21 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rəqəmsal vergi inzibatçılığının süni intellekt mərhələsinə keçidi və perspektiv imkanlar MƏQALƏ

Son illərdə Azərbaycanda dövlət idarəçiliyinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar çərçivəsində vergi inzibatçılığı sahəsində də mühüm transformasiya prosesi müşahidə olunur. Xüsusilə elektron vergi xidmətlərinin tətbiqi, vergi ödəyiciləri ilə vergi orqanları arasında münasibətlərin elektron mühitdə qurulması, vergi bəyannamələrinin və hesabatlarının elektron təqdim olunması, elektron qaimə-fakturaların istifadəsi, onlayn şəxsi kabinet xidmətləri, risklərin elektron qiymətləndirilməsi və digər rəqəmsal alətlər Azərbaycanda vergi inzibatçılığının daha çevik və şəffaf fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bu baxımdan mövcud rəqəmsal vergi inzibatçılığı sistemi artıq süni intellekt texnologiyalarına keçid üçün zəruri institusional və texnoloji baza rolunu oynayır.

Müasir yanaşmalara əsasən, rəqəmsal vergi inzibatçılığı yalnız sənədləşmə proseslərinin elektronlaşdırılması ilə məhdudlaşmamalı, eyni zamanda məlumatların dərin analizi, risklərin avtomatik müəyyənləşdirilməsi, proqnozlaşdırıcı modellərin qurulması və vergi nəzarətinin daha hədəfli həyata keçirilməsi kimi funksiyaları da özündə ehtiva etməlidir. Bu isə süni intellektin, xüsusilə də maşın öyrənməsi (Machine Learning), böyük verilənlərin analitikası (Big Data Analytics) və generativ süni intellekt (GenAI) texnologiyalarının vergi inzibatçılığına inteqrasiyasını zəruri edir.

Azərbaycanda elektron vergi xidmətlərinin tətbiqi nəticəsində formalaşan geniş məlumat bazası süni intellekt sistemlərinin öyrədilməsi üçün strateji əhəmiyyət daşıyır. Belə ki, vergi ödəyicilərinin maliyyə hesabatları, dövriyyə göstəriciləri, e-QHF üzrə əməliyyatlar, bank tranzaksiyaları ilə bağlı məlumatlar, idxal-ixrac əməliyyatları, əməkhaqqı və sosial ayırmalar, ƏDV bəyannamələri və digər məlumatlar vahid rəqəmsal mühitdə toplanır. Süni intellekt üçün əsas resurs sayılan bu verilənlər, düzgün strukturlaşdırıldıqda və təmizləndikdə, vergi risklərinin daha obyektiv və səmərəli qiymətləndirilməsinə imkan verir.

Müasir yanaşmalara əsasən, rəqəmsal vergi inzibatçılığı yalnız sənədləşmə proseslərinin
elektronlaşdırılması ilə məhdudlaşmamalı, eyni zamanda məlumatların dərin analizi,
risklərin avtomatik müəyyənləşdirilməsi, proqnozlaşdırıcı modellərin qurulması və
vergi nəzarətinin daha hədəfli həyata keçirilməsi kimi funksiyaları da özündə ehtiva etməlidir

Süni intellektə keçidin əsas mahiyyəti ondan ibarətdir ki, sistem yalnız məlumatları qəbul edən və saxlayan mexanizm deyil, həm də analitik qərar dəstəyi verən, proqnozlaşdırma aparan və vergi inzibatçılığında idarəetmə qərarlarının qəbuluna kömək edən intellektual platformaya çevrilir. Bu mərhələdə risk əsaslı vergi nəzarəti daha da təkmilləşdirilərək, vergi yoxlamalarının planlaşdırılması, audit obyektlərinin seçilməsi və nəzarət tədbirlərinin tətbiqinin insan amilindən asılılığı müəyyən qədər azad edilir. Nəticədə vergi orqanlarının resursları daha səmərəli bölüşdürülür, auditlərin səmərəliliyi artır və vergi ödəyicilərinə qarşı subyektiv yanaşmaların qarşısı alınır.

