28 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yaşıl evlər”in iqtisadi səmərəsi: enerji, su və büdcəyə qənaət MƏQALƏ

May ayının 17–22-də dünyanın aparıcı şəhərsalma mütəxəssisləri gələcəyin şəhərlərinin necə formalaşacağını müzakirə etmək üçün Bakıda bir araya gələcəklər. Bu o deməkdir ki, paytaxtımız daha bir mötəbər tədbirə - BMT-nin 13-cü Dünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi edəcək.

Heç kimə sirr deyil ki, hazırda bəşəriyyət qlobal iqlim dəyişikliyi və sürətli şəhərləşmənin yaratdığı çağırışlarla üz-üzədir. Qeyd olunan proses fonunda artıq təbiətin qorunması təkcə seçim deyil, qlobal bir zərurətə çevrilib. BMT-nin bu forumu urbanizasiya ilə ekologiya arasında tarazlıq məsələsini yenidən gündəmə gətirməklə yanaşı, müasir memarlığın əsas istiqamətlərindən biri sayılan “yaşıl evlər” mövzusuna xüsusi diqqət ayırır.

“Yaşıl ev” dedikdə, yalnız damında günəş panelləri olan binalar nəzərdə tutulmur. Söhbət karbonun “ayaq izləri”ni minimuma endirən, enerji və su resurslarından səmərəli istifadəni, o cümlədən təkrar emalı təşviq edən və ən əsası, insanlar üçün daha münbit yaşayış mühiti yaradan kompleks ekosistemdən gedir.

Bakının sürətlə müasirləşən şəhər siması və ölkəmizin iqlimlə bağlı qlobal öhdəlikləri bir daha göstərir ki, ənənəvi tikinti modellərindən “yaşıl” memarlığa keçid təkcə ətraf mühitin qorunması anlamına gəlmir. Bu yanaşma, eyni zamanda, gələcək nəsillər üçün sağlam, təhlükəsiz və dayanıqlı cəmiyyətin təməlini qoyur.

Bəs “yaşıl evlər”in əsas üstünlükləri nələrdir və bu sistem şəhərlərin simasını necə dəyişəcək? Bu suallar ətrafında “vergiler.az” mövzu ilə bağlı həm ekoloq, həm də iqtisadçı fikirlərini öyrənib.

Daha az xidmət xərci...

Müasir şəhərsalmanın aparıcı istiqamətlərindən sayılan “yaşıl evlər” konsepsiyası barədə fikirlərini bildirən ekoloq və ətraf mühit üzrə ekspert Rövşən Abbasovun sözlərinə görə, onun təməlində həm tikinti, həm də istismar prosesində təbiətə təsiri minimuma endirmək dayanır. Ekspert vurğulayır ki, bu sistemin tətbiqi ilə binalarda enerji, su və digər resurslardan səmərəli istifadə təbii ehtiyatların qorunmasına mühüm töhfə verir, xüsusən karbon emissiyalarının kəskin şəkildə azalmasına gətirib çıxarır. “Yaşıl evlər”in enerjiyə olan tələbatı əsasən bərpaolunan mənbələr hesabına ödənildiyindən, ənənəvi yanacaq ehtiyacı sıfıra enir və ətraf mühitə atılan karbon tullantılarının həcmi əhəmiyyətli dərəcədə aşağı düşür.

Uzunmüddətli investisiya baxımından sabitlik vəd edən “yaşıl evlər”in istismar müddəti də ənənəvi binalardan daha uzunömürlüdür. Təsadüfi deyil ki, hazırda bu cür layihələrə korporativ sektorda tələbat sürətlə artmaqdadır. İqtisadçı Eldəniz Əmirov vurğulayır ki, belə binaların iqtisadi səmərəsinə təkcə mikro yox, makro səviyyədə də dəyər verilməlidir. Beynəlxalq təcrübə bu tikililərdə əməliyyat xərclərinin ciddi şəkildə azaldığını təsdiqləyir. İqtisadçı da bu fikirlə razıdır ki, enerji, su və texniki baxım kimi ümumi xidmət xərcləri 30-35 faiz aralığında azalaraq, layihənin iqtisadi rentabelliyini təmin edir. Enerji daşıyıcılarının qiymətlərinin davamlı artımı fonunda “yaşıl evlər”in enerjiyə qənaət edən arxitekturası gələcək xərcləri daha dəqiq proqnozlaşdırmağa imkan verir. E.Əmirovun sözlərinə görə, bu cür ekoloji yanaşma enerji tariflərinin bahalaşması riskini əhəmiyyətli dərəcədə neytrallaşdırır. Digər tərəfdən, bu tip layihələrdə yüksək keyfiyyətli materialların tətbiqi binaların istismar ömrünü uzadır. Bu isə, öz növbəsində, amortizasiya müddətinin artmasına və nəticə etibarilə, illik xərclərin minimum səviyyəyə enməsinə gətirib çıxarır.

