerinin işəgötürəni ilə əmək müqaviləsi bağlanarkən tərəflərin özləri müəyyən edirlər.
Əgər işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlılığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onda onun eyni əmək şəraitli əlavə iş yerində əvəzçilik üzrə çalışması yolverilməzdir.

Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

Əmək Məcəlləsinin 91-si maddəsinin 2-ci hissəsinə əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

Hamilə qadınların əsas iş yeri üzrə qısaldılmış iş saatı 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinin 58-ci maddəsinə nəzər salsaq, görərik ki, əvəzçilik üzrə qeyd edilən məhdudiyyətlərdə hamilə qadınlar nəzərdə tutulmayıb. Həmçinin həmin maddədə əvəzçilik üzrə iş vaxtının müddəti müəyyən edilmiş normanın (Əmək Məcəlləsi 89 maddə) yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.

Buradan belə nəticə çıxararaq deyə bilərik ki, həftəlik olaraq hamilə qadınlarda əvəzçilik üzrə iş saatı 20 saatdan, günlük 4 saatdan çox ola bilməz.

Misal: Xanım işçi hamilədir, X müəssisədə əvəzçilik üzrə mühasib vəzifəsində çalışır. Bu halda o, həftəlik iş saatı (normanın yarısı) 20 saatdan artıq olmamaqla çalışacaq.

VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər?