14 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda velosiped və e-bike bazarı: sürətlə artan mikromobillik MƏQALƏ

Bakı və ətraf ərazilərdə “yaşıl” nəqliyyatın təşviqi məqsədilə həyata keçirilən infrastruktur layihələri - velosiped zolaqları, parklanma yerləri və xüsusi işıqforların yaradılması əhali arasında bu nəqliyyat növünə marağı xeyli artırıb. Statistik göstəricilər də tələbatın yüksələn xətlə inkişaf etdiyini sübut edir. Belə ki, son illərdə elektrikli velosiped (e-bike) bazarı sürətlə böyüyüb. 2024-cü ildə ölkəyə dəyəri 1,1 milyon ABŞ dolları təşkil edən 5.279 ədəd, 2025-ci ilin ilk iki ayında isə 1.087 ədəd e-bike idxal olunub. Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin (KOBİA) araşdırmaları da mikromobillik vasitələrinə artan marağı təsdiqləyərək, daxili bazarda yerli istehsalın yaradılmasının zəruriliyini ön plana çıxarır.

65 milyard dollarlıq qlobal bazar

2024-cü ilin araşdırmalarına əsasən, qlobal velosiped bazarının dəyəri təqribən 65 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Əsas istehsalçı ölkələr sırasında Çin, Tayvan, Hindistan və Vyetnam yer alır. Dünyada elektrikli velosiped bazarı da sürətlə genişlənərək illik 10–15% artım nümayiş etdirir.

Mexaniki velosiped bazarı: idxalın dinamikası və sabitləşmə

Ölkədə mexaniki velosiped bazarı hələ də əsasən idxaldan asılıdır. Daxili bazar təhlilləri göstərir ki, 2024-cü ildə bu istiqamətdə idxal həcmi 2022-ci illə müqayisədə 60% artıb. Ölkəmizə gətirilən həm elektrikli, həm də mexaniki velosipedlərin böyük hissəsi Çinin, qismən isə Türkiyə, BƏƏ və Avropa ölkələrinin payına düşür.

2024-cü ildə mühərriksiz (mexaniki) velosipedlərin idxalında həm say, həm də dəyər baxımından artım müşahidə olunub. 2022–2024-cü illərin statistik göstəriciləri Azərbaycanda velosipedə marağın sürətlə artdığını təsdiqləyir. Belə ki, 2022-ci ildə ölkəyə 143.765 ədəd mühərriksiz velosiped idxal edildiyi halda, 2023-cü ildə bu rəqəm pik həddə çataraq 282.677 ədəd təşkil edib. 2024-cü ildə isə idxal həcmi 231.253 ədəd olaraq bazarın sabitləşdiyini göstərib.

Yeni trend: elektrikli velosipedlər

Bütün dünyada olduğu kimi, Azərbaycanda da elektrikli velosipedlərə maraq getdikcə yüksəlir. 2020-ci ildən başlayan artım dinamikası 2024-cü ildə 5.279 ədəd e-bike idxalı ilə nəticələnib. Tədarük coğrafiyasına gəldikdə, liderlik dəyişməz olaraq Çinə məxsusdur (e-bike idxalının 5.052 ədədi məhz bu ölkənin payına düşür). Digər əsas idxal mənbələri sırasında Rusiya, Almaniya, Belarus və Türkiyə yer alır. Kiçik həcmli tədarük isə Polşa, Rumıniya, İtaliya və Kamboca kimi ölkələrdən həyata keçirilir.

Yerli istehsal: "ISMA Bikes" və lokallaşma səviyyəsi

Azərbaycanın ilk milli velosiped brendi "İSMA Bikes"ın istehsal zəncirində yerli payı hələlik yalnız təkər və disklərlə məhdudlaşır. İsmayıllı rayonunda fəaliyyət göstərən bu zavod hər il 20–30 min velosiped üçün nəzərdə tutulan bu hissələri daxili imkanlar hesabına istehsal edir. Lakin çərçivə və digər mühüm komponentlər hələ də idxal olunduğundan, tam lokallaşmadan danışmaq mümkün deyil. İstehsal prosesi əsasən idxal edilən hissələrin yerli təkər və disklərlə montajından ibarətdir. Köməkçi istehsal sahəsi kimi, Abşeron və Şamaxıdakı sexlərdə şin və təkər örtükləri hazırlanır. İllik yığım gücü təqribən 20–30 min ədəd təşkil edən zavodda qiymətlər 200–400 manatdan başlayır. Sevindirici haldır ki, fəaliyyətə cəmi 3 modellə başlayan müəssisə bu gün çeşid sayını 50-yə qədər artırmağa nail olub.

"Qarabike" və 70 minlik istehsal hədəfi

Sektorun potensialını artıracaq digər bir layihə Ağdam Sənaye Parkında reallaşdırılır. Burada 2025-ci ildə rezident statusu alan "Qarabike" MMC tərəfindən velosiped zavodu qurulacaq. Dəyəri 8,6 milyon manat təşkil edən müəssisənin bu il işə düşməsi və Çin texnologiyalarının tətbiqi ilə fəaliyyət göstərməsi planlaşdırılır. Zavodun istehsal gücünün ilkin mərhələdə ildə 44 min, tam gücü ilə işlədikdə isə 70 min ədədə çatdırılması proqnozlaşdırılır.

KOBİA-nın bazar araşdırmalarından aydın olur ki, hazırda ölkədə illik velosiped istehsalı 25-30 min ədəd təşkil edir ki, bu da daxili bazarın cəmi 8%-nə bərabərdir. Aşağı göstəricinin əsas səbəbi istehsalın yalnız yığım (montaj), boyama və qablaşdırma mərhələsi ilə məhdudlaşması, əsas komponentlərin isə Çin, Tayvan və Avropa ölkələrindən idxal edilməsidir. Ölkədə çərçivə istehsalı, alüminium emalı kimi dərin sənaye proseslərinin, eləcə də zəruri texnoloji baza və ixtisaslı kadrların çatışmazlığı yerli istehsalın inkişafını ləngidən əsas amillərdir. Lakin araşdırmada yeni yaradılan “Qarabike” zavodunun bu sahədə dönüş nöqtəsi ola biləcəyi vurğulanır. Belə ki, zavodda çərçivə emalı və təkər yığımı kimi mürəkkəb proseslərin qurulması planlaşdırılır. Bu isə yaxın illərdə lokalizasiya səviyyəsini 25–30%-ə çatdırmağa imkan verəcək.

İxrac göstəriciləri və coğrafiyası

Azərbaycanın velosiped ixracı, hələ ki, kiçik həcmlərlə məhdudlaşır. Statistikaya əsasən, 2022-ci ildə 144, 2023-cü ildə 197, 2024-cü ildə isə cəmi 135 ədəd velosiped xarici ölkələrə satılıb. İxrac coğrafiyası Böyük Britaniya, Gürcüstan və ABŞ-dir. Gələcəkdə istehsalın genişlənməsi ilə xüsusən təkər və sadə hissələrin qonşu bazarlara - Gürcüstan, Rusiya və Mərkəzi Asiyaya ixracı mümkün ola bilər.

Faiq KƏRİMOĞLU

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?