"Made in Azerbaijan": Sloveniya və Polşa Xocalıda istehsal edilən məhsulları gözləyir MƏQALƏ
Qarabağın sənaye xəritəsi günü-gündən genişlənməkdədir. Bir vaxtlar sükuta qərq olan Xocalı küçələrində indi, sözün əsl mənasında, quruculuq və istehsal səsləri ucalır. Rayonda fəaliyyət göstərən “Accurate Az” MMC-nin mebel istehsalı müəssisəsi regionun daxili tələbatını ödəməklə yanaşı, gələcəkdə ixrac potensialı ilə də diqqət çəkir. Zavodun məhsulları dünya bazarında “'Made in Azerbaijan” brendi ilə öz mövqeyini tutacaq.
6 hektarlıq ərazi, 4 istiqamətli istehsal
Ümumilikdə 6 hektar ərazini əhatə edən geniş istehsal infrastrukturuna malik müəssisədə fəaliyyət göstərən 7 ixtisaslaşmış sexdə 4 əsas istiqamət üzrə — plastik, dəmir, süngər və taxta emalı əsasında istehsal prosesi həyata keçirilir. Ofis mebelləri və mebel aksesuarlarının istehsalına fokuslanan müəssisə illik 250 min kreslo və 4 milyona yaxın aksesuar istehsal etmək gücündədir.
Xocalıdan Avropa və MDB bazarlarına doğru...
Müəssisənin fəaliyyət strategiyası əsasən ixrac üzərində qurulub. “Accurate Az” MMC-nin təsisçisi İlkin Abuşov bildirib ki, istehsal olunan məhsulların 60%-i xarici bazarlara, 40%-i isə daxili tələbatın ödənilməsinə yönəldiləcək. Artıq Sloveniya və Polşa bazarları Xocalı istehsalı olan məhsulları qəbul etməyə hazırdır. Bununla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstanla da müvafiq müqavilələr imzalanıb. Müəssisə rəhbəri MDB məkanı ilə yanaşı, Avropa bazarlarını da dərindən araşdırdıqlarını və ixrac coğrafiyasını Qərbə doğru genişləndirməyi hədəflədiklərini vurğulayıb.
Yerli sakinlər üçün yeni iş yerləri
Yaxın 2-3 ay ərzində tam gücüylə işləyəcək müəssisə xaricdən olan sifarişlərlə bərabər, daxildən də sifarişlər alıb. Hazırda 80-ə yaxın vətəndaşın işə cəlb olunduğu fabrikdə gələcəkdə 450-ə yaxın şəxsin məşğulluğunun təmin edilməsi nəzərdən keçirilir. İ.Abuşov əsasən Xocalı sakinlərinin işlə təmin edilməsinin priroritet olduğunu bildirib və hazırkı işçi heyətinin böyük əksəriyyətini məhz Ballıca kəndinin sakinlərinin təşkil etdiyini diqqətə çatdırıb.
Yerli xammal və 20 milyon manatlıq investisiya
Hazırda məhsulların yüksək keyfiyyətlə istehsalı üçün xammal Almaniya, Çin, Rusiya, Qazaxıstan və Belarusdan alınsa da, yerli xammala keçid prioritet istiqamət kimi seçilib. Belə ki, Azərbaycanda filiz zavodu fəaliyyətə başlayandan sonra şirkət dəmiri oradan alacaq. Bundan əlavə, yerli STP şirkəti ilə plastik məhsullara olan tələbatın qarşılanması üçün danışıqlar gedir. Taxta məhsullar isə bu mərhələdə, hələ ki, Rusiya və Belarusdan tədarük ediləcək.
İsveçrə, Almaniya, İtaliya, Türkiyə, Çin və Yaponiyanın qabaqcıl texnologiya və avadanlıqları ilə təchiz olunan müəssisənin təsisçisi onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün tətbiq olunan güzəşt və stimullardan yararlanırlar. Müəssisənin investisiya dəyəri 20 milyon manata bərabərdir ki, bunun da 7 milyon manatı İqtisadiyyat Nazirliyinin tabeliyində Biznesin İnkişafı Fondu tərəfindən verilən güzəştli kredit hesabına təmin edilib.
Faiq KƏRİMOĞLU
