Azərbaycanda sağlamlıq turizmi: unikal resurslardan qlobal brendə doğru... MƏQALƏ
Müasir dünyada insanlar səyahətə çıxarkən sadəcə xarici ölkələri gəzməklə kifayətlənmirlər, həmçinin səfər etdikləri yerlərdə yenilənmək, şəfa tapmaq və daxili balanslarını bərpa etmək barədə də düşünürlər. Bu istək sağlamlıq turizmi adlı böyük bir sahəni formalaşdırıb və bütün dünyada buna xüsusi diqqət ayrılır.
Azərbaycan da öz unikal potensialı ilə bu sahədə adı ön sıralarda çəkilən ölkələrdən biridir. Təsadüfi deyil ki, sirli Naftalan neftindən tutmuş, Naxçıvanın duz mağaraları, “İstisu” kimi unikal termal sular minlərlə insan üçün əsl şəfa qaynağı olub. Mütəxəssislər də o fikirdədirlər ki, zəngin təbii ehtiyatları və əlverişli iqlimi ilə Azərbaycan sağlamlıq turizminin inkişafı üçün hər cür imkana sahibdir. Mövcud potensialı nəzərə aldıqda ortaya belə bir sual çıxır: ölkəmizdə sağlamlıq turizmini qlobal rəqabətə davamlı səviyyəyə çatdırmaq üçün hansı strateji addımlar atılmalıdır?
“vergiler.az” bu sualı 3 turizm ekspertinə ünvanlayıb və maraqlı cavablar alıb.
Sağlamlıq turizmi: mövsüm fərqi yox, gecələmə sayı çox
Azərbaycan qlobal sağlamlıq turizmi bazarında lider ölkələr sırasında yer almasa da, bu sahədə özünəməxsus və kifayət qədər güclü üstünlüklərə malikdir. Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının rəhbəri Ruslan Quliyevin sözlərinə əsasən, hazırda əsas strateji hədəf ölkədə mövcud olan qədim müalicə ənənələrini müasir yanaşmalarla inkişaf etdirərək yeni bir markalaşma siyasəti həyata keçirmək və ölkəmizi dünyada mühüm sağlamlıq destinasiyası kimi tanıtmaqdır.
Sağlamlıq turizminin iqtisadi baxımdan əhəmiyyəti ondan ibarətdir ki, bu sahə mövsümi xarakter daşımır, ilin bütün günlərinə paylanır və digər turizm növlərindən fərqli olaraq, burada gecələmə sayı daha çoxdur. Assosiasiya rəhbərinin fikrincə, ölkəmiz xüsusilə təbii müalicə üsulları, balneologiya və reabilitasiya sahələrini ön plana çıxarmaqla bu seqmentdəki unikal potensialından maksimum yararlanmalıdır. Ekspert xüsusi vurğulayır ki, Azərbaycan sağlamlıq və ekoturizmin vəhdət təşkil etdiyi ən uğurlu nümunələrdən biri ola bilər. Ölkəmizdə dünyada bənzəri olmayan, nadir bioloji aktivlik dərəcəsinə malik müalicəvi Naftalan nefti mövcuddur. Eyni zamanda, “Qalaaltı” mineral suyunun faydaları bir çox göstəricilərinə görə məşhur “Karlovi Varı”nı geridə qoyur. Naxçıvandakı “Duzdağ” mağaraları isə speleoterapiya üçün əvəzsiz bir məkan hesab edilir ki, bütün bu təbii resurslar müqayisəli şəkildə dəyərləndirildikdə respublikamızın beynəlxalq rəqabətdə heç də geridə olmadığını göstərir.
Turizm eksperti Kənan Hənifəyevin sözlərinə görə, Azərbaycan turizmi hazırda sürətli inkişaf mərhələsindədir və hər keçən il qarşıya qoyulan hədəflər daha da böyüyür. Ekspert bildirir ki, turizmin müxtəlif istiqamətləri üzrə genişmiqyaslı işlər aparılır və prioritet sahələrdən biri də sağlamlıq turizmidir. Azərbaycanın qlobal sağlamlıq turizmi bazarında mühüm paya sahib olması üçün mövcud resurslardan istifadə edilməklə ciddi layihələr icra olunur və bu sahədə qlobal bazarda öncül yerlərə sahib olmaq əsas hədəflərdəndir.
