Azərbaycanın metal qablaşdırma bazarı: idxal-ixrac göstəriciləri və yeni tərəfdaşlar MƏQALƏ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə həyata keçirilən daxili bazar araşdırmalarından biri də tikinti və qida məhsullarının qablaşdırılmasında istifadə olunan dəmir qutuların istehsalı sahəsidir. Araşdırma bu sahə üzrə Azərbaycan bazarındakı ümumi mənzərəni ortaya çıxarmaq məqsədilə həyata keçirilib. Qeyd edək ki, sözügedən məhsulların istehsalı üzrə ayrıca statistik baza mövcud olmadığı üçün bazar həcminin dəqiq hesablanması mümkün olmayıb. Bu səbəbdən, bazarın ölçüsü idxal-ixrac göstəriciləri və sorğu nəticələri əsasında qiymətləndilrilib.
“vergiler.az” bazar araşdırmasında yer alan məlumatlar əsasında istehsalın ümumi vəziyyəti və yatırılan investisiyalar, idxal-ixrac üzrə önəmli rəqəmləri diqqətə çatdırır.
İstehsalda sabit artım və ani bərpa
2020–2024-cü illəri əhatə edən statistik göstəricilərə əsasən, ölkədə hazır metal məmulatlarının istehsalı, 2023-cü il istisna olmaqla, artan dinamika ilə inkişaf edib. Hesabatı aparılan 5 il ərzində sektorda ümumilikdə 62,1% artım qeydə alınıb. Belə ki, 2020-ci ildə 265,2 milyon manata bərabər olan istehsal həcmi 2024-cü ildə 429,9 milyon manata çatıb.
İstehsala yönəlmiş investisiyalar
Bazar araşdırmasında yer alan təhlilin aparıldığı dövrdə hazır metal məmulatları sənayesində investisiya fəaliyyəti dəyişkən olub. Belə ki, 2020-ci ildə 55.2 milyon manat təşkil edən investisiya portfeli 2021-ci ildə pandemiyanın yaratdığı qlobal qeyri-müəyyənlik, logistik baryerlər və iqtisadi məhdudiyyətlər fonunda 94% azalaraq 3.3 milyon manata düşüb. Lakin post-pandemiya dövründə, yəni 2021-ci ildən sonra sektorda bərpa tendensiyası müşahidə olunub. 2024-cü ildə investisiya həcmi 2021-ci ilə nisbətən 10 dəfə artsa da, 2020-ci il səviyyəsindən 38% aşağı olub.
Diqqətçəkən əsas məqam isə maliyyələşmə strukturudur. İnvestisiya qoyuluşları tamamilə daxili resurslar, yəni bank kreditləri, dövlət dəstəyi və müəssisələrin öz vəsaitləri hesabına formalaşıb. Bazar araşdırmasında xarici kapitalın iştirak etməməsinin səbəbləri də açıqlanıb. Üzərində durulan variantlardan biri beynəlxalq investorların məlumatlılıq səviyyəsinin aşağı düşməsi və onlar üçün bu sahənin çox da cəlbedici olmamasıdır. İstehsal həcminin 62,1% artması, bazar iştirakçılarının sayının çoxalması və özəl sektorun dominant mövqeyi biznes mühitinin genişlənməsini təsdiqləyən fundamental göstəricilərdəndir. Lakin investisiya axınındakı volatillik və xarici kapitalın faktiki yoxluğu onu deməyə əsas verir ki, sektorun inkişafı hələlik yalnız daxili resursların gücünə əsaslanır.
Araşdırmada qeyd edilir ki, maliyyələşmənin yalnız daxili mənbələrə əsaslanması gələcəkdə sektorun texnoloji modernizasiyası və uzunmüddətli dayanıqlığı qarşısında risk amili kimi çıxış edə bilər.
İxrac dinamikası və məhsul strukturunun təhlili
Araşdırması aparılan üçillik dövrdə dəmir qutuların ixrac statistikasında kəskin dalğalanmalar müşahidə olunur. 2022-ci ildə ümumi ixrac həcmi 46,19 ton olduğu halda, 2023-cü ildə bu göstərici kəskin artaraq 142,49 tona çatıb ki, bu da dəyər ifadəsində 302% artım deməkdir. Lakin 2024-cü ildə ixracın həcmi 63,92 tona geriləyib və 2023-cü illə müqayisədə dəyər ifadəsində 44,5% azalma qeydə alınıb.