Süni intellektin tətbiqi vergi inzibatçılığında bir neçə əsas istiqamətdə əhəmiyyətli nəticələr verə bilər. İlk növbədə, vergi ödəyicilərinin risk profillərinin formalaşdırılması və risk ballarının (risk scoring) hesablanması mümkün olur. Bu zaman vergi ödəyicisinin dövriyyəsi, gəlir-xərc nisbəti, sektor üzrə orta göstəricilərdən kənara çıxma halları, ƏDV zəncirində qeyri-adi hərəkətlər, saxta əməliyyat ehtimalı və digər parametrlər əsasında risk göstəriciləri avtomatik qiymətləndirilir. Süni intellekt modelləri bu məlumatları real vaxt rejimində analiz edərək vergi orqanlarına xəbərdarlıq siqnalları göndərə bilər. Bu yanaşma həm də vergi pozuntularının sonradan deyil, ilkin mərhələdə aşkar edilməsinə, yəni profilaktik nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.

Süni intellektin tətbiqi vergi inzibatçılığında
bir neçə əsas istiqamətdə əhəmiyyətli nəticələr verə bilər

Digər tərəfdən, generativ süni intellektin tətbiqi vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. GenAI texnologiyaları təbii dil emalı imkanları sayəsində vergi ödəyicilərinin müraciətlərinə operativ cavab verə, vergi qanunvericiliyini sadə dildə izah edə və bəyannamələrin doldurulması prosesində interaktiv dəstək göstərə bilər. Bu, vergi ödəyicilərinin maarifləndirilməsi və könüllü vergi ödəmə mədəniyyətinin formalaşdırılması üçün mühüm vasitəyə çevrilə bilər. Eyni zamanda, vergi orqanlarının əməkdaşları üçün də GenAI qərarların hazırlanmasında, izahat məktublarının tərtibində, qanunvericilik dəyişikliklərinin təhlilində və sənədlərin sistemləşdirilməsində köməkçi rol oynaya bilər.

Lakin süni intellekt sisteminə keçid yalnız texnoloji imkanlarla məhdudlaşmır və bir sıra təşkilati-hüquqi tələblərin yerinə yetirilməsini zəruri edir. İlk növbədə, məlumat bazalarının inteqrasiyası və keyfiyyətinin yüksəldilməsi əsas şərt kimi çıxış edir. Süni intellektin səmərəli fəaliyyəti üçün məlumatlar tam, dəqiq və aktual olmalıdır. Əgər müxtəlif dövlət qurumlarının məlumat bazaları arasında uyğunsuzluq, təkrarlanma və ya boşluqlar mövcuddursa, süni intellekt modellərinin nəticələri səhv və qeyri-dəqiq ola bilər. Buna görə də vergi, gömrük, bank sektoru, sosial müdafiə sistemi və digər əlaqəli qurumlar arasında vahid inteqrasiya mexanizmi yaradılmalı və məlumatların standartlaşdırılması təmin edilməlidir.

Süni intellektə keçid prosesində hüquqi-normativ bazanın formalaşdırılması da mühüm əhəmiyyət daşıyır. Vergi inzibatçılığında süni intellekt qərar dəstəyi mexanizmi kimi çıxış edirsə, bu zaman vergi ödəyicisinin hüquqları, qərarların izah olunması prinsipi və məsuliyyət məsələləri qanunvericilikdə aydın şəkildə tənzimlənməlidir. Xüsusilə süni intellektin verdiyi nəticələrin hansı hallarda hüquqi qüvvəyə malik olması, insan müdaxiləsinin vacibliyi, vergi ödəyicisinin süni intellekt qərarına etiraz mexanizmi və şəffaflıq prinsipləri normativ aktlarda öz əksini tapmalıdır. Əks halda süni intellekt sistemlərinin tətbiqi cəmiyyətdə etimadsızlıq yarada və hüquqi mübahisələrin artmasına səbəb ola bilər.