Strateji hədəf: illik 300 milyon dollarlıq valyuta axını
Hazırda Azərbaycanda sağlamlıq turizminin ümumi daxili məhsuldakı payı aşağı olsa da, əsas məqsəd bu sahədən gələn gəlirlərin iqtisadiyyatdakı çəkisini əhəmiyyətli dərəcədə artırmaqdır. R.Quliyev deyir ki, dövlət səviyyəsində turizmin diversifikasiyası vacib istiqamət kimi qəbul edilib və kurort zonalarının gələcək inkişaf planlanmasında bəzi amillər ciddi şəkildə nəzərə alınmalıdır. İşğaldan azad edilmiş ərazilərdə dağ-iqlim reabilitasiya mərkəzlərinin, termal-SPA komplekslərinin və ekoloji sağlamlıq kurortlarının yaradılması uzaq gələcəyin deyil, yaxın zamanın hədəfidir. Ekspert bu layihələrin tam reallaşması nəticəsində ölkəyə illik 150-300 milyon ABŞ dolları civarında əlavə valyuta axınının daxil olacağının proqnozlaşdırıldığını da vurğulayıb.
MDB-dən Avropaya: bazarın coğrafiyası genişlənir
Assosiasiya sədri R.Quliyevin sözlərinə görə, hazırda əsas diqqət ənənəvi bazarların inkişaf etdirilməsinə yönəlib və strateji hədəf bazarlara doğru və effektiv yanaşmanın sərgilənməsidir. Azərbaycan postsovet məkanında Naftalan, Duzdağ və Qalaaltı kimi məşhur kurortları ilə tanınsa da, hazırda MDB ölkələri ilə yanaşı, Mərkəzi Asiya və Yaxın Şərq regionları da bizim üçün kifayət qədər cəlbedici hədəf bazarları hesab olunur. Ekspert K.Hənifəyev də hesab edir ki, son üç il ərzində Azərbaycanın sağlamlıq turizmi sahəsində kifayət qədər müsbət göstəricilər müşahidə olunur. Xüsusilə müalicəvi və estetik tibbi xidmətlərdən yararlanmaq məqsədilə Asiya və Avropa ölkələrindən gələn turistlərin sayında nəzərəçarpacaq artım var.
Qarabağ və Şərqi Zəngəzur: sağlamlıq turizmində yeni istiqamətlər
R.Quliyev vurğulayıb ki, Azərbaycanın sağlamlıq turizminin qlobal miqyasda məşhurlaşması üçün beynəlxalq akkreditasiyaların artırılması, güclü marketinq strategiyasının tətbiqi və yüksək xidmət göstərən premium kurort zonalarının yaradılması strateji əhəmiyyət kəsb edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sağlamlıq turizminin bərpası, yeni termal yataqların aşkar edilərək bu sahəyə investisiyaların cəlb olunması və vahid sağlamlıq klasterinin formalaşdırılması prioritet hədəflər sırasındadır.
Turizm eksperti Əziz Şiriyev isə yaxın illərdə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək beynəlxalq yolun açılması ilə sağlamlıq turizmi üçün yeni imkanların yaranacağını, xüsusilə Kəlbəcərdəki “İstisu”nun xarici turistlərin böyük marağına səbəb olacağını qeyd edir. Ekspert gələcəkdə yerli turizm məhsullarımızın daha da brendləşərək dünya miqyasında tanınacağına əmindir. Vurğulayır ki, dünyada nadir rast gəlinən Naftalan nefti, mineral-termal sular və “Duzdağ” kimi unikal sərvətlərimizi beynəlxalq səviyyədə daha geniş təbliğ etmək mümkündür. Hazırda MDB ölkələrindən Naftalana gələn qonaqların sayı kifayət qədərdir və son zamanlar İsrail və ABŞ kimi ölkələrdən də tibbi turizm məqsədilə Azərbaycana üz tutan turistlərin sayında nəzərəçarpacaq artım müşahidə olunur.
Turizm eksperti K.Hənifəyev də o qənaətdədir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası yaxın gələcəyə hesablanmış ən mühüm strateji layihələrdən biridir. Bu regionların bərpası və inkişafı nəticəsində ölkənin ümumi turizm potensialının, xüsusilə də sağlamlıq turizminin 30 faizdən çox artacağı və növbəti mövsümlərdə bu göstəricinin daha da yüksələcəyi proqnozlaşdırılır. Eyni zamanda, “İpək Yolu”nun aktivləşməsi və nəqliyyat-logistika imkanlarının genişlənməsi ölkəyə əlavə valyuta axını üçün münbit şərait formalaşdıracaq ki, bu da regionun iqtisadi mənzərəsini köklü şəkildə dəyişəcək.
Orta seqment, yoxsa premium?
