Yerli texnologiyalar qlobal bazarda: “AvtomatikaAz” Özbəkistan və Qətərə ixraca hazırlaşır MƏQALƏ
Rəqəmsal iqtisadiyyat qlobal biznes mühitini köklü şəkildə dəyişdirərək şirkətlər üçün yeni tələblər formalaşdırır. Ənənəvi şirkətlər üçün rəqəmsallaşma artıq seçim deyil, rəqabət qabiliyyətini qorumağın əsas şərtidir. Texnologiyanın biznes proseslərinə inteqrasiyası səmərəliliyi artırmaqla yanaşı, qərarvermə mexanizmlərini də daha çevik və şəffaf edir. Bəs yerli şirkətlərimiz bu sürətli transformasiyaya nə dərəcədə hazırdır? “AvtomatikaAz” şirkətinin təsisçisi Xalid Səmədov ilə söhbətimizdə məhz bu suala cavab axtarmağa çalışmışıq. O, sənaye istehsalında nəqliyyat xidmətlərindən tutmuş maliyyə şəffaflığına qədər bütün prosesləri rəqəmsal dilə çevirən milli şirkətin hekayəsini “vergiler.az” ilə bölüşüb.
İstehsalatın rəqəmsal arxitekturası
Sənaye istehsalının və biznes proseslərinin avtomatlaşdırılması sahəsində fəaliyyət göstərən “AvtomatikaAz” şirkəti avadanlıqların idarə edilməsindən hazır məhsulun istehsal xəttindən çıxışına qədər olan bütün mərhələləri rəqəmsallaşdırır. Xüsusilə qida, qeyri-qida və tikinti sektorlarında yüksək aktivlik nümayiş etdirən müəssisə dövlət qurumları üçün zəruri olan məlumatların rəqəmsal formata keçirilməsi istiqamətində də uğurlu layihələrə imza atır.
Xammaldan hazır məhsula: anlıq rəqəmsal monitorinq
Şirkətin təqdim etdiyi həllər insan amilini minimuma endirərək nəqliyyat və istehsal proseslərini tam avtomatlaşdırır. Məsələn, nəqliyyat vasitəsi yola çıxdığı anda sistem avtomatik olaraq yol-nəqliyyat qaiməsini tərtib edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bazasına inteqrasiya edir. Bu proses tamamilə rəqəmsal alqoritmlər üzərindən həyata keçirilir. Eyni zamanda, xammalın hasilatından son satışına qədər olan zəncirvari izləmə sistemi tətbiq olunur. Daş karxanalarından çıxan məhsulun çəkisi təyin edildiyi anda elektron qaimə-faktura formalaşdırılır, xammalın istehsal müəssisəsinə daxil olması və orada hazır məhsula çevrilməsi prosesi isə anlıq monitorinq edilir. Sistem hər bir komponentin miqdarını, məhsulun maya dəyərini, anbar idarəetməsini və barkodlaşdırma prosesini rəqəmsal olaraq qeydə alır. Beləliklə, istehsalın hər bir mərhələsini izləməyə imkan verən kompleks rəqəmsal sistemlər həm quraşdırılır, həm də yerli imkanlarla istehsal edilir.
ERP inqilabı: maliyyə şəffaflığından bank əlçatanlığına...
Bütün əmək fəaliyyətini ERP (Müəssisə Resurslarının Planlaşdırılması) sistemi üzərindən avtomatlaşdıran şirkət bu texnologiyanın ölkə miqyasında yayılmasını iqtisadiyyatın inkişafı üçün strateji addım hesab edir. X.Səmədov düşünür ki, ERP sistemlərinin tətbiqi maliyyə hesabatlılığında şəffaflığı təmin etməklə yanaşı, vergi yükünün optimallaşdırılmasına, maliyyə resurslarına əlçatanlığın asanlaşmasına birbaşa xidmət edir. Şirkətin rəqəmsal ekosistemdəki varlığını tam sübuta yetirən bu sistem, həmçinin, bank-kredit prosedurları zamanı da prosesləri sürətləndirir. Belə ki, ERP məlumatlarının banklarla paylaşılması kredit müraciətlərinin qiymətləndirilməsini daha effektiv və operativ hala gətirir.
Texnoloji ixracın yeni ünvanları: Özbəkistan və Qətər
Hazırda ölkə daxilində fəaliyyətə fokuslanan şirkət yaxın gələcəkdə beynəlxalq bazarlara çıxış üçün aktiv hazırlıq mərhələsindədir. Xarici bazarlarda rəsmi satışların təşkili məqsədilə vasitəçi tərəfdaşlarla intensiv danışıqlar davam etdirilir. Artıq Özbəkistanda rəsmi nümayəndəliyini quran “AvtomatikaAz” Mərkəzi Asiya bazarında möhkəmlənməyi hədəfləyir. Bundan əlavə, Körfəz ölkələri regionuna çıxış strategiyası çərçivəsində Qətərdə keçirilən görüşlər həlledici mərhələyə qədəm qoyub. Yaxın aylarda hər iki istiqamətdə innovativ rəqəmsal həllərin satışına start veriləcək ki, bu da yerli texnoloji məhsulun ixrac coğrafiyasının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Sözsüz ki, bu addım təkcə bir şirkətin böyüməsi deyil, Azərbaycanın qeyri-neft sektorunun, xüsusilə yüksək texnologiyalar sahəsindəki ixrac potensialının nümayişidir. Yerli mühəndislik həllərinin beynəlxalq arenada rəqabətədavamlılığı “Made in Azerbaijan” brendinin intellektual məhsul kimi tanınmasına da xidmət edir.
Faiq KƏRİMOĞLU
