Vergi inzibatçılığında innovativ inkişafa təkan verən yeniliklər MƏQALƏ
Davamlı inkişaf hədəfləri fonunda dayanıqlı iqtisadi artımın təmin edilməsi strateji zərurətə çevrilir. Bu baxımdan iqtisadi aktivliyi təmin edən biznes subyektlərinə dəstək, strateji sahələrə investisiyaların cəlb edilməsi və şəffaflaşmanın artırılması iqtisadi strategiyaların başlıca prioritetlərindəndir. Son illər baş verən geoiqtisadi proseslər, qlobal biznes mühitində yaşanan dalğalanmalar, iqlim dəyişikliklərinin sürətlənməsi ilə bağlı beynəlxalq öhdəliklər bir çox ölkələri iqtisadi siyasətə yenidən baxmağa vadar edir.
İqtisadiyyatın aparıcı qüvvəsi olan vergi sistemində də dayanıqlı artımın təmin olunması üçün mühüm islahatlar müəyyənləşdirilib. Vergi inzibatçılığının səmərəliliyinin artırılması Azərbaycanın vergi sisteminin gündəliyindəki əsas istiqamətlərdəndir. Vergi sistemində ortamüddətli dövr üçün müəyyənləşdirilmiş prioritetlər, biznesə dəstək və dayanıqlı artımın təmin edilməsi ölkəmizin iqtisadi inkişaf modelinin ayrılmaz hissəsini təşkil edir. Ötən il bu sahədə bir tərəfdən mühüm nəticələr əldə edilib, digər tərəfdən isə yeni təşəbbüslərin təməli qoyulub. 2025-ci ildə Azərbaycanın vergi sistemində baş vermiş bir sıra yeniliklərə nəzərə salaq.
Sahibkarlara 75 faiz vergi güzəşti, vergi təşviqləri və “yaşıl” iqtisadiyyata dəstək tədbirləri...
2025-ci ilin əvvəlində vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş mühüm dəyişikliklər qüvvəyə mindi. Bəzi xidmət sahələri üzrə fəaliyyət göstərən və illik dövriyyəsinin həcmi xərclər nəzərə alınmadan 45 min manatadək olan mikro sahibkar fiziki şəxslərə münasibətdə gəlirlərinin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad olunması ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklər edildi. Bu güzəştin tətbiqi real sahibkarlıq fəaliyyəti ilə məşğul olan mikro sahibkarların dəstəklənməsi, eləcə də azgəlirli mikro sahibkarların vergi yükünün optimallaşdırılmasına xidmət edir. Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, eləcə də sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsi azaldıldı və 10 faizdən 5 faizə endirilib. Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi istiqamətində Vergi Məcəlləsinə edilmiş mühüm dəyişikliklərdən biri dövlət − özəl sektor tərəfdaşlığının və “yaşıl” iqtisadiyyatın dəstəklənməsi məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələrinə vergi təşviqlərinin verilməsi ilə bağlıdır. Dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilib. Vergi Məcəlləsinə edilmiş digər dəyişikliklə dövlət tərəfindən yaradılan sənaye məhəllələrinin ərazisində istifadə etdikləri torpaq sahələrinə və həmin ərazidə yerləşən əmlaklarına görə idarəedici təşkilatlar və operatorlar torpaq və əmlak vergilərindən azad olunublar.
Yeni xidmətlər və rəqəmsal həllər...
2025-ci ildən vergi ödəyiciləri üçün bir sıra yeni xidmətlər istifadəyə verildi. Rəqəmsallaşma əsasında hazırlanmış bu xidmətlər vergi ödəyicilərinin xidmətlərdən asan, təhlükəsiz və səmərəli şəkildə yararlanmasını təmin edir. Ötən il vergi orqanları tərəfindən “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib. Bu elektron xidmət bir çox imkanlara malikdir. Bu xidmət vergi ödəyiciləri üçün kontragentlər ilə işin risklərinin qiymətləndirilməsinə, vergi ödəyiciləri arasında müqavilələrin bağlanılması mərhələsində tərəfdaşları haqqında DVX-də mövcud və qanuni (leqal) sayılan məlumatların əldə olunmasına, sorğu edən və sorğu göndərilmiş vergi ödəyicisinin fəaliyyəti ilə bağlı məlumatlara baxmasına və fəaliyyətinin qiymətləndirilməsinə imkan verir. Bununla yanaşı, “Kontragentləri araşdır” elektron xidməti ictimai nəzarət funksiyasını yerinə yetirməklə vergi ödəyicilərinin şəffaf və qanunvericilik çərçivəsində fəaliyyət göstərmələrini təşviq edir. Belə ki, qarşı tərəfin müvafiq məlumatların əldə olunması barədə sorğulardan imtina etməsi biznes fəaliyyəti zamanı sonradan yarana biləcək maliyyə itkilərinin və digər neqativ halların qarşısını almağa imkan yaradır. Eyni zamanda, kontragentlərlə bağlı məlumatların əldə olunması imkanı riskli vergi ödəyiciləri ilə əməliyyatların sayının azalmasına, riskli əməliyyatların aparılmasına görə Vergi Məcəlləsində nəzərdə tutulan məsuliyyət tədbirlərinin, əlavə vergi hesablamaların qarşısının alınmasına xidmət edir.
Ötən ilin mühüm yeniliklərindən biri SİMA yeni nəsil rəqəmsal imzanın Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində təqdim edilən 80-dən çox elektron xidmətə inteqrasiyasının tamamlanmasıdır. Artıq fərdi sahibkarlar İnternet Vergi İdarəsində SİMA rəqəmsal imza vasitəsilə elektron qaimələri göndərə və bir çox vergi bəyannamələrini rahatlıqla təqdim edə bilirlər. Bundan başqa, sahibkarlar üçün POS-terminalların qeydiyyatı və qeydiyyatdan çıxarılması da “SİMA İmza” ilə mümkün olub.
Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və vergi inzibatçılığının sadələşdirilməsi istiqamətində aparılan islahatlar çərçivəsində ötən il Dövlət Vergi Xidməti tərəfindən “Sadələşdirilmiş verginin bəyannaməsi”nin öncədən doldurulması (“prefiling”) sistemi istifadəyə verilib. Bu sistem sadələşdirilmiş vergi ödəyiciləri üçün vergi bəyannaməsinin məlumat bazasında mövcud informasiya əsasında avtomatik hazırlanmasını və vergi ödəyicisi tərəfindən təsdiq olunmasını əhatə edir. Vergi ödəyiciləri elektron kabinetləri vasitəsilə xidmətdən rahat şəkildə yararlana bilirlər. Bəyannamənin əvvəlcədən doldurulması sistemi (prefiling) həm vergi ödəyiciləri, həm də vergi inzibatçılığı üçün bir sıra üstünlüklər verir. Sistem inzibatçılıq yükünü azaldır, vergi ödəyicilərinin vaxtına qənaət edir, məlumatların düzgünlüyünü artırır və hesabatlılıq prosesini sadələşdirir.
Beynəlxalq təşkilata prezidentlik, yeni tərəfdaşlar və beynəlxalq şirkətlərlə tərəfdaşlıq...
2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidentlik ölkəmizə həvalə edildi. IOTA-ya prezidentliyin ölkəmizə həvalə edilməsi vergi sistemi qarşısında bir sıra yeni hədəflər müəyyənləşdirdi. Bunlar IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi, təşkilata üzv ölkələrlə daha sıx əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində irəliləyişlərin əldə edilməsi idi. IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələləri təşkilatın maliyyə dayanıqlılığının artırılmasına yönəlik addımları əhatə edirdi. Bu hədəflər həm də təşkilatın institusional güclənməsi, bilik və təcrübə mübadiləsindəki rolunun artırılması, regional əlaqələrinin genişləndirilməsi ilə bağlı idi. Bu çərçivədə IOTA-nın 29-cu Baş Assambleyası Bakıda təşkil edildi. Bu tədbir IOTA-nın ən mühüm tədbirlərindən hesab edilir. “Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən Assambleyada iştirak üçün nüfuzlu vergi ekspertləri, Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri və təmsilçiləri bir araya gəldilər. Avropanın vergi sisteminin potensial inkişaf prioritetləri barədə Bakıda mühüm müzakirələr aparıldı və yeni əməkdaşlıq platformaları formalaşdı. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin Avropa ölkələrinin vergi administrasiyalarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində ikitərəfli əlaqələrin gücləndirilməsi baxımından perspektivli müzakirələr aparıldı.
Ötən il Dövlət Vergi Xidməti bir çox beynəlxalq tədbirlərdə də uğurla təmsil edildi. Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin əməkdaşı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Vergi Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) təşəbbüsü üzrə İnklüziv Çərçivənin ekspert qrupunun üzvü seçildi. DVX nümayəndəsinin bu mühüm quruma üzv seçilməsi Azərbaycanın beynəlxalq vergi əməkdaşlığında artan rolunun və institusional potensialının tanınmasının göstəricisidir.
Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi ötən il də davam etdirildi. “Adobe Systems Software Ireland Limited”, “Sony Interactive Entertainment Network Europe Limited” şirkətlərinin, “Elsevier BV”, eləcə də “Match Group” şirkətlər qrupuna daxil olan 2 şirkətin Azərbaycanda ƏDV məqsədləri üçün qeydiyyatı qüvvəyə mindi.
Bütün bu tədbirlər ölkəmizin vergi sisteminin qlobal müstəvidəki mövqeyinin daha da möhkəmlənməsinə töhfələr verir.
2025-2028-ci illərdə strateji inkişaf istiqamətləri
Ölkədə dayanıqlı iqtisadi artımı, biznes mühitinin təkmilləşdirilməsini və sahibkarlıq fəaliyyətinin təşviqini dəstəkləmək vergi islahatlarının vahid konsepsiya əsasında formalaşdırılmasını zəruri edir. Bu baxımdan “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası” hazırlanıb. Bu strategiya Dövlət Vergi Xidmətinin missiyasına, strateji baxışına uyğunlaşdırılan və mövcud dəyərlərinə əsaslanan 4 başlıca istiqamətdən ibarətdir. Bu istiqamətlər güclü insan kapitalının formalaşdırılması, könüllü əməletmənin təbliği, vergidən yayınma ilə inamlı mübarizə, davamlı və dayanıqlı inkişafdır. Dürüstlük, peşəkarlıq, innovativlik, təşəbbüskarlıq və əməkdaşlıq kimi dəyərlərə söykənən Dövlət Vergi Xidməti insan mərkəzli və innovativ xidmətlərlə könüllü əməletməni sadə və əlçatan edən etibarlı tərəfdaş olmağı hədəfləyir. Strategiyanın reallaşdırılması vergi sisteminin daha ədalətli, sadə, əlçatan və müştəriyönümlü olmasına gətirəcək, cəlbedici vergi mühitinin formalaşdırılmasına xidmət edəcək. Vergi xidmətinin gələcəyə baxışı etibarlı, müasir və könüllü əməletməyə əsaslanan vergi ekosisteminin qurulmasına söykənir və bu, daha dayanıqlı iqtisadiyyatın formalaşması üçün möhkəm bünövrə formalaşdırır.
Gülay NƏBİYEVA