Azərbaycanda elektron vergi xidmətlərinin və rəqəmsal vergi inzibatçılığının
mövcudluğu süni intellektə keçid üçün əlverişli imkanlar yaradır

Digər vacib məsələ etik və informasiya təhlükəsizliyi riskləridir. Vergi məlumatları yüksək məxfilik daşıyan informasiyadır və bu məlumatların süni intellekt sistemləri vasitəsilə emalı kibertəhlükəsizlik baxımından xüsusi risklər yaradır. Buna görə də məlumatların qorunması, şifrələnməsi, giriş hüquqlarının məhdudlaşdırılması və süni intellekt sistemlərinin audit mexanizmlərinin qurulması prioritet olmalıdır. Eyni zamanda, süni intellektin qərarlarının diskriminasiya yaratmaması və obyektiv olması üçün modellərin davamlı monitorinqi aparılmalıdır. Çünki yanlış və ya qeyri-obyektiv alqoritmlər müəyyən sektorları və ya vergi ödəyici qruplarını əsassız riskli kimi qiymətləndirə bilər.

Süni intellektə keçidin uğurlu olması üçün kadr potensialının gücləndirilməsi də əsas şərtlərdən biridir. Rəqəmsal və intellektual vergi inzibatçılığı mərhələsində vergi əməkdaşlarının yalnız klassik hüquqi biliklərə deyil, eyni zamanda analitik düşünmə qabiliyyətinə, məlumatların təhlili bacarıqlarına və süni intellekt nəticələrinin interpretasiyası üzrə kompetensiyalara malik olması tələb olunur. Bu baxımdan vergi orqanlarında çalışan əməkdaşlar üçün mütəmadi təlim proqramlarının hazırlanması, data analitika, risk menecmenti və süni intellekt tətbiqləri üzrə ixtisasartırma tədbirlərinin keçirilməsi məqsədəuyğundur.

Bütün bu amillər nəzərə alınmaqla qeyd etmək olar ki, Azərbaycanda elektron vergi xidmətlərinin və rəqəmsal vergi inzibatçılığının mövcudluğu süni intellektə keçid üçün əlverişli imkanlar yaradır. Lakin bu keçid mərhələli şəkildə həyata keçirilməli, pilot layihələr tətbiq olunmalı və ilkin mərhələdə risk analizi, ƏDV fırıldaqçılığına qarşı mübarizə, audit seçiminin avtomatlaşdırılması kimi istiqamətlər prioritet seçilməlidir. Daha sonra isə generativ süni intellekt əsaslı virtual vergi assistentinin yaradılması və vergi ödəyiciləri üçün interaktiv xidmətlərin genişləndirilməsi məqsədəuyğun hesab edilə bilər.

Nəticə etibarilə, süni intellekt texnologiyalarının vergi inzibatçılığına inteqrasiyası vergi nəzarətinin səmərəliliyini artırmaqla yanaşı, vergi ödəyicilərinə göstərilən xidmətin keyfiyyətini yüksəldə, “kölgə iqtisadiyyatı”nın həcmini azalda və dövlət büdcəsinə daxilolmaların sabitliyini gücləndirə bilər. Bu baxımdan süni intellektə keçid Azərbaycanda vergi sisteminin modernləşdirilməsi və rəqabət qabiliyyətli iqtisadi idarəetmə modelinin formalaşdırılması üçün strateji əhəmiyyətli istiqamət kimi qiymətləndirilməlidir.

Rəqəmsal vergi inzibatçılığı ilə süni intellekt əsaslı vergi inzibatçılığının müqayisəsi

Müqayisə meyarı

Rəqəmsal vergi inzibatçılığı (mövcud mərhələ)

Süni intellekt əsaslı vergi inzibatçılığı (növbəti mərhələ)

Əsas məqsəd

Elektron xidmətlərin tətbiqi, proseslərin sürətləndirilməsi

Risklərin proqnozlaşdırılması və qərarların intellektual dəstəyi

Məlumatların emalı

Əsasən qayda əsaslı və hesabat xarakterli

Böyük verilənlərin (Big Data) avtomatik analizi və öyrənən modellər

Vergi nəzarəti

Sonradan yoxlama (post-factum audit) üstünlük təşkil edir

Erkən xəbərdarlıq və preventiv nəzarət (real-time risk detection

Audit seçimi

Əl ilə seçmə və ya sadə risk indikatorları

Risk balları (scoring) və ML modelləri ilə avtomatik seçim

ƏDV nəzarəti

Əməliyyatların elektron qeydiyyatı mövcuddur

ƏDV zəncirinin şəbəkə analizi, saxta şirkətlərin avtomatik aşkarlanması

Vergi ödəyicisinə xidmət

Elektron kabinet, müraciətlərin qəbul edilməsi

Virtual vergi assistenti, avtomatik izahat və fərdi tövsiyələr

Qərarların əsaslandırılması

İnsan mütəxəssisin analizi və rəyinə bağlıdır

AI nəticələri + izah edilə bilən qərar mexanizmi (Explainable AI)