İstilik və soyutma xərclərində kəskin ucuzlaşma

Digər mühüm amil “yaşıl evlər”in yüksək effektivliyə malik izolyasiya sistemləri ilə təchiz edilməsidir. R.Abbasov qeyd edir ki, bu xüsusiyyət binaların həm istiyə, həm də soyuğa qarşı dayanıqlığını artırır, nəticədə isitmə və soyutma xərcləri kəskin şəkildə azalır. Bu isə birbaşa olaraq “yaşıl” və aşağı karbonlu iqtisadiyyata keçid prosesini sürətləndirir. Bundan əlavə, ekoloji davamlılıq prinsiplərinə əsaslanan həmin tikililər tullantıların və çirklənmənin minimuma endirilməsinə, su resurslarından optimal istifadəyə və biomüxtəlifliyin qorunmasına geniş şərait yaradır. Təbii işıqlandırma sistemlərinin tətbiqi isə elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.

Optimal havalandırma və enerji səmərəliliyi

Binadaxili havanın keyfiyyətini artırmaq üçün daha optimal havalandırma sistemlərindən istifadə olunur. Ekoloq R.Abbasov bu fikirdədir ki, kükürd və azot oksidləri, eləcə də bərk toz hissəcikləri kimi çirkləndiricilərin minimuma endirilməsi sakinlərin sağlamlığına müsbət təsir göstərir. “Yaşıl evlər”in ən təməl xüsusiyyətlərindən biri olan enerji səmərəliliyi isə xüsusi diqqət tələb edir. Belə ki, binaların günəş panelləri ilə təchiz edilməsi xarici enerji şəbəkələrindən asılılığı əhəmiyyətli dərəcədə azaldır. Bütün bu amillər ümumilikdə “yaşıl iqtisadiyyat”ın inkişafına xidmət edir ki, bu da öz növbəsində aşağı karbonlu, iqlim dəyişikliklərinə qarşı dayanıqlı və adaptasiya bacarığı yüksək olan iqtisadi model deməkdir.

Tikinti xərcləri artır, investisiya gec qayıdır, amma...

Sözsüz ki, bu cür ekoloji layihələrin inşasının böyük maliyyə vəsaiti tələb etməsi danılmaz faktdır. İqtisadçı E.Əmirovun fikrincə, istismar dövründə dayanıqlığın və keyfiyyətin tam təmin olunması üçün ilkin icra xərclərinin artması qaçılmazdır. Belə ki, ənənəvi binalarla müqayisədə “yaşıl evlər”in tikintisi 15-20 faiz daha çox kapital tələb edir. Bundan əlavə, spesifik layihələndirmə və mütəmadi monitorinq prosesləri dərin ekspertiza tələb etdiyindən, yüksəkixtisaslı kadrlara ciddi ehtiyac yaranır. Başqa sözlə, yüksək büdcə təkcə innovativ tikinti materiallarına deyil, həm də peşəkar mütəxəssislərin cəlb olunmasına sərf edilir.

Bu tip layihələrin çətin tərəflərindən biri də ilkin investisiyanın geridönüşünün uzunmüddətli ola bilməsidir. Bununla belə, E.Əmirov vurğulayır ki, “yaşıl evlər”in iqtisadi üstünlüklərini saymaqla bitməz. Düzdür, ilkin kapital qoyuluşu yüksəkdir, lakin binaların uzun istismar müddəti xərclərin aylara bölünməsi zamanı ciddi qənaət imkanı yaradır. Eyni zamanda, layihələrdə tətbiq olunan yüksək enerji effektivliyi gələcəkdə yarana biləcək dəyişkən xərcləri minimuma endirir. Nəticədə, bu texnologiyalar binaların qəfil enerji şoklarına və böhranlara qarşı dayanıqlığını artıraraq maliyyə risklərini əhəmiyyətli dərəcədə azaldır.

Faiq KƏRİMOĞLU

Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi?