Yeni bloklama mexanizmi: bundan sonra adınıza icazəsiz kredit götürülməsi mümkün olmayacaq MƏQALƏ
Azərbaycan Mərkəzi Bankı (AMB) "Könüllü kredit qadağası" mexanizmi üzərində işləri tamamlamaq üzrədir. Bu məlumatı AMB sədrinin müavini Toğrul Əliyev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda səsləndirib. Digər yeniliyə əsasən, "FinSert" mərkəzi yaradılıb ki, bu da kiberinsidentlərlə mübarizə məqsədi daşıyır.
Kredit fırıldaqçılığına qarşı "könüllü bloklama" mexanizmi
AMB-nin hazırda üzərində işlədiyi yeni təhlükəsizlik aləti - "Könüllü kredit qadağası" mexanizmi vətəndaşlara öz adlarına məsafədən kredit rəsmiləşdirilməsinə könüllü olaraq məhdudiyyət qoymaq imkanı verəcək. Məsələni şərh edən iqtisadçı Eldəniz Əmirov yeniliyin fırıldaqçılıq risklərini əhəmiyyətli dərəcədə azaltmağa hesablandığını bildirib.

İqtisadçının sözlərinə görə, vətəndaşların xəbəri olmadan və ya yanlış məlumatlandırılmaqla adlarına kredit rəsmiləşdirilməsi son dövrlərin ən aktual problemlərindən biridir. Bu vəziyyət insanları gözlənilməz borc yükü və hüquqi çətinliklərlə üz-üzə qoyur. Mərkəzi Bankın yeni təşəbbüsü məhz bu problemi kökündən həll etməyi nəzərdə tutur. E.Əmirov qeyd edib ki, artıq hər bir şəxs sistemdə qeydiyyatdan keçərək “mənim adıma kredit verilməsin” funksiyasını aktivləşdirə və özünü sığortalaya biləcək. İqtisadçıya görə, bu, fırıldaqçılığın qarşısını alan çox mühüm bir preventiv addımdır.
Kredit verilməzdən əvvəl baza yoxlanılacaq
Sistemin işləmə mexanizminə əsasən, banklar kredit müraciətlərini dəyərləndirərkən baza üzərindən mütləq yoxlanış həyata keçirəcəklər. E.Əmirov istisna etmir ki, prosesin operativliyini təmin etmək üçün bu funksiya birbaşa mərkəzi sistemə inteqrasiya olunacaq və belə olan halda, bank əməkdaşının əlavə resurslara girişinə ehtiyac qalmayacaq.
Azərbaycan Kredit Bürosuna sorğu göndərildiyi anda vətəndaşın tətbiq etdiyi məhdudiyyət avtomatik olaraq sistemdə görünəcək. Əgər vətəndaş kredit müraciətlərini bloklamayıbsa, kreditləşmə prosesi adi qaydada davam etdiriləcək. Sistemin yaxşı tərəflərdən biri bloklamanın daimi olmamasıdır. Yəni vətəndaş istədiyi vaxt bu məhdudiyyəti aradan qaldırmaq və öz müraciət hüququnu bərpa etmək imkanına malik olacaq.
Rəqəmsal maliyyə təhlükəsizliyi
Sosial mühəndislik üsulları və saxta mesajlar vasitəsilə törədilən dələduzluq halları bu gün qlobal miqyasda ən ciddi problemlərdən biri olaraq qalır. AMB rəsmisi T.Əliyev forumda qeyd edib ki, təmsil etdiyi qurum rəqəmsal maliyyə ekosistemində istehlakçıların hüquqlarının qorunması və kiberdələduzluqla mübarizə istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirir. O, bununla bağlı həyata keçirilən 3 əsas strateji addımdan bəhs edib. Birincisi, maliyyə institutları üçün vahid kibertəhlükəsizlik standartları müəyyən edilib və məsafədən hesab açılması qaydaları müasir təhlükəsizlik protokollarına uyğun qaydada modernləşdirilib. İkinci addım "FinSert" mərkəzinin yaradılmasıdır ki, bu da kiberinsidentlərə qarşı operativ mübarizə aparmaq məqsədi daşıyır. Üçüncüsü isə banklar arasında dələduzluq halları ilə bağlı anlıq məlumat paylaşımını təmin edən mübadilə sisteminin formalaşdırılmasıdır. Bu, şübhəli əməliyyatların vaxtında qarşısının alınmasına imkan verir.

Kibertəhlükələrə qarşı yeni mərkəz – “FinSert”
Məlumdur ki, kibercinayətkarlar daha çox vətəndaşların diqqətsizliyindən və məlumatsızlığından istifadə edərək, bank hesablarını saniyələr içində ələ keçirirlər. İnsanların sadəlövhlüyü çox vaxt onları ciddi maliyyə itkiləri ilə üz-üzə qoyur. Artıq AMB bu problemin də önünə keçmək üçün yeni sistem yaradıb.
Sahəvi kompüter insidentlərinə qarşı mübarizə mərkəzi olan “FinSert” sayəsində hər hansı bankda baş verən kiberinsident artıq fərdi problem deyil, sistem xarakterli məsələ kimi qiymətləndiriləcək. Bu barədə məlumatlar dərhal Mərkəzi Banka ötürüləcək, mərkəzləşdirilmiş qaydada təhlil ediləcək və preventiv tədbirlərin görülməsi üçün operativ şəkildə bütün banklara çatdırılacaq. “FinSert”in fəaliyyəti kibertəhdidlərin aşkarlanması və qarşısının alınması, yeni risklərə proaktiv reaksiya verilməsi, maliyyə institutlarının insidentlərə hazırlığının və kiberdayanıqlığının artırılması, eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsinə yönəlib.
“FinSert” mərkəzi kibertəhlükələrlə bağlı narahatlıqların həllinə hesablanmış strateji addımdır. E.Əmirov qeyd edir ki, bu mərkəz sadə bir xidmət deyil, kiberdələduzlara qarşı güclü bir preventiv qalxandır. İqtisadçının fikrincə, “FinSert”in tətbiqi ilə bank sistemində kibertəhlükəsizlik səviyyəsi yeni mərhələyə keçir və bu addım müasir dövrün ən böyük çağırışlarından biridir.
Faiq KƏRİMOĞLU