Məhsul strukturuna gəldikdə, tutumu 50 litrdən az olan konserv bankaları hər üç il ərzində ixracda dominant paya malik olub. Fiziki çəki baxımından bu məhsul növünün payı 2022-2024-cü illər ərzində, müvafiq olaraq, 93,5%, 94,5% və 93,9% təşkil edib. Dəyər ifadəsində isə bu məhsulun payı ardıcıl olaraq 90%-dən yüksək olub və 2024-cü ildə rekord həddə – 98%-ə çatıb.
Metal qablaşdırmaya tələbat artıb
Metal qablaşdırma məhsullarının idxal həcmi yüksələn xətlə inkişaf edir. 2022-ci ildə 1.785,9 ton olan göstərici 2024-cü ildə 3.453,91 tona çataraq, ümumi miqdarda 93,4% artım nümayiş etdirib. İdxalın genişlənməsi prosesi 2023-2024-cü illərdə də davam edib və həcm olaraq bu dövrdə 11% artım qeydə alınıb.
2022-ci ildə dəmir qutuların tədarük coğrafiyasında əsas pay sahibləri Türkiyə, Rusiya, Ukrayna və Çin olub. Həmin dövrdə nisbətən aşağı həcmdə reallaşan xarici satışlar isə məhdud sayda ölkəyə, əsasən də Rusiya bazarına yönəldilib.
2023-cü ildə təchizat mənbələrində struktur dəyişikliyi baş verib, Türkiyənin Rusiyanı geridə qoyaraq lider mövqeyə yüksəlməsi ilə yanaşı, Belarus və Almaniya əsas tərəfdaşlar sırasına qoşulub. Satış istiqaməti isə dəyişərək Qazaxıstana fokuslanıb. 2024-cü ilə gəldikdə, Türkiyə əsas təminatçı statusunu qoruyub saxlayıb, ixrac əməliyyatlarında isə əsas hədəf bazarı Özbəkistan olub.
Tikinti və qida məhsulları üçün nəzərdə tutulan dəmir qutuların idxal-ixrac statistikasının təhlili maraqlı mənzərəni ortaya qoyur. 2022-2024-cü illərdə idxalın 4-5 əsas ölkə arasında paylanması bazarın kifayət qədər diversifikasiya olunduğunu göstərir. Türkiyə və Rusiya əsas təchizatçılar olsa da, Belarus və digər ölkələrin də bazarda rolu böyümə istiqamətindədir. Sözsüz ki, bu alternativlər bir mənbədən asılılığı azaldır.
İxrac bazarında isə vəziyyət bir qədər fərqlidir və çeşidlilik aşağıdır. Daxili bazar araşdırmasında bu, riskli hal kimi qiymətləndirilir, çünki bir bazardan asılı olmaq gələcəkdə yarana biləcək maneələr və ya tələb dəyişiklikləri zamanı ixracatçı üçün ciddi problemləri qaçılmaz edir.
Yerli istehsalçılar üçün real imkanlar: vergidən azadolma, kredit və qrantlar
Dövlət tərəfindən birbaşa dəmir qutu istehsalı üçün xüsusi proqram mövcud olmasa da, tikinti və qida sənayesi üzrə qablaşdırma məhsulları hazırlayan sahibkarlar qeyri-neft sektoru üçün nəzərdə tutulan geniş təşviq mexanizmlərindən tam həcmdə yararlana bilərlər. Bu imkanlara sənaye parklarının rezidenti kimi qeydiyyatdan keçərək 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən və avadanlıq idxalında ƏDV ilə rüsumlardan azad olunmaq daxildir. Alternativ olaraq, “İnvestisiya təşviqi sənədi” əldə edən istehsalçılar 7 il ərzində mənfəət və gəlir vergisinin 50 faizindən, digər əmlak vergilərindən və idxal rüsumlarından azad olunublar. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün 90 faizədək dövlət zəmanətli güzəştli kreditlər, kommunal xərclərə 20 faiz “kəşbək”, sosial sığorta subsidiyaları və digər buna bənzər unikal güzəştlər tətbiq edilir. Bununla yanaşı, aidiyyəti üzrə qurumlar tərəfindən təklif olunan aşağı faizli kreditlər, qrant layihələri, bazar araşdırmalarının maliyyələşdirilməsi, pulsuz biznes təlimləri və “Made in Azerbaijan” brendi altında beynəlxalq sərgilərdə iştirak dəstəyi də bu sahənin inkişafına birbaşa xidmət edir.
Faiq KƏRİMOĞLU
