19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli bazardan qlobal hədəflərə: “Startap” şəhadətnaməli layihələrin rəqəmsal transformasiya yolu MƏQALƏ

Ofis idarəetməsi, ödəniş təhlükəsizliyi, QR-kod əsaslı nəzarət sistemləri və klinikalar üçün rəqəmsal həllər... İndiyədək 255 sahibkarın yararlandığı "Startap" şəhadətnaməsi mexanizmi yerli ekosistemi canlandırmağa davam edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ekspertlər Şurasının son qərarı ilə daha 8 innovativ layihə "Startap" şəhadətnaməsi alıb. İndi onların da bazarda daha çevik və rəqabətədavamlı şəkildə irəliləmək şansı var. Qeyd edək ki, bu sənəd mikro və kiçik sahibkarların innovativ layihələrini stimullaşdırmaqla yanaşı, onları mənfəət və gəlir vergisindən 3 il müddətinə azad etməklə biznes mühitində yeni imkanlar yaradır. “vergiler.az” ənənəvi olaraq yeni layihələrlə maraqlanıb və startapçıların rəqəmsal iqtisadiyyata necə töhfə verdiklərini araşdırıb.

Tibb sahəsində innovativ həllər: şəffaf və etibarlı rəqəmsal səhiyyə təcrübəsi

Klinikalar, tibb mərkəzləri, həkimlər, inzibati heyət və pasiyentlər üçün nəzərdə tutulmuş “Inframed Life” vahid rəqəmsal səhiyyə platformasıdır. Yenilik tibbi idarəetmədə mövcud çətinlikləri aradan qaldıraraq prosesləri avtomatlaşdırır və xidmət keyfiyyətini yüksəldir.

Startapın təsisçiləri İlkin Süleymanov və Nihad Axundzadə bildirirlər ki, bu proqram səhiyyədə rəqəmsal transformasiyanı sürətləndirmək, tibbi xidmətlərin idarə olunmasını isə daha səmərəli və şəffaf etmək məqsədilə yaradılıb. Müasir texnologiyalar üzərində qurulan və istifadəçi dostu interfeysə malik platforma tibbi heyət və pasiyentlər üçün etibarlı rəqəmsal mühit yaradır. Layihənin ən diqqətçəkici tərəfi odur ki, bu startap səhiyyə ekosistemində iştirak edən bütün tərəflərin iş proseslərini sadələşdirməyə hesablanıb. “Inframed Life” sayəsində randevular mərkəzləşdirilmiş qaydada idarə olunacaq. Bununla yanaşı, proqram pasiyent məlumatlarının təhlükəsiz saxlanılmasına, tibbi qeydlərin sistemli aparılmasına və həkimlə inzibati heyət arasında koordinasiya kimi funskionallığa da malikdir.

Hər iki startapçı əmindir ki, layihələri tibb müəssisələrində inzibati yükü xeyli azaldacaq, vaxt itkisini minimuma endirəcək və həkimlərin əsas fəaliyyəti olan tibbi xidmətə fokuslanmasına şərait yaradacaq. Digər tərəfdən, pasiyentlər üçün xidmətlərin daha sürətli və şəffaf təşkil olunmasına şərait yaradılır ki, bu da ümumi məmnunluğu artıracaq əsas məsələlərdəndir. Layihə müəllifləri bazardakı oxşar həllərdən “Inframed Life”ı fərqləndirən xüsusiyyətlərdən danışarkən, platformanın modul əsaslı quruluşu ilə seçildiyini və səhiyyə müəssisələrinə ehtiyaclarına uyğun çevik istifadə imkanı təqdim edildiyini vurğulayırlar.

Yeri gəlmişkən, platformanın texnoloji arxitekturası süni intellekt inteqrasiyasına da hazırdır və bu, gələcəkdə proqnozlaşdırıcı alətlərin tətbiqini mümkün edəcək. Növbəti mərhələdə layihənin funksionallığının genişləndirilməsi, xüsusilə “Infra AI” modulunun və analitik imkanların təkmilləşdirilməsi əsas prioritetlərdəndir. Bu yeniliklər pasiyent axınının, xidmət yüklənməsinin və resursların daha effektiv təhlilinə şərait yaradacaq. Bundan əlavə, müxtəlif səhiyyə sistemləri ilə inteqrasiya imkanlarının artırılması, regional və beynəlxalq bazarlara uyğunlaşma və xidmət keyfiyyətinin davamlı yüksəldilməsi üzərində də iş aparılacaq.

Layihə müəllifləri inanırlar ki, “Startap” şəhadətnaməsi çərçivəsində tətbiq olunan vergi güzəştləri platformanın inkişaf tempini artıracaq və onlar əldə olunan vəsaiti birbaşa texnoloji inkişaf, tədqiqat, analitika və komandanın genişlənməsinə yönəltmək niyyətindədirlər.

“Otaq xaosu”na son: "Meetra" ilə görüş məkanı tapmaq asanlaşdı

Heç şübhəsiz, müasir ofis mühitində qarşıya çıxan ən böyük çətinliklərdən biri vaxt itkisi və koordinasiya çatışmazlığıdır. İşçilər görüş otağı axtarmağa, otaqların məşğulluq qrafikini dəqiqləşdirməyə xeyli zaman sərf edirlər. KOBİA tərəfindən “Startap” şəhadətnaməsi almış “Meetra” layihəsi bu prosesi tam rəqəmsallaşdıraraq şirkətlər üçün görüş otaqlarının idarə edilməsi və rezervasiyası üzrə innovativ SaaS (Software as a Service - proqram təminatı xidməti) həlli təqdim edir.

Layihənin təsisçisi Həsən Həsənov deyir ki, platformanın əsas məqsədi şirkətlərdə tez-tez rast gəlinən “otaq xaosu”nu (double-booking) aradan qaldırmaq və resursların düzgün bölüşdürülməsini təmin etməkdir. Hazırda yerli bazarın tanınmış şirkətlərindən olan "Crocusoft" və "Caspian Finance" artıq bu sistemdən aktiv şəkildə istifadə edir. Xidmətin necə işlədiyinə gəlincə, əməkdaşlar mobil tətbiq və ya veb-panel vasitəsilə saniyələr ərzində otaqların statusunu görür, dərhal rezervasiya və ya ləğv edirlər. H.Həsənov bunun komanda daxilində şəffaflıq yaratdığını, ofis menecerlərinin üzərindəki inzibati yükü isə əhəmiyyətli dərəcədə azaltdığını vurğulayır. Bazarda mövcud olan əksər alternativlərdən fərqli olaraq, “Meetra” rezervasiyanı sadəcə bir əlavə funksiya olaraq deyil, əsas idarəetmə mexanizmi kimi təklif edir. Bir sözlə, mürəkkəb proseslər maksimum sadələşdirilərək istifadəçi üçün rahat (user-friendly) interfeys yaradılıb. Yəni istifadəçiyə sadəcə yer tutmaq imkanı deyil, görüşü bütövlükdə effektiv idarə etmək alətləri təqdim edilir.

Startapçı “Meetra”nı sadəcə rezervasiya sistemindən çıxararaq daha genişmiqyaslı ofis idarəetmə platformasına çevirmək niyyətindədir. Bu yolda “Startap” şəhadətnaməsi ilə qənaət ediləcək məbləğ köməyə gələ bilər. Layihə müəllifi qeyd edir ki, müəyyən müddətə gəlir vergisindən azadolunma imkanı platformanın texniki inkişafına və komandanın böyüməsinə əlavə investisiya yatırmağa şərait yaradır.

Yaxın gələcəkdə şirkətdaxili HR və inzibati proseslərin, o cümlədən ezamiyyətlərin, məzuniyyətlərin, gündəlik icazələrin və əvəzgünlərin (day off) sistem üzərindən idarə olunması planlaşdırılır. Xüsusilə hibrid iş rejimində çalışan şirkətlər üçün layihənin mobil tətbiqi böyük çeviklik yaradır, artıq istifadəçilər ofisdə olmasalar belə, yolda və ya evdə otaq sifariş edə bilirlər.

“Profmart.az”: peşəkar xidmət bazarında güvən və şəffaflıq

Fərdi mütəxəssilər və korporativ xidmət təminatçıları üçün nəzərdə tutulmuş, ödəniş təhlükəsizliyini təmin edən ilk ixtisaslaşmış xidmət platforması olan “Profmart.az”ın qurucusu Təbriz Mirzəyev pərakəndə elan saytlarından fərqli olaraq, bu tətbiqin yalnız yoxlanılmış peşəkarların xidmətlərini vahid bir rəqəmsal infrastrukturda birləşdirdiyini deyir. Bildirir ki, hazırda platformada vergi və mühasibat uçotu, maliyyə və audit, hüquq, IT və proqramlaşdırma, mediasiya, eləcə də arxitektura və tikinti kimi strateji xidmət sahələri cəmləşib.

Startapçının sözlərinə görə "Profmart.az” tətbiq etdiyi “escrow” (əmanətli ödəniş sistemi) ilə ödəniş risklərinə son qoymaqla yanaşı, bazardakı keyfiyyət qeyri-müəyyənliyini kökündən həll edir. O, sistemin necə işlədiyini belə izah edir: “Sifarişçi vəsaiti iş başlamazdan əvvəl platformada “dondurur” və ödəniş yalnız iş tam keyfiyyətlə təhvil alındıqdan sonra icraçıya köçürülür. Beləliklə, peşəkarlar ödənişin gecikməsindən, müştərilər isə vəsaitlərini itirmək riskindən tam qorunurlar. Yəni layihənin unikallığı onun yalnız təsdiqlənmiş mütəxəssislərlə işləməsində və şəffaf nüfuz sistemini tətbiq etməsindədir”.

Platformanın əsas strateji hədəfi yerli mütəxəssislərin və xarici investorların Azərbaycanın peşəkar xidmət bazarına rəsmi, şəffaf və rəqəmsal çıxışını təmin etməkdir. Startapçı növbəti addımın xarici bazarlar olacağının anonsunu da verərək bildirir ki, platformanın fəaliyyətinin genişləndirilməsi planlaşdırılır və ilkin istiqamət Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhəri olacaq.

Hazırda platforma mobil cihazlara uyğun tam funksional veb-interfeys vasitəsilə operativ xidmət göstərir. Sistem daxilində tərəflər arasında sürətli ünsiyyət üçün çat funksiyası, fərdi iş təklifləri və yalnız uğurlu əməliyyatdan sonra verilə bilən şəffaf rəy mexanizmi mövcuddur. Bu rəqəmsal infrastruktur həm onlayn, həm də oflayn xidmət göstərməklə sistemli şəkildə strukturlaşdırılır.

Layihənin müəllifi bizimlə söhbət zamanı "Startap" şəhadətnaməsinin üstünlüklərini mühüm maliyyə dəstəyi adlandırıb. Bildirib ki, vergi azadlığından əldə olunan vəsaitlər tamamilə platformanın rəqəmsal təhlükəsizliyinin artırılmasına, xüsusilə “escrow” sisteminin texnoloji inkişafına və peşəkarların rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirməyə hesablanan ödənişsiz təlimlərə yönəldiləcək.

“Qrgate”: giriş-çıxış sistemlərində rəqəmsal inqilab

Müasir, çevik və təhlükəsiz idarəetməni təmin edən innovativ “Qrgate” layihəsi təşkilatlarda giriş-çıxış proseslərini tam avtomatlaşdırır. Bu sistem insan faktorundan asılılığı azaldır, nəzarəti mərkəzləşdirir və vaxt itkisini minimuma endirir.

Startapın təsisçisi Orucəli Seyidquliyevlə söhbətimizdən aydın olur ki, insan resurslarının idarə olunmasında innovativ yanaşma təqdim edən “Qrgate” əməkdaşların davamiyyətindən tutmuş iş saatlarının dəqiq uçotuna qədər bütün prosesləri avtomatlaşdırır. Platforma əl ilə aparılan qeydiyyat və vaxtaparan cədvəl tərtibatı kimi ənənəvi üsulları keçmişdə qoyaraq, mütəxəssislərə analitik qərarlar vermək üçün geniş imkanlar açır. Bu keçid inzibati yükü yüngülləşdirməklə bərabər, müəssisə daxilində nizam-intizam və şəffaflığı yeni mərhələyə daşıyır.

Proqramın üstünlüklərinə gəlincə, “Qrgate” ənənəvi sistemlərdən fərqli olaraq, əlavə fiziki avadanlıq tələb etmir və tam proqram təminatı əsasında fəaliyyət göstərir. İstifadəçilər üçün intuitiv mobil və veb interfeys təqdim edən sistem idarəetmə paneli vasitəsilə icazə səviyyələrini təyin etməyə, detallı hesabatlar almağa və təhlükəsizlik parametrlərini tənzimləməyə imkan verir. “Qrgate” bulud infrastrukturu sayəsində çoxfiliallı müəssisələr üçün vahid idarəetmə mərkəzinə çevrilir. Bu o deməkdir ki, platforma mövcud korporativ sistemlərlə problemsiz inteqrasiya olunaraq, bütün ekosistemi tək nöqtədən idarə etmək imkanı verir. O.Seyidquliyev vurğulayır ki, 15 filialı olan bir şirkətdə “Qrgate”in quraşdırılması və aktivləşdirilməsi 1 saatdan az vaxt aparır. Bu da müəssisələr üçün zaman və real maliyyə qənaəti deməkdir. "Qrgate”in məqsədi biznesləri artıq xərclərdən və bürokratik yüklərdən azad edərək təhlükəsizliyi təmin etmək və idarəetməni bir toxunuş qədər sadələşdirməkdir. Əsas hədəf şirkətlərin rəqəmsal gələcəyə keçidini sürətləndirməkdir.

Gələcək inkişaf strategiyasının mərkəzində süni intellektə əsaslanan dərin analitika və ən yüksək təhlükəsizlik standartları dayanır. Bundan əlavə, platformaya beynəlxalq istifadəçilər üçün nəzərdə tutulan geniş lokalizasiya imkanları və qlobal HR/ERP platformaları ilə qüsursuz sinxronizasiya nəzərdə tutulur ki, bütün bu sadalananlar “Qrgate”i yerli çərçivələrdən çıxarır. Sözsüz ki, bütün yeniliklər layihəni qlobal rəqəmsal mühitin ayrılmaz hissəsinə çevirməyə hesablanıb.

“Startap” şəhadətnaməsi çərçivəsində əldə edilən vergi güzəştləri isə layihənin inkişafına əlavə təkan verəcək.

Faiq KƏRİMOĞLU

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?