8 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Garabagh Glass” şüşələri dünya bazarında: Sumqayıt Sənaye Parkının rezidenti istehsalı genişləndirir MƏQALƏ

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Sənaye Parkı son illərdə Azərbaycanın sənaye xəritəsində daha aydın görünən bir mərkəzə çevrilib. 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatı ixracın payına düşüb. Bu göstərici yerli istehsalın yalnız daxili bazarla məhdudlaşmadığını, eyni zamanda xarici bazarlarda da mövqeyini möhkəmləndirdiyinin əyani sübutudur.

Parkın rezidentlərindən biri - ölkənin ilk və ən böyük vərəqə şüşə istehsalçısı olan “Azerfloat” QSC 2021-ci ildən fəaliyyət göstərir. Müasir texnologiyaları yerli istehsalla birləşdirən bu müəssisədə istehsal olunan məhsulların keyfiyyəti Azərbaycan brendinin beynəlxalq bazarlarda daha güclü şəkildə təmsil olunmasına imkan yaradıb.

100 milyonluq investisiya, gündəlik 300 ton şüşə istehsalı

Təxminən 100 milyon avro həcmində investisiya dəyəri ilə ərsəyə gələn “Azerfloat” Azərbaycanın sənaye potensialını yeni mərhələyə daşıyaraq yüksək keyfiyyətli şəffaf şüşələrin istehsalını uğurla həyata keçirir. Müasir texnologiyaların tətbiq olunduğu bu zavodda qalınlığı 2 mm-dən 12 mm-ə qədər dəyişən, ölçüləri isə 6000×3210 mm-ə çatan geniş çeşidli şüşə məhsulları hazırlanır. Müəssisə fəaliyyətə başladığı ilk gündən Azərbaycanın sənaye xəritəsində strateji bir mövqe qazanaraq ölkənin tikinti sektorundakı idxal asılılığını müəyyən qədər azaltmağı bacarıb. Hazırda illik istehsal gücü təxminən 90.000 ton şüşə təşkil edən zavodda hər gün təxminən 300 ton şüşə emal edilərək istifadəyə hazır vəziyyətə gətirilir. Müəssisədən verilən məlumata görə, ölkə daxilində tikinti sektorunda istifadə olunan şüşə məhsullarının böyük bir hissəsi məhz burada istehsal edilən məhsullar hesabına təmin olunur.

Dünya bazarlarında “Garabagh Glass” imzası...

“Azerfloat” istehsal etdiyi yüksək keyfiyyətli şüşə məhsullarını qürurla “Garabagh Glass” markası adı ilə dünya bazarlarına çıxarır. Müəssisə hazır məhsulların 60-65%-dən çoxunu xarici ölkələrə yönəldir. Hazırda Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Polşa, İrlandiya və İspaniya kimi strateji bazarlarda bu yerli məhsul satışa çıxarılır. Şirkət 2024-cü ildə Amerika Birləşmiş Ştatlarına da vərəqə şüşələrin ixracını həyata keçirib. İxrac coğrafiyasının genişləndirilməsi, xüsusən Avropa, Mərkəzi Asiya və Yaxın Şərq bazarlarında möhkəmlənmək şirkətin əsas hədəflərindən biridir. Aparılan araşdırmalara əsasən, bu bazarlarda ölkəmizdə istehsal olunan məhsullara kifayət qədər maraq var.

Məhsul çeşidi genişlənir: laminat və temperli şüşə istehsalı gündəmdədir

Hazırda “Azerfloat” məhsul çeşidlərinin artırılması üzərində işləyir. İlk növbədə, xammalın keyfiyyətini yüksəldəcək yeni qum zənginləşdirmə layihəsinin icrası və laminat, eləcə də temperli şüşə kimi daha dəyərli məhsulların istehsalı planlaşdırılır. İstehsal gücünün, məhsul çeşidlərinin artırılması, sözsüz ki, yeni iş yerlərinin yaradılması və məşğulluğun genişləndirilməsi deməkdir. Hazırda müəssisədə 249 nəfər daimi işlə təmin olunub. Şirkət sosial məsuliyyət çərçivəsində inklüziv iş mühitinə xüsusi önəm verir. Bu yanaşmanın nümunəsi kimi, fiziki məhdudiyyətli 6 nəfərin işlə təmin edilərək aktiv məşğulluğa cəlb olunduğunu göstərmək olar.

Tullantısız istehsal: şüşələr təkrar emal edilir

“Azerfloat” QSC Almaniyanın dünya şöhrətli “HORN Glass Industries AG” texnologiyasına əsaslanaraq şüşə istehsalında ekoloji səmərəliliyi ön plana çəkir. Müəssisə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədilə istehsalat prosesində ən müasir standartlara uyğun “yaşıl” həllər tətbiq edir. Bu yanaşmanın əsasını enerjiyə qənaət edən innovativ şüşəəritmə sistemləri və enerji istehlakının kompleks şəkildə optimallaşdırılması təşkil edir. Eyni zamanda, istehsalat zamanı yaranan şüşə qırıntılarının təkrar emala cəlb olunması və xammaldan maksimum səmərə ilə istifadə edilməsi resursların qorunmasına xidmət edir. Atmosferin mühafizəsi üçün tətbiq olunan yüksək texnologiyalı filtrasiya sistemləri toz və qaz emissiyalarını effektiv şəkildə neytrallaşdırır.

Son olaraq onu da qeyd edək ki, Sumqayıt Sənaye Parkının rezidenti kimi fəaliyyət göstərən “Azerfloat” bir sıra dövlət güzəştlərindən də faydalanır. Müəssisə mənfəət, torpaq və əmlak vergisindən azaddır. Bundan başqa, idxal olunan avadanlıq üçün gömrük rüsumu və ƏDV güzəştləri də mövcuddur ki, bunun sayəsində xərcləri azaltmaq, maya dəyərini aşağı salmaq mümkün olub. Sözsüz ki, bütün bu imkanlar şirkətin beynəlxalq bazarda rəqabət qabiliyyətini artırmağa da şərait yaradır.

Faiq KƏRİMOĞLU

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?