Operativlik

Məlumat toplanır, lakin təhlil zaman aparır

Real vaxtda təhlil və avtomatik xəbərdarlıq sistemi

Resurs istifadəsi

İnsan resursuna yüksək tələbat qalır

İnsan resursunun yükü azalır, analitik funksiyalar güclənir

Risklər

Texniki dayanmalar, məlumatın gecikməsi

Məlumat sızması, hallüsinasiyalar, alqoritmik diskriminasiya

İdarəetmə modeli

Elektron idarəetmə

İntellektual idarəetmə və qərar dəstəyi sistemi

Cədvəldən göründüyü kimi, rəqəmsal vergi inzibatçılığı vergi proseslərinin elektronlaşdırılmasına xidmət edirsə, süni intellekt əsaslı model vergi nəzarətinin proqnozlaşdırıcı, analitik və preventiv mexanizmlər əsasında qurulmasını təmin edir.

Aparılmış təhlil göstərir ki, Azərbaycanda vergi inzibatçılığının rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən institusional və texnoloji islahatlar ölkədə süni intellekt əsaslı vergi idarəetmə modelinə keçid üçün zəruri bazanı artıq formalaşdırmışdır. Elektron vergi xidmətlərinin geniş tətbiqi, məlumat bazalarının mərkəzləşdirilməsi, e-qaimə-faktura sisteminin işləkliyi, risk əsaslı nəzarət mexanizmlərinin mövcudluğu və analitik alətlərin inkişafı süni intellekt texnologiyalarının inteqrasiyası üçün əlverişli platforma rolunu oynayır.

Müəyyən edilmişdir ki, süni intellektə keçid vergi inzibatçılığının mahiyyətini dəyişərək onu sadə elektron idarəetmə modelindən intellektual, proqnozlaşdırıcı və preventiv nəzarət sisteminə transformasiya edir. Bu transformasiya çərçivəsində risklərin real vaxt rejimində qiymətləndirilməsi, vergi pozuntularının ilkin mərhələdə aşkarlanması, audit seçimində obyektivliyin artırılması və resursların daha səmərəli bölüşdürülməsi mümkün olur. Eyni zamanda generativ süni intellekt alətləri vergi ödəyicilərinə xidmət keyfiyyətinin yüksəldilməsi, könüllü vergi intizamının gücləndirilməsi və inzibati yükün azaldılması baxımından mühüm potensiala malikdir.

Rəqəmsal vergi inzibatçılığı vergi proseslərinin elektronlaşdırılmasına
xidmət edirsə, süni intellekt əsaslı model vergi nəzarətinin proqnozlaşdırıcı,
analitik və preventiv mexanizmlər əsasında qurulmasını təmin edir

Məlumatların keyfiyyəti və inteqrasiyası, alqoritmlərin izah edilə bilmə prinsipi, vergi ödəyicilərinin hüquqlarının qorunması, qərarların hüquqi qüvvəsi, informasiya təhlükəsizliyi və alqoritmik ədalətlilik kimi məsələlər süni intellekt əsaslı vergi inzibatçılığının dayanıqlı və etibarlı şəkildə tətbiqi üçün fundamental şərtlərdir.

Beləliklə, süni intellekt texnologiyalarının vergi inzibatçılığına mərhələli və sistemli inteqrasiyası Azərbaycanda vergi sisteminin modernləşdirilməsi, “kölgə iqtisadiyyatı”nın azaldılması, büdcə daxilolmalarının sabitliyinin artırılması və dövlət idarəçiliyində səmərəliliyin yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə pilot layihələrin həyata keçirilməsi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi və məlumat infrastrukturunun dərin inteqrasiyası gələcək mərhələnin əsas prioritetləri kimi çıxış etməlidir.


Ramiz Məhərrəmov,
İqtisad elmləri namizədi, dosent

Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi?