17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznesə başlama sahəsində qaydaların sadələşdirilməsi biznes mühitinin cəlbediciliyini artırır MƏQALƏ

Sahibkarlıq fəaliyyətinə dəstək istiqamətində həyata keçirilən islahatlar biznes mühitində aktivliyin davamlı xarakter almasını təmin edir. Bu tendensiya qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayında da öz əksini tapır. 2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan 1.674.984 vergi ödəyicisinin 86,8 faizi fiziki şəxslər, 13,2 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin əvvəli ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 6,6 faiz artıb. Yanvar ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 204.065 vahid təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,2 faiz çoxdur.

Vergi ödəyiciləri asan qeydiyyat prosedurlarından faydalanmaqla öz bizneslərini operativ şəkildə qeydiyyatdan keçirirlər. Belə ki, 2025-ci ildə kommersiya qurumlarının 85,1 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,5 faiz təşkil edib. Sahibkarların sayının artması biznes mühitinə etimadın yüksəldiyini və vergi siyasətinin inkişafa yönəlik nəticə verdiyini nümayiş etdirir.

Qabaqcıl təcrübələr əsasında atılan addımlar

Ölkəmizdə biznes mühiti davamlı olaraq təkmilləşdirilir. Biznesin qeydiyyatı prosesi ölkəmizdə davamlı islahatlar çərçivəsində sadələşdirilib və bu göstərici üzrə Azərbaycan dünyada olan ən yaxşı təcrübələrdən birinə malikdir. Buna baxmayaraq, bu sahədə həyata keçirilən işlər biznes mühitini qlobal tələblərə uyğun olaraq intensivləşdirir və qeydiyyat prosedurları təkmilləşdirilir. Dünya Bankı Qrupunun “Business Ready” layihəsi çərçivəsində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Biznesə daxilolma” işçi qrupu tərəfindən ölkəmizdə biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi üzrə sistemli fəaliyyət həyata keçirilir. Belə ki, “Biznesə daxilolma” sahəsində həyata keçirilmiş tədbirlər çərçivəsində kommersiya hüquqi şəxsin onlayn qeydiyyatı zamanı “SİMA” rəqəmsal imzanın tətbiqi ilə bağlı texniki imkanların yaradılması təmin edilib. Qeydiyyat prosesində sanksiya tətbiq edilməli olan şəxslərin nəzərə alınması və kommersiya hüquqi şəxsin rəhbərinin səlahiyyət müddəti bitdikdə elektron kabinetdən istifadəsinin məhdudlaşdırılması kimi tədbirlər görülüb.

Xarici və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı prosedurlarının eyniləşdirilməsi bu sahədə həyata keçirilmiş mühüm tədbirlərdən biridir. Bu yenilik xarici subyektlər üçün elektron qeydiyyat xidmətini tamamilə əlçatan etməklə biznesə başlama prosesini asanlaşdırıb. Bu addım Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi üçün də vacib amildir.

Görülən işlərin davamı olaraq hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması proseslərinin elektronlaşması, asanlaşması və reyestrin proaktivliyinin təmin edilməsi məqsədilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Notariat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi və əlaqəli fərman layihələri hazırlanıb. “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 336-VIIQD nömrəli Qanunu 9 fevral 2026-cı il tarixində qüvvəyə minib.

Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda bir sıra dəyişikliklər edilib. Belə ki, Qanuna “benefisiar mülkiyyətçi” anlayışı daxil edilib. Qeydiyyat orqanı tərəfindən benefisiar mülkiyyətçi barədə məlumatların reyestrinin aparılması prosesinə dair hüquqi və texniki imkanlar təmin edilib və artıq prosesə başlanılıb.

Bunlarla yanaşı, biznesin təsis edilməsi proseslərinin daha da yaxşılaşdırılması istiqamətində ictimai iştirakçılıq təmin edilir. Belə ki, həyata keçirilən islahatlarda biznes subyektlərinin təklifləri nəzərə alınır və yeniliklər biznes nümayəndələri ilə mütəmadi olaraq müzakirə edilir. İslahatların effektivliyini müəyyən etmək məqsədilə ictimai sorğular keçirilir. Bundan əlavə, məlumatlandırma və maarifləndirmə işi diqqətdə saxlanılır.

Dayanıqlı inkişaf üçün inklüziv mühit

Biznesə başlama sahəsində qaydaların sadələşdirilməsi biznes mühitinin cəlbediciliyini artırır və bu da iqtisadi aktivliyi təmin edir. Vergi orqanları tərəfindən bu prosesə dəstək biznesə daxil olma prosesindən başlayaraq bütün fəaliyyət zəncirini əhatə edir. Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyasında vergi sisteminin inkişafı üçün əsas istiqamətlər arasında dayanıqlı, davamlı iqtisadi inkişafı təmin edən vergi sisteminin formalaşdırılması xüsusi yer tutur. Dayanıqlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlıq mühitinin gücləndirilməsi ilə birbaşa bağlıdır. Bu səbəbdən, strategiya sahibkarlığın və biznesin inkişafını təşviq edən vergi siyasəti alətlərinin tətbiqini nəzərdə tutur. Ümumiyyətlə, vergi inzibatçılığının gələcəyə yönəlik fəaliyyət istiqamətlərində biznes mühitinə dəstək strateji prioritet təşkil edir. Bu sahədə planlaşdırılan tədbirlər biznesin şəffaf və səmərəli fəaliyyəti üçün əlverişli imkanlar vəd edir.

Gülay NƏBİYEVA

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?