Sağlamlıq turizminin inkişafından danışarkən ortaya çıxan diqqətçəkici suallardan biri də bu turizm növünün hansı seqmentə xitab etməsi məsələsidir. K.Hənifəyevin qənaətinə görə, Azərbaycanın sağlamlıq turizmi hazırda müxtəlif hədəf qruplarına, o cümlədən premium seqmentinə xitab edir. Lakin ekspert hesab edir ki, ilkin mərhələdə daha çox orta seqmentin kütləviliyinin təmin edilməsi istiqamətində çalışmaq daha effektiv olar. Bu yanaşma ölkənin sağlamlıq turizmi üzrə təcrübəsinin və xidmət keyfiyyətinin tədricən artmasına münbit şərait yaradacaq. Növbəti mərhələlərdə isə yeni sağlamlıq mərkəzlərinin inşası və müasir texnologiyaların tətbiqi ilə infrastruktur təkmilləşdirildikdən sonra yüksək gəlirli premiumla daha geniş və peşəkar xidmət göstərmək mümkün olacaq.
Rəqəmsal turizm platforması...
Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ölkəmizin sağlamlıq turizmi xidmətlərinin beynəlxalq səviyyədə təbliği və respublikaya valyuta axınının artırılması istiqamətində aktiv fəaliyyət göstərir. Assosiasiyanın rəhbəri R.Quliyevin sözlərinə görə, təşkilat müxtəlif ölkələrin aparıcı tibb mütəxəssisləri və həkimləri ilə sıx əməkdaşlıq edir, eyni zamanda Almatı, London, Düsseldorf, Frankfurt və Moskva kimi strateji əhəmiyyətli şəhərlərdə keçirilən nüfuzlu forumlarda Azərbaycanın sağlamlıq turizmi potensialını mütəmadi nümayiş etdirir. Hazırda icra olunan ən mühüm layihələrdən biri isə ölkəmizin sağlamlıq turizmi brendinin möhkəmlənməsinə böyük töhfə verəcək rəqəmsal platformanın qurulmasıdır. Bu innovativ tətbiq vasitəsilə müvafiq müəssisələrin vahid bazada təqdimatı, onlayn rezervasiya, məsafədən ilkin konsultasiya və uzaqdan tibbi xidmət imkanları yaradılacaq və qiymət siyasəti şəffaf şəkildə təqdim olunacaq. Mütəxəssis vurğulayır ki, xarici sığorta şirkətləri üçün etibarlı əməkdaşlıq mühiti formalaşdıracaq bu rəqəmsal model, ölkəmizə olan beynəlxalq etimadı artırmaqla yanaşı, xidmətlərin reallaşdırılma dairəsini genişləndirməyə və marketinq xərclərini əhəmiyyətli dərəcədə optimallaşdırmağa şərait yaradacaq.
Beynəlxalq akkreditasiya və brendləşmə
Beynəlxalq səviyyəli yeni sertifikatların, xüsusilə də "TEMOS" və "Joint Commission International" (JCI) akkreditasiyalarının əldə olunması Azərbaycanın sağlamlıq turizmi sektoru üçün olduqca vacibdir. Bu cür nüfuzlu sertifikatlar xarici ölkələrin sığorta şirkətlərinin Azərbaycana olan etimadını birbaşa artırmaqla yanaşı, xarici pasiyent axınının sürətlənməsinə də güclü təkan verir. Beynəlxalq standartlara cavab verən sertifikatlar həm də qlobal bazarda güvən rəmzi sayılır və bu, marketinq baxımından uğurun mühüm hissəsini təmin edir. Belə bir sertifikatlaşma prosesi ölkəmizin sağlamlıq müəssisələrinin premium seqmentinə xitab etməsi və yüksək gəlirli turist qruplarını cəlb etməsi baxımından strateji əhəmiyyət kəsb edir.
Hazırda beynəlxalq səviyyədə tanınan GHA (Global Healthcare Accreditation) təşkilatı ilə intensiv danışıqlar aparılır. Bu əməkdaşlıq yerli tibb müəssisələrinin və kadrların beynəlxalq sertifikatlaşdırılmasına, ixtisaslaşmış sağlamlıq turizmi menecerlərinin yetişdirilməsinə, eləcə də bütün sağlamlıq mərkəzlərində xüsusi departamentlərin qurulmasına münbit şərait yaradacaq. Artıq bu istiqamətdə uğurlu addımlar atılıb: Naftalan sanatoriyaları "Eurospa" sertifikatına layiq görülüb, Lənkəran və Qalaaltı sularının yüksək keyfiyyət standartları isə müvafiq sertifikatlarla rəsmən təsdiqlənib. Qeyd etmək lazımdır ki, Qalaaltı həm də Avropanın Tarixi Termal Şəhərlər Assosiasiyasının üzvüdür və bu üzvlük Azərbaycanın qlobal sağlamlıq turizmi xəritəsindəki yerini daha da möhkəmləndirir.
Faiq KƏRİMOĞLU
